Polis əməkdaşları tərəfindən Lənkəran və Astaranın turizm zonalarında profilaktik tədbirlər həyata keçirilir.
“Qafqazinfo” xəbər verir ki, yay turizm mövsümü ilə əlaqədar olaraq vətəndaşların istirahət zonalarına axını nəzərə alınaraq çimərlik və istirahət mərkəzlərində sərbəst və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirilir.
Əraziləri çirkləndirməmək və təhlükəsizlik qaydalarına riayət etmələrinin vacibliyi barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılır. Həmçinin, istirahətə gələn vətəndaşlara çimərliklərdə insanların sıx olduğu yerlərdə müxtəlif növ nəqliyyat vasitələri idarə etmələrinin yolverilməz olduğu, bu halların digər şəxslərin həyatı üçün təhlükə yaratdığı izah olunub.
Bakıda da sahilboyu ərazilərdə profilaktik tədbirlər keçirilir.
Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.
Paytaxtın Xəzər, Qaradağ, Xətai rayonlarında və Sumqayıt şəhərində sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması halları aşkar edilib. Məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə ümumilikdə 14 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbirlər görülüb.
Xəzər rayonu ərazisində isə bir nəfər tərəfindən sahilboyu mühafizə zolağında qanunsuz tikinti işlərinin aparılması aşkar olunub və həmin şəxs barəsində inzibati tədbir görülüb.
Ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

