Qutab öz dadı, çeşidi ilə Azərbaycanın milli mətbəxində xüsusi yer tutur. Qutab daha çox göyərti, balqabaq, ət, pendir və digər məhsullardan hazırlanır. Hazırda kafe və restoranlarda, həmçinin, çimərlik mövsümü olduğu üçün dəniz kənarındakı satış obyektlərində müxtəlif çeşiddə hazırlanan qutablar insanlara təklif olunur. Ət qutabının özünün də müxtəlif növləri var.
MÖVZU İLƏ BAĞLI :
Çörəyi çörəkdən çıxan ÇÖRƏKÇİLƏR – FOTO/REPORTAJ
Bunların arasında dəvə ətindən hazırlanmış qutablar da var.
Bəs bu qutablar, həqiqətənmi dəvə ətindən hazırlanır? Ümumiyyətlə, dəvə əti insan orqanizmi üçün xeyirlidirmi və bunlar ölkədə saxlanılır?
Mövzu ilə bağlı Bizim.Media-ya ilə fikirlərini bölüşən qida üzrə mütəxəssis Fərid Səfərov deyib ki, əksər hallarda “dəvə qutabı” adı altında satılan məhsulların tərkibi dəvə əti olmaya bilər:
“Bu, adətən marketinq məqsədilə istifadə olunan bir ifadədir, çünki qeyri-adi səsləndiyi üçün diqqət cəlb edir və maraq oyadır. Əgər müştəri açıq şəkildə soruşsa və ya restoran şəffaf fəaliyyət göstərirsə, onda bu barədə məlumat verilir”.
Onun sözlərinə görə, əgər qutab həqiqətən dəvə ətindən hazırlanıbsa, qiyməti yüksək olur:
“Dəvə ətinin dadı qoyun və ya dana ətindən fərqlidir, yəni bu, daha lifli və bərk ola bilər. Amma bizdə buna tələbat azdır, ənənəvi olaraq Azərbaycan mətbəxində dəvə ətindən çox istifadə olunmur. Yəni qoyun və dana əti bazarda dominantlıq edir”.
Mütəxəssis ölkədə dəvəçiliyin məhdud miqyasda mövcud olduğunu qeyd edib və dəvə ətinin orqanizmə təsirindən söz açıb:
“Dəvə, əsasən aran və yarımsəhra zonalarında (Salyan, Neftçala, Biləsuvar və s.) az sayda ailə təsərrüfatlarında saxlanılır. Ət məqsədilə saxlanılan dəvələr çox azdır, çünki dəvədən daha çox süd və ya yükdaşıma məqsədilə istifadə olunur. Orqanizmə təsirinə gəldikdə isə dəvə əti nisbətən az yağlıdır, bu isə ürək-damar sistemi üçün faydalıdır.
Həmçinin, ətin tərkibindəki zülal miqdarı yüksəkdir, bu da əzələ toxumasının bərpası və inkişafı üçün əhəmiyyətlidir. Dəmir və B qrupu, xüsusilə, B12 vitamini ilə zəngindir. Amma dadı və teksturası hər kəsin zövqünə uyğun olmaya bilər.
Uzun müddət saxlanıbsa və bişirilmə şəraiti düzgün deyilsə, sərt və çətin həzm olunan ətə çevrilə bilər”.
Günay Şahmar, Bizim.Media