RU

"Qalib ordunun zabiti olmaq mənim üçün şərəfdir"

Vətən savaşının alovundan çıxan qazi bu gün şagirdlərə çağırışaqədərki  hazırlıq fənnini tədris edir

İkinci Qarabağ müharibəsinin od-alovundan keçmiş, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük cəsarətlə vuruşmuş zabit və əsgərlərlə görüşəndə, onların söhbətlərini dinləyəndə qürur hissləri keçiririk. Çünki bu oğullar hünər və rəşadətləri ilə adlarını qəhrəmanlıq tariximizin səhifələrinə yazmış və xalqımıza illərdən bəri həsrətində olduğu Zəfər sevincini yaşatmışlar. 

Belə cəsur oğullarımızdan biri də ehtiyatda olan baş leytenant Ceyhun Məşdi oğlu Əliyevdir. Ceyhun 44 günlük Vətən müharibəsində zabit kimi üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlmiş, torpaqlarımızın azadlığı uğrunda gedən əks-hücum əməliyyatlarında böyük cəsarətlə vuruşmuşdur. Qısa, lakin gənc nəsillərə örnək olacaq şərəfli döyüş yolu keçmişdir. 

Söhbətimiz zamanı ehtiyatda olan zabitin ömür və döyüş yolu ilə yaxından tanış olduq. Öyrəndik ki, Ceyhun Əliyev 24 iyun 1988-ci ildə Daşkəsən rayonunun Aşağı Daşkəsən kəndində dünyaya göz açıb. Şəhid Gündüz İsmayılovun adını daşıyan orta məktəbdə oxuyub. İbtidai təhsilini 2005-ci ildə yüksək qiymətlərlə başa vurduqdan sonra Gəncə Dövlət Universitetinin bədən tərbiyəsi fakültəsinə qəbul olub. 2006-2008-ci illərdə ordu sıralarında xidmət edib, Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirib. 2010-cu ildən isə ömrünü orduya bağlayıb. Əyninə hərbi forma geyinərək müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlayıb. Ön xətdə yerləşən hərbi hissələrin birində xidmət edib. Hələ kiçik yaşlarından idmana həvəs göstərən və daim məşq edib fiziki hazırlığını artıran Ceyhun ordu sıralarında da bir sıra yaddaqalan uğurlar qazanıb. 2012-ci ildə yunan-Poma güləşi üzrə Silahlı Qüvvələr birinciliyində üçüncü olub. 

2016-cı il Ceyhun Əliyevin ömür kitabına böyük hərflərlə yazılıb. Həmin il o, zabitlik kursunu uğurla keçərək leytenant rütbəsi alıb. Xidmətini zabit kimi davam etdirib. Zabit olmaq Ceyhunun çoxdankı arzusu idi. Artıq illərdən bəri ürəyində gəzdirdiyi arzusuna qovuşmuşdu. Buna görə də özünü çox xoşbəxt hiss edirdi.

Zabit rütbəsi aldıqdan sonra onu daha mühüm bir sahədə xidmət etməyə göndərdilər. 2020-ci ilin iyulunda, Tovuz döyüşləri başlayan ərəfədə komandanlıq Ceyhunu bölük komandiri kimi ön xətdəki hərbi hissələrdən birinə təyin etdi. Bir neçə aydan sonra isə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Düşmən ön mövqelərimiz üzərinə hücuma keçəndə ilk anlardan yurdumuzun azadlığı uğrunda döyüşlərə atılanlardan biri də baş leytenant Ceyhun Əliyev oldu.

