RU

Dünyanın diqqəti Zəngəzur dəhlizinə fokuslanır...


Zəngəzur dəhlizi ilə bağlı baş verən proseslərin artıq qlobal xarakter daşıdığı özünü qabarıq şəkildə büruzə verir. Təsadüfi deyil ki, artıq bu məsələ son günlərdə dünya gündəmində daha çox yer almağa başlayıb.

Bu fonda İspaniyanın “Periodista Digital” nəşri İrəvan və ABŞ arasında “gizli memorandum”un məzmununa istinadən məlumat yayıb ki, Ermənistan hökuməti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək üçün nəzərdə tutulan Zəngəzur dəhlizinə nəzarəti ABŞ-a verməyə razılaşıb.

Məlumata görə, sənəd Ermənistanın Zəngəzur rayonu ərazisindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 kilometr uzunluğunda nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur: “Bu marşruta müvəqqəti “Tramp körpüsü” adı verilib. Nəqliyyat dəhlizi özəl Amerika şirkəti tərəfindən idarə olunacaq. Marşrutdan istifadədən İrəvan gəlirin cəmi 30%-ni alacaq”. Nəşr iddia edib ki, memorandum artıq Ermənistan, Azərbaycan və ABŞ tərəfindən təsdiqlənib: “Memorandumda həmçinin Ermənistan ərazisinə ABŞ-ın əhəmiyyətli qüvvələrinin yerləşdirilməsi də nəzərdə tutulub. Lakin söhbət nizami ordudan yox, 1000-ə yaxın döyüşçüdən ibarət özəl hərbi şirkətdən gedir. Bu qüvvələr dəhlizin təhlükəsizliyini təmin edəcək”. “Periodista Digital” qeyd edir ki, bu layihə İran üçün də ciddi narahatlıq doğura bilər. Çünki dəhlizin reallaşması ABŞ-ı birbaşa İran sərhədlərinə yaxınlaşdıracaq və bu, regionda gərginliyi daha da artıracaq. Düzdür, Ermənistan hökuməti “Periodista Digital” saytında Cənubi Qafqazda kommunikasiyaların blokdan çıxarılması ilə bağlı dərci təkzib edib. Hökumət həmçinin bu xəbəri “manipulyativ təbliğatın təzahürü” adlandırıb: “Bu dezinformasiya materialı dəfələrlə saxta şəxslərdən istifadə etməkdə və manipulyativ və əsassız materiallar yaymaqda tənqid edilən şübhəli mənşəli “Periodista Digital” saytında dərc edilib”. Amma elə Ermənistanda bəzi qüvvələr iddia edir ki, bu təkzibə baxmayaraq, dəhlizin açılması istiqamətində işlər intensivləşib və prosesdə ABŞ-ın iştirakı öz sözünü deyir. “Daşnaksütyun” təşkilatının nümayəndəsi, Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı İşxan Sağatelyan qeyd edir ki, Nikol Paşinyan nəhayət, Erməni Apostol Kilsəsinə, milli xeyriyyəçilərə, “Daşnaksüty”a və digər müxalifətçilərə qarşı son yeni repressiyaların əsl səbəbini açıqlayıb. Onun sözlərinə görə, bu təzyiqlər sırf daxili siyasi hesablamalar deyil, Türkiyə və Azərbaycanla əldə olunan yeni razılaşmalarla bağlıdır:

“Bu diktatura davranışının dərinliklərində başqa bir güzəşt, bu dəfə Sünik dəhlizi şəklində gizlənib. Paşinyan Zəngəzur vasitəsilə Azərbaycana dəhliz verməyə razı olduğunu faktiki olaraq təsdiqlədi, indiyə qədər bunu inkar edirdilər. Ermənistanın suverenliyinin və yurisdiksiyasının məhdudlaşdırılacağı dəhliz. Ərdoğanın qeyd etdiyi daha çevik yanaşmanın məzmunu budur”. Erməni deputat bildirib ki, bu, Makron və Qərbin təşviq etdiyi daha cəsarətli addımların bəhrəsidir. Ermənistan Respublikaçılar Partiyası Gənclər Komitəsinin rəhbəri Henrix Danielyan isə bildirir ki, Paşinyan geosiyasi əhəmiyyət daşıyan Zəngəzurdan keçəcək yol ilə, məsələn, “Veolia Cur” və ya “HayPost”un idarəetməyə verilməsini eyni səviyyədə müqayisə etməyə çalışır: “Nikol Paşinyan müqayisəolunmaz şeyləri, “Veolia Cur”u və ya Cənubi Qafqaz Dəmir Yollarını müqayisə edir. Bunlar texniki xidmət sahələridir. Zəngəzur bizim onurğamızdır və bütövlükdə regionda geosiyasi dəyişiklik yarada biləcək ərazidir. Bu yol xəritəsində əsas sual budur: Zəngəzur yollarının açarı kimdə olacaq?”.

