RU

Paşinyan keşişlərə qarşı sonuncu səlib yürüşünə başlayır


Ermənistan rəhbərliyi Erməni Apostol Kilsəsinə təzyiq göstərməkdə davam edir. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bu fonda kilsə rəhbərliyini katolikos II Qaregini (Ktriç Nersisyan) istefaya göndərməyə çağırıb:

“Biz Nersisyanı və onu dəstəkləyən qrupu kilsə əleyhinə qeyri-qanuni kampaniyanı dayandırmağa və Nersisyanın andını pozması, habelə bir sıra kilsə rəhbərlərinin terrorizm və dövlət çevrilişinin planlaşdırılmasında iştiraka cəhd etməsi nəticəsində qurumun üzləşdiyi ən ciddi problemlərin aradan qaldırılmasına diqqəti yönəltməyə çağırırıq”.

Bundan əvvəl Erməni Apostol Kilsəsi rəhbərliyinə hücumları İrəvan meri Tiqran Avinyan dəstəkləyib: “Müəyyən şəraitə görə uzun müddətdir göz yumduğunuz şeyə - bu sünilik və riyakarlığa gec-tez son qoyulmalıdır”. Yada salaq ki, son iki aydır Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsi rəhbərinin subaylıq andını pozduğunu, onun ən azı bir övladının olduğunu iddia edir. Bütün bu müddət ərzində II Qaregin bu xəbəri nə təsdiq, nə də təkzib etdi. Düzdür, Paşinyan da katolikosun oğlunun və ya qızının adını, harada yaşadığını və bu şəxsin nə işlə məşğul olduğunu deməyib. Buna baxmayaraq, hökumət başçısı əmindir ki, subaylıq andı pozulub, ona görə də II Qaregini Erməni Apostol Kilsəsinin rəhbərliyindən uzaqlaşdırmaq lazımdır. Paşinyan qeyd edir ki, inamlı bir məsihçi kimi o, II Qareginin hərəkətlərinə dözə bilməz və Allahın məskənini çirkabdan qorumaq istəyir. Bununla yanaşı, Paşinyan artıq kilsə əleyhinə kampaniyanı o həddə çatdırıb ki, Erməni Apostol Kilsəsinin inzibati mərkəzi olan Müqəddəs Eçmiədzin Ana taxt-tacının yerləşdiyi Vaqarşapat şəhərində kütləvi aksiya keçirəcəyini vəd edib. Onun sözlərinə görə, II Qaregini kilsədən qovmaq üçün insanlar toplaşmalıdır: “Biz bunu birlikdə edəcəyik. Hazır olun. Əsilzadələrin yurdu zadəganlarındır”. Paşinyanın bu xüsusda sosial şəbəkədə yazdığı statusa 5 mindən çox insan eraksiya verib, minə yaxını qəzəblənib, qalanları isə bəyənmə və ürəklər işarəsi qoyub.

Erməni Apostol Kilsəsi baş nazirin təhdidlərini son dərəcə ciddi qəbul edir. Keşişlər onun Vaqarşapatdakı aksiya ilə bağlı bağlı sözlərini zorakılığa doğru addım kimi qəbul edirlər. Kilsənin bu xüsusda bəyanatında qeyd olunur: “Müqəddəs Eçmiədzinin Ana taxtı bu hücum və zorakılıq törətmək cəhdini pisləyir, bunu erməni kilsəsinin və onun özünüidarəsinin həyatına açıq müdaxilə kimi qiymətləndirir. Biz hakim siyasi qüvvəni kilsə əleyhinə qanunsuz kampaniyanı dayandırmağa çağırırıq”. Erməni Apostol Kilsəsi rəhbərliyində yer alan yepiskop Gevorq Saroyan bildirib ki, II Qaregin Paşinyanın iddia etdiyi kimi kilsəni korrupsiyaya sürükləyən hansısa azğın deyil, xalq tərəfindən “Qurucu” ləqəbi verilən böyük insandır. Kilsə, həmçinin nümayəndələri dövlət çevrilişində iştirakda ittiham olunan “Erməni İnqilabi Cəbhəsi Daşnaksütyun” təşkilatını da dəstəkləyib. Daşnakların fikrincə, Paşinyanın mitinq vasitəsi ilə II Qaregini devirmək çağırışı ağır və xüsusilə ağır cinayətlər törətməyə hazırlıqdır. Onların yaydığı bəyanatda qeyd olunur: “Bu çağırışlarda cinayət məsuliyyəti nəzərdə tutulan əməllərin əlamətləri var: bütün ermənilərin katolikosunun zorakılıq hədəsi altında və ya zor tətbiq etməklə tutulması, istefaya getməyə məcbur edilməsi, təxribat və kütləvi iğtişaşların təşkili... Biz Ermənistanın Baş Prokurorluğundan və istintaq orqanlarından tələb edirik ki, Ermənistanın Baş Prokurorluğu və istintaq orqanları ona qarşı cinayət işi qaldırsınlar”. Dövlət çevrilişinə çağırışda ittiham olunan Samvel Karapetyanın “Taşir” Şirkətlər Qrupunun rəhbərliyi də II Qareginin müdafiəsinə qalxıb: “Baş verənləri təsvir etməyə söz tapmaq çətindir. Eçmiədzinə hücum edəcək şəxslərin monqollar, səlcuq türkləri və ya osmanlılar deyil, öz soydaşlarımız olduğuna inanmaq daha çətindir. Əgər bu təhlükə reallaşarsa, o zaman biz erməni xristianlar, bütün mömin xalq olaraq, xalqımızın müdafiəsi üçün ayağa qalxmalıyıq”. Birinci prezident Levon Ter-Petrosyan da Nikol Paşinyanın Eçmiədzin meydanında mitinq keçirməklə bağlı açıqlamasını tənqid edib . Erməni Milli Konqresinin liderinin sözlərinə görə, baş nazir Erməni Apostol Kilsəsini dəstəkləyən qüvvəni darmadağın etmək məqsədi güdür. O, Paşinyanın bu addımını fövqəladə və təhlükəli hesab edir və vurğulayır ki, hakimiyyətin bütün addımları ölkədə sabitliyi pozmaq və xaos yaratmaqdır. Ter-Petrosyan indiki vəziyyətdən çıxış yolunu bir-birinin ünvanına təhqiramiz ifadələrə, hədələrə son qoymaqda görür: “Məncə, Vaqarşapatda keçirilməsi planlaşdırılan mitinqin ləğvi və siyasi məhbusların, ilk növbədə, arxiyepiskoplar Baqrat, Mixail və Samvel Karapetyanın azadlığağijik buraxılması qarşıdurmada olan qüvvələr arasında ziddiyyətlərin aradan qaldırılmasına və ya ən azı onun yumşaldılmasına böyük töhfə verərdi. Bu gün Ermənistanda daxili siyasi gərginliyi yumşaltmağın yeganə yolu budur”. O, təklif etdiyi həll yolunun nəinki Paşinyanın reputasiyasına xələl gətirməyəcəyinə, əksinə, bu addımın bütün ermənilər tərəfindən yüksək qiymətləndiriləcəyinə əmin olduğunu bildirib.

Nahid SALAYEV

Избранный
79
baki-xeber.com

1Источники