RU

Sevdiyim şair -- Məstan Günər... -- Fuad Biləsuvarlı yazır



Məstan Günər - 90

Poeziya dünyasına dərin tanışlıqdan sonra, qəlbimə iz salan, misralarını ilhamla oxuduğum şairlərdən biri Məstan Günər oldu. Onun hər bir şeiri — az qala hər misrası — elə bir gücə sahibdir ki, oxuyarkən sanki zaman dayanır, sən hadisələrin içindəsən, iştirakçısan, bəzən isə elə bil o yaşantı bir vaxtlar sənin də başına gəlib. Bu magiya, bu doğmalıq təsadüfi deyil.

Məstan Günər öz poeziyasının mövzularını həyatdan, öz yaşantısından alır. Elə bil misralarını illərlə ürəyində gəzdirdiyi duyğularla bəsləyib, sonra onları sözün incə qələmiylə işığa çıxarıb. Ona görə də onun şeiri oxucunun ruhuna toxunur, yadda qalır, iz qoyur.

Mənə görə, əsl poeziya — əsl şeir — məhz belə yaranır: yaşanmış hissin içindən keçib gəlir, qələmdə deyil, qəlbdə doğur.

Sevdiyim və sənətinə dərin məhəbbət bəslədiyim şair Məstan Günərin yaradıcılığı uzun illərin içindən süzülüb gəlir. Əlimin altında — stolumun üstündə — onun müxtəlif illərdə nəşr olunmuş “Addımlar, addımlar...” kitabı və “Seçilmiş əsərləri”nin birinci və ikinci cildləri var. Bu toplular, sadəcə oxumaq üçün deyil — ruhumu dinləmək üçün, yaddaşıma iz qoymaq üçün yanımda saxladığım misralardır. Təkrar-təkrar, dönə-dönə oxuyuram. Hər dəfə sanki yeni bir duyğu, yeni bir pıçıltı açılır içimdə.

Bu şeirlərdə elə bir təbii axıcılıq, elə bir saf poetik duyum var ki, oxucu olaraq sanki dağların səssizliyində, kəndlərin ab-havasında gəzirsən. Təbiətin gül ovcunda, torpağın qoxusu içində doğulmuş bu şair — Tovuzun Əsrik-Cırdaxan kəndində dünyaya göz açan Məstan Günər — sözün torpaqla, dağla, insanla necə bir bütün olduğunu öz misralarında yaşadır.

Hər gün oxuduğum bu əsərlər bir daha təsdiqləyir ki, onun poeziyasında torpağa, Vətənə olan sevgi, insan ruhunun təbəqələrindən süzülüb gələn ülvi məhəbbət yaşayır. Məstan Günər ürəyini titrədən mövzuya poetik don geyindirə bilir. Misraları oxucunun qəlbinə, ruhuna yol tapır — sanki yaşanmamış xatirələri yaşadır, yaddaşın dərin qatlarını oyadır.

Əlbəttə, mən bu böyük sənətkarın bütün yaradıcılığına qiymət vermək iddiasında deyiləm. Elə bir qüdrətim də yoxdur. Lakin poeziyanın ruhunu duymağa çalışan biri kimi, illərdir zövq aldığım, mənə qəlb rahatlığı verən bu şeirlərə münasibət bildirmək mənim üçün bir ehtiyac, bəlkə də bir vəfa borcudur.

Məstan Günərin torpaq və Vətən mövzusunda yazdığı şeirlər, oxucunun qəlbində elə bir titrək səs yaradır ki, sanki ruhun köklərinə toxunur. Bu misralar — sadəcə söz deyil, yurd sevgisinin səmadan süzülən işığıdır, hər hecası bir yurd nəfəsidir. Onun poeziyasında Vətən yalnız bir coğrafi məkan deyil, insanın mənəvi dayaq nöqtəsi, yaddaşın və ruhun göbək bağıdır.

Misralarda torpaqla bağlar yalnız fiziki deyil — dərin mənəvi köklərlə işlənmiş bir iç bağlılıqdır:

"Hər qarışında göyərməliyik,
Köçəri köçü deyil ki, Vətən..."

Bu iki misra sanki insanın Vətənlə birgə böyüməsini, onun torpağında kök atmasını tələb edir. Şair burada “göyərmək” sözünü fiziki bir böyümə yox, mənəvi var olma, Vətəndə insanlaşma, Vətənlə birgə yaşlanma mənasında istifadə edir. Köçəri həyat yox, qalıcı iz buraxan ömür arzusudur bu misralarda.

Digər misrada isə Vətənlə insan arasında olan üzvi əlaqə elə təsirli obrazla ifadə olunur ki:

"Torpağa dərin lövbər salmışıq,
Mən istəyimdən, sən köklərindən..."

Burada “lövbər” simvolik olaraq vətənə bağlanmağın, ayrılmazlığın obrazıdır. “Mən istəyimdən” — şairin şüurlu seçimini, Vətənə könüllü bağlanmasını göstərir. “Sən köklərindən” isə Vətənin özü ilə, doğmalığı ilə insanı özündə cəmləməsini, onu əzəldən bağlanmış saymasını təmsil edir. Bu, qarşılıqlı sevgi və sədaqətin bir poetik tablosudur.

Məstan Günərin bu cür misraları insanı düşündürür, riqqətə gətirir. Çünki burada Vətənə sevgi təkcə bir hiss deyil — kimlikdir, ruhun daşıyıcısıdır.

Məstan Günər poeziyasını fərqləndirən cəhətlərdən biri onun üslub gözəlliyidir. Bu şeirlərdəki təbiilik oxucuların ürəyinə necə deyərlər, yağ kimi yayılır.
Hansı dahisə çox gözəl deyib: ürəkdən yazmasan, ürəklərə təsir edə bilməzsən...
Saf məhəbbət, sevgi ruhu Məstan Günər poeziyasından qırmızı xətlə keçir. Bu şeirlərdə şair nə qədər səmimi, sadə və təbiidir.