Şərəfli döyüş yolu keçmiş Ceyhun Əliyev həmin günlərdən söz açaraq deyir:

- Adi xidmət günlərimizdən biri idi. Səhər gözlərini açmağa macal tapmamış, hava işıqlanmamış yer-göy atəş səslərindən lərzəyə gəldi. Komandanlıq müəyyən istiqamətlər üzrə bizə döyüş əmri verdi. Bölüyümüzə də Kəlbəcər rayonu istiqamətində böyük strateji əhəmiyyətə malik olan yüksəklikdə yerləşən ön mövqelərdən birini müdafiə etmək tapşırıldı. Verilən əmri yerinə yetirmək üçün vaxt itirmədən mövqeyə tələsdik. Rabitə vasitəsilə öyrəndik ki, erməni işğalçıları yeni ərazilərimizi ələ keçirmək üçün bütün istiqamətlərdə ön mövqelərimiz üzərinə hücuma keçiblər. Torpaqlarımızın azadlığı uğrunda gərgin döyüşlər gedir. Biz əvvəlki illər həmişə gözləyirdik ki, gec-tez Qarabağı erməni işğalçılarından azad etmək üçün döyüşər alovlanacaq. Biz hərbçilər də yurdumuzu qəsbkarlardan təmizləyəcəyik. Buna həmişə hazır idik. Artıq həmin gün, həmin an gəlmişdir. Biz torpaqlarımızı yağılardan təmizləmək üçün döyüşə gedirdik. Nə qədər təhlükəli və riskli olsa da, atəş səsləri altında özümüzü ön xəttə çatdırdıq. Düşmən güclü hücuma keçsə də, buradakı şəxsi heyət qəfil həmlənin qarşısını almağa çalışır, qəsbkarlara bir addım da olsun irəli gəlməyə imkan vermirdi. Biz ön mövqeyə çatan kimi ətrafdakı atəş səsləri daha da artdı. Qısa müddət ərzində döyüşdə dönüş yarandı. Güclü əks-hücumla işğalçıları vurub geri oturtduq. Amma işğalçılıq məqsədinə nail olmaq istəyən qəsbkarlar ehtiyat qüvvələrini döyüşə cəlb edərək yenə də hücuma keçməyə və müdafiəsində dayandığımız əlverişli mövqeyi adlamağa çalışırdı. Biz isə yüksəkliyi göz bəbəyimiz kimi qoruyurduq. Bu yüksəkliyin işğal olunması başqa bölüklərimiz və mövqelərimiz üçün böyük təhlükə yarada bilərdi. Ona görə də bütün qüvvəmizlə, bacarığımızla vuruşurduq. 

Özünə əlverişli mövqe tutmuş erməni pulemyotçusu daim bizi güllə yağışına tutur, sərbəst atəş açmağımıza imkan vermirdi. Özü də düşmən elə yerdə dayanmışdı ki, onu vurmaq çətinlik yaradırdı. Həm də qısa müddət ərzində atəş açıb geri çəkilir, sonra yenidən atəş mövqeyinə qayıdırdı. Pulemyotçu qəsbkar özünü güllələrimizdən qorumağa çalışırdı. Amma nəyin bahasına olursa-olsun, irəliləməyimizə mane olan pulemyotçunu məhv etməliydik. Çətin və təhlükəli olsa da, özümə əlverişli mövqe seçə bildim. Dayandığım yerdən onu vurmaq mümkün idi. Düşmən pulemyotçusu silaha yaxınlaşmaq istəyəndə sərrast atəşlə onu məhv etdim. Bundan sonra irəliləməyimiz üçün əlverişli şərait yarandı. Bu ağır itkidən sarsılan qəsbkarlar bir müddət bizə atəş aça bilmədilər. Əlverişli mövqeyimizi sonadək hücumdan qoruyub saxladıq, düşmənin irəliləməsinə imkan vermədik. İşğalçılar zənn edirdilər ki, əvvəlki illərdəki kimi, yenə də bizə qalib gələcək, yeni ərazilərimizi işğal edəcəklər. Amma onların arzuları elə arzu olaraq qaldı. Biz onların hücumlarının qarşısını qətiyyətlə aldıq.