Ermənistanın “Qraparak” nəşri dəbu mövzuya toxunub. Nəşr qeyd edir ki, Paşinyanın Aparatının yaydığı məlumatda bildirilir ki, o, Rusiya Federasiyasının Altay Respublikasında Təbiətin və ətraf mühitin qorunmasına həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək: “Başqa təfərrüat verilmir. Paşinyanın Moskvaya son səfəri mayın 8-də olub. O zaman Böyük Vətən Müharibəsində Qələbəyə həsr olunmuş tədbirlərdə iştirak etmişdi. Ermənistan-Rusiya münasibətləri uzun müddətdir gərgindir. Hakim komanda daxilində şübhələr var ki, yəqin ki, dəhliz məsələsi ilə bağlı pərdəarxası müzakirələr olacaq. Görünür, tərəflər ABŞ-ın təklifini qəbul ediblər”. Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan da bu mövqeni bölüşür: “Hər şeydən aydındır ki, Paşinyan Zəngəzur dəhlizi layihəsinə razılıq verib. Bu layihə faktiki olaraq Zəngəzur vilayətindən keçən və Ermənistan ərazisinin suveren nəzarətinin xarici gücə verilməsini nəzərdə tutan təşəbbüsdür. Bu, xırda məsələ deyil, ciddi strateji və siyasi güzəşt, Ermənistanın ərazi bütövlüyünə birbaşa zərbə və onsuz da kövrək dövlətimizin bünövrəsində daha bir çatdır”. Oskanyan bildirib ki, Paşinyan, görünür, bu son dərəcə problemlə dolu razılaşmaya Avropanın dəstəyini almaq məqsədilə Brüsselə və Parisə yollanıb: “Lakin heç bir Qərb təbəssümü və ya səhnələşdirilmiş foto bu təşəbbüsün mahiyyətini dəyişə bilməz. Mahiyyət etibarilə bu, Ermənistanın uzunmüddətli suverenliyi və milli təhlükəsizliyi üçün fəlakətdir. Paşinyanın bu təşəbbüsü bölgədə sülhə sadiqlik və ya uzaqgörən vizyonla deyil, daha çox şəxsi və siyasi motivlərlə bağlıdır”. Belə bir vaxtda Zəngəzur dəhlizi ilə bağlı Türkiyə artıq hərəkətə keçib. Diqqət mərkəzində isə Naxçıvanla quru əlaqə yaradılması perspektivinə əsaslanaraq, Türkiyənin nəqliyyat sistemini Naxçıvanla birləşdirəcək dəmir yolu üçün ayrılmış çoxmilyardlıq beynəlxalq kreditdir. Açıqlanan məlumatlara əsasən, Türkiyə Yaponiyanın MUFG Bank-ının rəhbərlik etdiyi kreditorlar konsorsiumundan 2,4 milyard avro məbləğində kredit alıb. Bu müqavilənin özəlliyi yalnız məbləğində deyil, həm də onun siyasi-iqtisadi strukturundadır: kreditə zəmanət verən qurumlar arasında İsveçin EKN ixrac agentliyi, Avstriyanın OeKB bankı və Ciddə mərkəzli İslam İnkişaf Bankının tərkibinə daxil olan ICIEC sığorta korporasiyası yer alır. Başqa sözlə, layihəyə Tokio, Stokholm, Vyana, Ciddə və London kimi bir neçə maliyyə paytaxtı cəlb olunub. İnvestisiyaların məqsədi Kars - Iğdır - Aralık - Dilucu marşrutu üzrə dəmir yolunun tikintisidir. Bu nöqtədən Azərbaycan sərhədinə məsafə olduqca azdır. Dəmir yolu layihəsi üçün ayrılmış kredit - Zəngəzur dəhlizinin reallığa çevriləcəyi ssenariyə verilmiş bir avansdır. Yeni tranzit marşrutunun - Zəngəzur dəhlizinin Türkiyənin fəal iştirakı və ABŞ-in strateji himayəsi ilə reallaşması artıq qaçılmaz proses hesab olunur.

Samirə SƏFƏROVA

Избранный
123
50
baki-xeber.com

10Источники