RU

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda və dünyada təsiredici güc amilinə çevrilməyi hədəfləyir

Ankara, 24 iyul, AZƏRTAC

Türkiyə bu gün dünənkindən güclüdür, sabah isə indikindən daha güclü olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın Lozanna sülh müqaviləsinin imzalanmasının 102-ci ildönümünə həsr olunmuş bəyanatında deyilir.

Türkiyə liderinin sözlərinə görə, Ankara Türkiyə Cümhuriyyətinin ikinci yüzilliyi konsepsiyası çərçivəsində bəyan etdiyi məqsədlərə nail olmağa inamla çalışır.

O, Lozanna sülh müqaviləsi sayəsində dünya ictimaiyyətinin türk xalqının azadlıq iradəsini və əzmini tanıdığını xatırladıb. “Müqavilənin imzalanmasından 102 il keçsə də, Türkiyə inkişaf və rifahın artırılması istiqamətində qətiyyətli addımlar atmağa davam edir. Ankaranın xarici siyasəti sülh, əməkdaşlıq və qarşılıqlı hörmət arzusuna əsaslanır. Türkiyə həm regionda, həm də qlobal səviyyədə təsiredici güc amilinə çevrilməyi hədəfləyir”, -deyə Rəcəb Tayyib Ərdoğan müraciətində bildirib.

O, həmçinin cümhuriyyətin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürk başda olmaqla türk xalqının milli azadlıq mübarizəsinin bütün iştirakçılarının xatirəsinə ehtiramını ifadə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
77
2
azertag.az

3Источники