Təəssüflər olsun ki, cəsur zabit Ceyhun Əliyev İkinci Qarabağ müharibəsinin altıncı günü çiynindən yaralanır, döyüş yolu yarımçıq qalır. Həmin anları xatırlayan zabit dedi ki, növbəti döyüş tapşırığını yerinə yetirmək istəyərkən qolunda ağrı hiss edib: "Düşündüm ki, yəqin, yüngül yaralanmışam. Yaralanmağıma məhəl qoymayaraq əməliyyata davam etmək istədim. Bir neçə addım irəli atandan sonra gördüm ki, qolum sözümə baxmır. Silahı çiynimdə saxlaya bilmirəm. Yaxınlıqdakı zabit yoldaşım İntiqam İsmayılova yaralandığımı dedim. Bunu eşidən İntiqam məni təhlükəsiz yerə çıxardı. Zabit yoldaşım yaramı sarıyanda düşmən yaxınlığımıza əl qumbarası atdı. Hər iki ayağıma qəlpə dəydi. Bu vaxt başqa bir zabit yoldaşım Maarif Qurbanov da yaralandı. Hiss olunurdu ki, düşmənin hədəfindəyik. Deməli, vaxt itirmədən yerimizi dəyişməliydik. Yoxsa yağılar hamımızı vuracaqdı. Bir tərəfdən də yaralarım sarınsa da, qan dayanmır, sarğıdan yavaş-yavaş sızırdı. Çiynimdən dəyən güllə qolumu hərəkətsiz vəziyyətə salmışdı. Döyüşən qruplar bizdən aralıydı. Ona görə də onların yanımıza gəlib bizə kömək etmələri bir az çətin idi. Həm də bütün istiqamətlərdə gərgin döyüşlər gedirdi. Zabit yoldaşıma dedim ki, İntiqam, Vətən sağ olsun, sən məni burada qoy daha təhlükəsiz mövqeyə çəkil, döyüşə get. Əgər başıma bir iş gəlsə, övladlarıma deyərsən ki, atanız qəhrəmancasına döyüşdü, torpaq uğrunda şəhid oldu. Zabit yoldaşım atəş dəstəyi altında yerini dəyişə bilərdi. Amma mən yerimdən tərpənib hərəkət edə bilmirdim. Sözlərimi eşidən İntiqam tələm-tələsik dedi ki, sən nə danışırsan, Ceyhun, əgər sağ qalsam, səninlə qalacam, ölsəm də səninlə öləcəm. Yaralarımdan sızan qan da dayanmaq bilmirdi. Bu vaxt cibimdəki ipi çıxarıb yaramın üstündən sarıdım. Sözün açığı deyim ki, özümü partlatmaq istəyirdim. Bunu hiss edən İntiqam dedi ki, sən nə edirsən, necə olursa-olsun, səni buradan çıxaracam, həyatını xilas edəcəm. 

Onu da deyim ki, döyüşlər zamanı biz nə yaralılarımızın, nə də şəhid olanların meyitlərinin düşmən əlinə keçməsinə imkan vermirdik. Nəyin bahasına olursa-olsun, onu geri çıxarırdıq. Bunu deyəndən sonra zabit yoldaşım zirehli jiletimi əynimdən çıxardı. Çünki jilet yaranı sarımağa imkan vermirdi. Bu vaxt o biri qrup rəhbərləri rabitə vasitəsilə bizə bildirdilər ki, atəş dəstəyi ilə sizi qoruyuruq, vaxt itirmədən təhlükəsiz mövqeyə çıxmağa çalışın. Bunu eşidəndən sonra İntiqam qarşımda dayanaraq dedi ki, əynimdə qoruyucu geyim var, qoy güllə atsalar mənə dəysin. Atəş dəstəyi altında təhlükəsiz mövqeyə çəkilməyə başladıq. Bu vaxt düşmən məni ayağımdan vurdu. Amma böyük çətinliklə İntiqam öz həyatını riskə qoyaraq məni təhlükəsiz əraziyə gətirib çıxardı. Məni ölümdən xilas etdiyinə görə zabit yoldaşıma minnətdaram, düşünürəm ki, ona bir həyat borcluyam".

