Almaniya XİN başçısı: Ukrayna Rusiyaya təsir etmək üçün gizli silah alacaq
Ukrayna yaxın zamanda Rusiyanın ərazisinə təsir etmək imkanına malik olacaq yeni silahlar əldə edəcək. Bu barədə Almaniyanın xarici işlər naziri Yoxann Vadeful Zeit nəşrinə verdiyi müsahibədə bildirib.
Nazirin sözlərinə görə, Ukraynaya yeni silahların təchizatı maliyyə məsələsi deyil, daha çox Avropa və Ukraynadakı silah istehsalçıları üçün texniki və istehsalat imkanlarının mövcudluğu ilə bağlıdır.
“Ukraynanın müdafiə olunmaq hüququ var. O, eyni zamanda Rusiyanın ərazisinə də təsir etmək imkanına malik olacaq. Lakin biz (Rusiya Prezidenti Vladimir – red.) Putinə hansı silah sistemlərinin verildiyini açıqlamayacağıq,” – deyə Vadeful vurğulayıb.
Qeyd edək ki, Ukraynanın qərbli tərəfdaşları daha əvvəl də bu ölkənin beynəlxalq hüquq çərçivəsində, o cümlədən Rusiya ərazisindəki hərbi obyektlərə qarşı zərbələr endirmək hüququna malik olduğunu bəyan etmişdilər.
//Samir Qurbanov, Editor.az