RU

Hindistan yüzlərlə müsəlmanı deportasiya edib

İnsan Haqları İzləmə Təşkilatı (HRW) Hindistanın son həftələrdə yüzlərlə müsəlmanı "qanunsuz şəkildə" Banqladeşə deportasiya etdiyini bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, Yeni Dehli may ayından bəri, əsasən Hindistanın Banqladeşlə həmsərhəd olan ştatlarında doğulmuş, əksəriyyəti qadınlar və uşaqlardan ibarət yüzlərlə benqal mənşəli müsəlmanı ölkədən çıxarıb. 

Hesabatda sərhəd mühafizəçilərinin bəzi şəxslərin sənədlərinə əl qoyaraq, hətta silah gücü ilə onları Banqladeş ərazisinə itələdiyi qeyd olunub. Banqladeş rəsmilərinin deportasiya olunan təxminən 1500 nəfərin bir hissəsinin Hindistan vətəndaşı olduğunu təsdiqlədiyi bildirilən hesabatda, bu şəxslərdən bəzilərinin Hindistana geri döndüyü də vurğulanıb. 

HRW hesabatında deportasiya hallarının Hindistan nəzarətində olan Cammu-Kəşmirin Pahalgam bölgəsində aprel ayında baş verən və çox sayda insanın həyatını itirdiyi terror hücumundan sonra artdığı qeyd olunub. Hesabatda, sözügedən terror hadisəsindən sonra Hindistan hökumətinin xüsusilə müsəlman icmaları hədəf alan "qanunsuz miqrant" müəyyənləşdirmə səylərini gücləndirdiyi iddia edilir. 

Hesabatda, həmçinin hüquqi prosedurlar olmadan həyata keçirilən deportasiyalara son verilməsi, deportasiya edilən şəxslərə hüquqi nümayəndə və apellyasiya hüququnun tanınması, zorakı deportasiya və şiddət iddialarının araşdırılması və məsul şəxslərin cəzalandırılması tələb olunur. 

Hesabatda vurğulanır ki, Hindistanın vətəndaşlıq, etnik kimlik və dini əsas götürərək şəxsləri özbaşına deportasiya etməsi, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini pozması deməkdir. 

HRW-nin Asiya üzrə direktoru Elaine Pearson hesabatda belə deyib: 

"Hindistanda hakim Bharatiya Janata Partiyası (BJP), benqal mənşəli müsəlmanları özbaşına ölkədən çıxararaq ayrı-seçkiliyi qızışdırır. Aralarında vətəndaş olanların da olduğu bu insanlar heç bir hüquqi araşdırma və ya müdafiə haqqı olmadan deportasiya olunur". 

Banqladeş Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı verdiyi açıqlamada "zorla geri qaytarma" praktikasını qınayaraq, yalnız Banqladeş vətəndaşı olduğu təsdiqlənən şəxslərin qəbul ediləcəyini bildirib. 

Избранный
58
5
cebheinfo.az

6Источники