“TASS İnformasiya Agentliyindən ayrılmağımla bağlı indi geniş danışmaq istəmirəm”.
Bunu Teleqraf-a açıqlamasında iyulun 24-də Rusiyanın dövlət informasiya agentliyi olan TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad olunan tanınmış jurnalist Mixail Qusman deyib.
O söyləyib ki, bir həftəyə məsələ ilə əlaqədar ictimaiyyətə geniş açıqlama verəcək.
Teleqraf-ın təkidlərinə baxmayaraq, Mixail Qusman sualları cavablandırmaqdan imtina edib:
“Mən hazırda hava limanına tələsirəm”, - o bildirib. Lakin tanınmış jurnalist haraya səyahət etdiyini açıqlamaq istəməyib.
Qeyd edək ki, iyulun 24-də Rusiyanın Baş naziri Mixail Mişustin Mixail Qusmanın vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Xatırladaq ki, M.Qusman 1950-ci ildə Bakıda anadan olub. O, 1999-cu ilin oktyabrında Rusiyanın dövlət informasiya agentliyi olan TASS-ın (1 oktyabr 2014-cü ilədək İTAR-TASS) baş direktorunun birinci müavini təyin edilmişdi.