-- Bircə kipriyini qoyub kənara,
Tək onun başına dolanmaq olar.

Deyirlər, dünyanı gözəllik xilas edəcək. Poeziyamızda da gözəlliyin vəsfi, gözəllərin işvə-nazı, gənclərin ürəyinə od salmağı həmişə öncül mövzulardan olub. Eləcə Məstan Günərin də yaradıcılığında.

Könül qırdı, kefsizlədi,
Məstan, gözəllər belədi.
Uzaqlaşdı, əl elədi,
Xətrimə dəyməsin deyə...

Başqa bir şeirində isə şair belə deyir:

-- Bəxtə çox inanma, gözəllər özü,
Kimin qarşısına çıxmağı bilir.

Şairin qələmə aldığı məhəbbət şeirləri çoxdur. Onların hər birində incə şair rübabının telləri duyulur.

Yoluna çıxarsan onun son kərə,
Deyərsən su içək, sənəyi endir.
Su verər, bu dəfə tökərsən yerə,
Dodağı qaçdımı, bil ki, sənindir...

Məstan Günər poeziyasının vurğunları onun "Tərlan"şeirini yaxşı xatırlayırlar. Orta məktəb illərinin ürəyi minbir arzu ilə aşıb-daşan yeniyetmə gənclərinin arzu və istəkləri necə təbii, kövrək və incə hisslərlə qələmə alınıb. Qonşu kənd məktəbinə gedən və siniflərindəki yeganə qıza -- Tərlana ürəklərində bəslədikləri sevgini bir-birindən gizlədən oğlanların uzun çəkən narahat günlərinə nəhayət ki, bir gün son qoyulur. Görürlər ki, Tərlan qar basmış yolda sinif yoldaşları Niyazın açdığı izlərlə gedir. Deməli... Xoşbəxtlik quşu Niyazın başına qonub. Və o gündən gözəllər -gözəli Tərlan o biri sinif yoldaşlarının gözündə adicə bir qıza çevrilir.

- Çətindir sevilmək ürəyə girmək,
Hardasa Niyazdan biz naşı olduq.
Yalan danışırdıq lap dünənəcən,
Bu gündən Tərlanın qardaşı olduq.

Şeir təsirli bir sonluqla bitir. "Tərlan müsibətindən" qurtaran gənclərin bu etirafı olduqca səmimidir.

- Demə, miıyon addan biriymiş adı,
Adicə Tərlanmış, sevsək də yenə.
Daha saçlarına inci yağmadı,
Sadəcə şeh düşdü hörüklərinə...

Və sonda şairin qənaəti:

--Bəlkə də dünyanı bölmək asandır,
Heç zaman sevgidə püşk atmaq olmaz.

Məstan Günərin bir ölkə vətəndaşı, bir şair kimi Ulu Öndərimizə sonsuz rəğbəti vardı. Onun müraciətindən sonra rəhbər tərəfindən şəxsən qəbul edilməsi, o illərdə ictimaiyyətdə yaxşı mənada böyük əks-səda yaratmışdı. Şair bu unudulmaz görüşü, bu dahi şəxsiyyətlə olan söhbətini poetik hisslərlə tərənnüm etmiş, ayrıca kitab kimi nəşr etdirmişdi.
Məstan Günər dağlar oğlu idi, dağ vüqarlıydı. Onun həyata öz baxışı var idi. Şairlik onun üçün bir müqəddəs hiss idi.
O, poeziya ilə nəfəs alır, yazdığı hər şeir onun həyatının mənasına çevrilirdi.

-- Şairlik kişilik deməkdir bəli,
Şair addımını düz atmalıdır.
Birinci misradan şax yeriməli,
Özünü kişitək tanıtmalıdır.

Bu idi onun vətəndaş amalı, şair amalı.

Şairin məhəbbət lirikası çox dəyərlidir. Oxucu bu şeirləri oxumaqdan əsl zövq alır.
Şair Məstan Günərin "Seçilmiş əsərləri"nin ikinci cildliyində toplanmış qoşmalar bu janrın, bəlkə də ən gözəl nümunələridir.

-- Məstanam, sevgilim ömür bir
əlçim,
Bir söz var kədəri, möhnəti çin-çin,
Mən bir sərv ağacı, sən bir göyərçin,
Bir gün qorxuram ki, köçəsən məndən.

Şairin bütün qoşmaları göz oxşayan dağ şəlalələrini xatırladır: axıcı, ruh oxşayan, ürəkləri ehtizaza gətirən.

Qan axtarar baxışların axanı,
Canım çıxar düymələsən yaxanı,
Bu qarşıda boynu büküb baxanı,
Yar belində kəmər olub qalan bil.

Həyatı sevirdi şair Məstan Günər. Hər açılan səhər bir dünya idi onun üçün. Həyatın gözəlliyi də elə bunda deyilmi?!

-- Kəmdi, kəmfürsətdi dünya səbirdə,
Toymu quracaqdı mənə qəbirdə,
Dəsgah olardı ki, Məstanı bir də,
Qaytarıb cahana gətirmiş ola...

Məstan Günər bir şair kimi yüksək Respublika Komsomolu ( 1976) və Azərbaycan Dövlət Mükafatı laureatı ( 1980) adına layiq görülmüşdü.
Şair on beş ildir ki, işıqlı dünyaya "əlvida" deyib. Bizə ərməğan qoyub getdiyi kitabları isə Məstansevərlər tərəfindən əl-əl gəzir.

Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı, Həsən bəy Zərdabi mükafatçısı











Избранный
83
aia.az

1Источники