Atəş dəstəyi altında igid döyüşçü Ceyhun Əliyevi təhlükəli ərazidən çıxarandan sonra sanitar təlimatçılar onu Daşkəsən rayon xəstəxanasına çatdırdılar. Həmin günlərdən söz açan zabit deyir ki, yaralarından sızan qan dayanmırdı: "Xəstəxanaya çatdırılan kimi məni əməliyyat otağına apardılar. Düşünürdüm ki, yəqin yaralarım yüngüldür, tezliklə sağalıb hərbi hissəyə qayıdacam, döyüşlərimi davam etdirəcəm. Bu barədə həkimlərdən də xahiş etdim. Dedim ki, çalışın məni tez sağaldın, döyüşlərə qayıdım, torpaqlarımızın azadlığı uğrunda başlamış əməliyyatlarda sonadək vuruşum. Orada məni əsgərlərim, zabit yoldaşlarım gözləyir. Amma heç də işlər mən fikirləşdiyim xətlə getmədi. Həkimlərin dediklərindən məlum oldu ki, yaralarım çox ciddidir və uzunmmüddətli müalicəyə ehtiyacım var. Bu xəbərdən çox məyus oldum. Düşmənin atdığı güllələr çiyin sümüyümü çox ciddi zədələmişdi. Demək olar ki, sol əlim işləmirdi, hələ onun kəsilmək ehtimalı da var idi. Ona görə də məni burada çox saxlamayıb Gəncədəki Abbas Səhhət adına xəstəxanaya göndərdilər. Bir neçə xəstəxana dəyişəndən sonra axır ki, ölkənin paytaxtındakı hərbi hospitala gəlib çıxdım. Sümüyümü zədələyib bədənimə daxil olan snayper gülləsi ürəyimin bir kənarında ilişib qalmışdı. Əgər güllə təcili çıxarılmasaydı, həyatla vidalaşmalı olacaqdım. Bu əməliyyatı yerinə yetirmək isə olduqca çətin idi. Peşəkar, bacarıqlı həkimlərə ehtiyac var idi. Bir neçə xəstəxanaya müraciət etsəm də, ümidverici sözlər eşitmədim. Kömək istəmək üçün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qəbulunda oldum. Mehriban xanım məni çox səmimi qarşıladı. Sona qədər dinləyəndən sonra dedi ki, narahat olma, mütləq bu sahənin mütəxəssislərini tapıb səni müalicə edəcəyik. Doğrudan da, çox keçmədi ki, mənə zəng gəldi. Əməliyyatda Türkiyədən gəlmiş həkmlər də iştirak edirdilər. 14 saat davam edən əməliyyat uğurla başa çatdı. Çətinliklə də olsa, həkimlər həyatımı xilas etdilər. Beləcə, Brinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində sanki həyata yenidən qayıtdım. Buna görə Mehriban xanıma və həkimlərə ürəkdən minnətdarlıq edirəm. Onu da qeyd edim ki, müasir protezlə də təmin olunmuşam. Keçmiş döyüşçü kimi deyə bilərəm ki, dövlətimizin bizə göstərdiyi diqqət və qayğıdan çox razıyıq. 

Zabitin söhbətindən öyrəndik ki, Ceyhunun qardaşı Tural Əliyev də hərbçidir. O da İkinci Qarabağ müharibəsində iştirak edib. Hazırda Azərbaycan Ordusunun sıralarında xidmətdədir. Müharibənin davam etdiyi günlərdən söz açan C.Əliyev dedi ki, biz evdə iki qardaş ikimiz də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşuq:

