Azərbaycanın ən çox ziyarət edilən turizm istiqamətlərindən biri olan Şəki zəngin təbiəti, tarixi irsi və mədəniyyət nümunələri ilə həm yerli, həm də xarici turistlərin diqqətini cəlb edir. Qədim ipək yolu üzərində yerləşən bu bölgə özünün unikal memarlıq nümunələri, füsunkar təbiəti və milli adət-ənənələri ilə ölkənin turizm xəritəsində mühüm yer tutur.
Valyuta.az sizə Şəkinin gəzməli yerlərini təqdim edir.
Şəki Xan Sarayı
Şəki deyiləndə ilk ağla gələn məkanlardan biri də Şəki Xan sarayıdır. Şəkiyə yolunuz düşsə, mütləq Şəki xan sarayına baş çəkməlisiniz. XVIII əsrdə tikilmiş bu tarixi bina unikal memarlığı və rəngli şəbəkə pəncərələri ilə sizi heyran edəcək. Sarayın içərisindəki divar rəsmləri və incə naxışlar hər kəsin diqqətini çəkir. Burada həm fotoqrafiya üçün gözəl kadrlar tapa, həm də Azərbaycanın zəngin tarixinə toxuna bilərsiniz.
Şəki Şam Bağı
Şəki şəhərinin mərkəzinə yaxın ərazidə yerləşən Şam bağı sakitlik axtaran turistlər üçün ideal məkandır. Qədim şam ağacları ilə əhatələnmiş bu yaşıllıq zonası təmiz hava, kölgəli yollar və rahat istirahət imkanları ilə seçilir. Burada yerli sakinlərlə yanaşı, Şəkiyə səfər edən qonaqlar da gəzinti edir, şəkil çəkdirir və şəhərin sakit ritmini hiss edirlər. Bağın ərazisində uşaqlar üçün əyləncə guşələri və oturacaqlar da var, bu da ailəvi istirahət üçün onu daha da cəlbedici edir. Yolunuz Şəkiyə düşsə, bir fincan çayla bu bağda dincəlmək gününüzü gözəlləşdirəcək.
Kiş Alban Məbədi
Şəkinin Kiş kəndinə yolunuz düşsə, Kiş Alban məbədinə baş çəkməyi unutmayın. Qədim Qafqaz Albaniyasına aid olan bu məbəd həm tarixi, həm də mistik aurası ilə adamı valeh edir. Daş divarları, sakitliyi və əsrlərin izini daşıyan ab-havası ilə burda zaman sanki dayanır. Burada gəzərkən təkcə bir məbədi yox, min illik bir tarixi hiss edirsiniz. Həm şəkil üçün gözəl fon, həm də ruhunuzu dinləndirəcək bir məkandır.
Şəki Parkı
Şəki parkı şəhərin mərkəzində yerləşən, həm yerli sakinlərin, həm də turistlərin sevdiyi istirahət məkanlarından biridir. Geniş yaşıllıq sahələri, təmiz hava və sakit atmosfer burada gəzinti və dincəlmək üçün ideal şərait yaradır. Parkda ailəvi istirahət üçün oturacaqlar, uşaq oyun meydançaları və gəzinti yolları mövcuddur. Axşam saatlarında park daha da canlanır və şəhərin gündəlik ritmindən uzaqlaşmaq istəyənlər üçün rahat məkana çevrilir.
Yuxarı Karvansaray
Tarix və mədəniyyət baxımından zəngin olan Şəki şəhəri qədim ipək yolu üzərində yerləşməsi ilə həmişə seçilib. Bu tarixi irsin canlı nümunələrindən biri də Yuxarı Karvansaraydır. XVIII əsrdə tikilmiş bu möhtəşəm tikili vaxtilə müxtəlif ölkələrdən gələn tacirlər üçün dayanacaq yeri olub. Karvansarayın daş divarları, iri həyəti və simmetrik quruluşu o dövrün ticarət və memarlıq ənənələrini bu günə qədər yaşadır.
Hazırda bu tarixi bina turistlər üçün açıqdır və ziyarətçilərə həm fotoqrafiya, həm də mədəni araşdırma baxımından zəngin təcrübə təqdim edir.
Sərvanə Rəmixanova