Ötən gün “Varajdin”lə müqaviləyə imza atmış azərbaycanlı futbolçu Rüfət Abdullazadə Xorvatiya klubuna keçidini şərh edib.
Arena.az xəbər verir ki, o, AZƏRTAC-a açıqlamasında bunları söyləyib:
“Varajdin”ə transferim mənim üçün vacib bir qərar oldu. Legioner həyatı yaşayacağım üçün xoşbəxtəm. Klubda ilk gündən çox isti qarşılandım və həm rəhbərlik, həm də komanda yoldaşlarım tərəfindən böyük dəstək gördüm. Məşqlər çox intensiv keçir. Temp yüksək səviyyədədir. Bu da məndən tam gücümü ortaya qoymağı tələb edir. Hazırda fərdi məşq proqramı ilə çalışıram və yaxın 1 ay ərzində komandanın tempinə tam uyğunlaşacağımı düşünürəm. Rəhbərlik çox açıq və futbolçularla daim əlaqədədir, bu da uyğunlaşmanı asanlaşdırır. Sağ cinahda oynamağım planlaşdırılır, amma mövqeyim məşqçilərin qərarına uyğun olaraq dəyişə bilər. Şəhər kiçik, amma çox mehribandır. Bu sakitlik və rahatlıq mənim tam şəkildə futbola fokuslanmağım üçün idealdır. Əsas məqsədim komandaya faydalı olmaq, sabit çıxış etmək və hər oyunda özümü daha da yaxşı göstərməkdir”.
Xatırladaq ki, Rüfət Abdullazadə Xorvatiya klubuna “Səbail”dən keçib. O, “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb. Bir neçə Türkiyə klubu ilə danışıq aparan Rüfət Xorvatiya təmsilçisini daha yaxşı perspektiv ümidi ilə seçib.
Rüfət Abdullazadə “Sumqayıt” yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi və anlaşması gələn yay başa çatacaqdı. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.