- Valideynlərim danışırdılar ki, həmin günlərdə çox narahat imişlər. Atam deyirdi ki, narahatçılığımızdan bəzən gecələr gözümüzə yuxu getmirdi, elə hey sizi düşünürdük. "Yatanda da telefonu yastığımızın altına qoyurduq ki, zənginiz gələndə oyanaq. Fikirləşirdik ki, indicə balalarımız zəng edəcək. Hansınızdan zəng gəlirdisə arxayınlaşırdıq ki, uşaqlardan biri sağ-salamatdır. Amma bilirdim ki, ikiniz də cəsursunuz, qorxmazsınız. Cəsarətlə, hünərlə vuruşacaqsınız, sona qədər yurdumuzu erməni işğalçılarından azad edənlərin sırasında olacaqsınız. Ceyhun yaralansa da, çox şükürlər olsun ki, Tural axıradək vuruşdu. İkiniz də başımızı el içində uca etdiniz. Övlad kimi sizdən çox razıyıq". Atamdan eşitdiyim bu sözlər bizə qol-qanad verdi. Elə bilirəm ki, iki oğlu Qarabağın azadlığı uğrunda vuruşmuş valideynlərimiz də xoşbəxtdirlər. Atam çox vətənpərvər insandır. Həmişə zəng vuranda soruşurdu ki, bala vəziyyət necədir? Biz də qazandığımız uğurlardan ona danışırdıq. Atam bizi yeni döyüşlərə, qələbələrə ruhlandıraraq deyirdi ki, döyüşün, vurun öldürün, qovun erməniləri torpaqlarımızdan. Turalla mən də valideynlərimizdən çox razıyıq ki, bizi bu cür vətənpərvər böyüdüblər. Atalar əbəs yerə deməyib ki, oğul düşmən çəpəridir. Bizi vətənpərvər ruhda böyüdən müəllimlərimə də, valideynlərimə də dərin minnətdarlığımı bildirirəm". 

Övladlar valideynlərin sabahıdır, gələcəyidir, davamçılarıdır. Ceyhun da iki oğul atasıdır. Böyük övladı Turan 10-cu, Hüseyn isə 5-ci sinifdə təhsil alır. Dediyinə görə, ikisi də dərslərini yaxşı oxuyur. Sağlamlığına görə ordu sıralarından ehtiyata göndərilən zabit hazırda Daşkəsən rayon Bayankənd kəndindəki şəhid Mikayıl Mustafayevin adını daşıyan orta məktəbdə çağırışaqədərki hazırlıq fənni üzrə müəllim işləyir. Pedaqoji fəaliyyətindən söz açan Ceyhun dedi ki, hərbi formanı özünə çox müqəddəs və əziz bilir: "Hərbi paltar mənim ən gözəl geyimimdir. Dərs prosesində çalışıram ki, hərbi bilikləri gənclərə daha ətraflı, daha əhatəli aşılayım. Onlara hərbi vərdişləri dərindən öyrədim. Çünki bu günün şagirdləri sabahın əsgərləridir, zabitləridir. Şagirdlərə dərs tədris etdikcə düşünürəm ki, bu işimlə, yenə də Vətənimə xidmət edirəm, öz sahəmdəyəm. Deməli, xalqımıza, cəmiyyətimizə lazımam. Sinəsinə medallarımı taxdığım formayla dərsə gedəndə məktəblilərin hərbi sahəyə olan sevgi və məhəbbəti daha da artır. Dərslərdə daha da fəal iştirak edirlər, mövzuları dərindən mənimsəyirlər. Xatırlayıram ki, babam İsax Əliyev də İkinci Dünya müharibəsində iştirak etmiş və sinəsi medallarla geriyə qayıtmışdı. Bir zamanlar onun medallarına həsədlə baxar və fikirləşərdim ki, görəsən babam hitlerçilərə qarşı necə döyüşüb, necə vuruşub? Atalar yaxşı deyib ki, ot kökü üstə bitər. İllər sonra mən onun nəvəsi Qarabağ müharibəsində iştirak etdim və bir neçə medala layiq görüldüm".

Ehtiyatda olan baş leytenant Ceyhun Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Döyüşdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə" və "Müharibə iştirakçısı" medallarına layiq görülüb. 

Söhbətinin sonunda ehtiyatda olan baş leytenant bildirdi ki, yaralansa da, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə çox qürurludur: "Ona görə ki, yurdumuzun düşmənlərdən təmizlənməsində mən də nəsə etmişəm. Mənim üçün bundan böyük şərəf yoxdur. Bu gün böyük iftixarla deyə bilirəm ki, qalib ordunun zabitiyəm. Belə güclü və qüdrətli ordu ilə fəxr edirəm". 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Избранный
81
azerbaijan-news.az

1Источники