Bakı, 25 iyul, AZƏRTAC
Stiven Kinqin 1999-cu ildə yazdığı “Tom Qordonu sevən qız” romanı əsasında çəkiləcək “Uzun yol” filmi bu ilin payızında kinoteatrlarda nümayiş etdiriləcək. ”Lionsgate” şirkəti filmin ekranlaşdırılması hüquqlarını əldə edib.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, şirkət ssenarinin yazılması və rejissorluq üçün “Qəribə sevgilim” kinolentinin rejissoru və “Uzun yol” filminin ssenaristi C.T.Mollneri cəlb edib. Roy Li filmin prodüseri olacaq.
Roman meşədə yolunu azdıqdan sonra sağ qalmağa çalışan Trişa adlı doqquz yaşlı qızın sağ qalması haqqında acı hekayəni nəql edir. Qızın yeganə yoldaşı radio-pleyerdir; onun vasitəsilə beysbol oyunlarının yayımlarına qulaq asır. Onun pitçer Tom Qordona olan məhəbbəti həyatını xilas edə biləcək hallüsinasiyalarda özünü göstərməyə başlayır.
“Cey Ti parlaq gələcəyi olduğunu düşündüyümüz bir rejissordur. O, bütün işlərində o qədər cəlbedici, təsiredici və emosional olan personajlar, xüsusən də gənclərin obrazını yaradır ki, onlar sözün əsl mənasında ekrandan həyatdakı kimi canlı görünürlər. Əlbəttə ki, Stiven Kinq kitablarının səhifələrində də bunu edir. “Tom Qordonu sevən qız”da sağ qalma və mətanət hekayəsinin zaman çərçivəsi yoxdur. Biz bu hekayəni çoxdan sevirik və Mollner Kinq pərəstişkarlarının bu sevimli əsərinə quruluş vermək üçün mükəmməl seçimdir”, - deyə “Lionsgate Motion Picture Group”un prezidenti Erin Vesterman bildirib.