RU

Rəşad Sadıqov: “Hayduk”la matçda qələbəyə daha yaxın idik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Xorvatiya təmsilçiləri arasındakı ilk oyun bu gün Bakıda baş tutub.

Qarşılaşmada hesabı Rəşad Sadıqovun komandası açıb. Amma qonaqlar fasilədən sonra hesaba tarazlıq gətiriblər. Oyunda başqa qol qeydə alınmadığından komandalar meydanı heç-heçə ilə tərk ediblər – 1:1.

Rəşad Sadıqov matçdan sonra keçirilmiş mətbuat konfransında bunları vurğulayıb:

“Mövsümün birinci oyunu olsa da, maraqlı oyun alındı. Hər iki komanda meydanda istəkli idi. Birinci hissədə meydanda daha çox taktiki savaş gedirdi, hər iki komanda bir-birindən səhv gözləyirdi. Elə oldu ki, o səhvi rəqib buraxdı, qol vurduq. Hesab arasındakı fərqi artırmağa çalışırdıq. İkinci hissənin əvvəllərində yaxşı hücumlarımız oldu. İkinci qolu vursaydıq, fərqli sonlqu olacaqdı. Qol epizodlarından yaxşı yararlana bilmədik. Rəqib ilk ciddi hücumda fərqləndi. Bu tip oyunlarda rəqib hər fürsətdən istifadə edirsə, sən etmirsənsə, qələbə qazanmaq çətin olur. Komandanın çıxışından razı qaldım. Qələbəyə yaxın tərəf biz idik. Təəssüf ki, bunu edə bilmədik. İlk oyunlarda 1:0 qələbə, 1:1, ya 0:1 ikinci oyun öncəsi üstünlük yaratmır. Hər şey Splitdə bəlli olacaq. Sabahdan oyuna köklənəcəyik ki, səfərdə “Hayduk” üzərində qələbə qazanaraq mərhələ adlayaq”.

Rəşad Sadıqov cavab matçından gözləntisini də paylaşıb:

“Şanslar bərabərə olacaq. Azarkeş dəstəyi rəqibdə olacaq. Bu tip oyunlara hazırıq. Sona qədər əlimizdən gələni edəcəyik ki, mərhələni keçək. Kim üstün olacaq, zaman göstərəcək. Çalışacağıq ki, hər şey biz istədiyimiz kimi olsun”.

Rəşad Sadıqov bu oyunda yeganə qolu vurmuş Brahim Konatenin cavab matçında oynamayacağını vurğulayb:

“Böyük ehtimalla, oynamayacaq. Çiyni çıxıb. Belə olanda müəyyən əzələlər zədələnir. Ümid edək ki, oynayar. Çiyin çıxanda 2-3 həftə bərpa prosesi gedir”.

Rəşad Sadıqov yeni transferlərin oyununa da qiymət verib:

“Həm Brahim Konate, həm də Rövlan Muradov yaxşı oynadılar. Abdul Aziz Batibyenin özünü göstərmək üçün fürsəti olmadı. Bütün zədəlilərimiz formaya qayıtdıqdan sonra daha güclü, heyəti geniş komanda olacağıq”.

Rəşad Sadıqov Salifu Sumanın “Malmö”yə keçidini açıqladı

Sadıqov Salifu Sumanın İsveçin “Malmö” klubuna transfer olunduğunu da bildirib:

“Salifuya görə çox sevinirəm. Ona demişdim ki, Avropa səviyyəsində futbolçu ola bilərsən. Sadəcə, bir-birimizi eşitməliyik. Qışda da çoxlu təklifləri var idi. Hər birində gəlirdi, mənimlə danışırdı, deyirdim ki, tələsmə. Elə oldu ki, yay fasiləsində bir çox təkliflər var idi, amma sonda qərara gəldik ki, “Malmö” olacaq. Onlardan çox pul təklif edən var idi, amma avrokuboklarda çıxış edən komanda olmasını istədik ki, Salifu bundan sonra daha yaxşı ölkələrə getsin. Potensialı var. “Malmö”də əlindən gələni etməlidir ki, ustalığını artırsın. Daha da çoxunu edə bilər. Ona uğurlar arzulayıram. Bizim üçün də çox önəmlidir ki, belə prosesdə iştirak etmişik”.

“Zirə”ni keçə bilməsək, faciə olmayacaq”

“Hayduk”un baş məşqçisi Qonsalo Qarsiya isə heç-heçəyə belə şərh verib:

“Çətin oyun oldu. Oyuna həyəcanlı başladıq. “Zirə” bizi ilk fürsətdə cəzalandırdı. İkinci hissədə oyuna daha çox nəzarət edirdik. Hesabı bərabərləşdirdik, şanslarımız da var idi. Nəticədən razıyam.

Bu gün meydanda gözlədiyim yaxşı “Zirə”ni gördüm. Uzun müddətdir eyni baş məşqçi ilə çalışırlar. Komanda çox təhlükəli rəqibdir. Müdafiədən hücuma keçidlərdə yaxşıdır. Təzyiq göstərirlər, keyfiyyətli oyunçuları var.

Cavab matçında qələbə qazanmağa çalışacağıq ki, penaltilərə getməsin. Bizim də öz oyun üslubumuz var. Bu oyunda da bəzi anlarda o üslubu göstərdik. İstəyirik ki, hər zaman oyuna nəzarət edək. Bu, tək “Zirə”yə qarşı deyil, bütün rəqiblərlə oyunlarda arzuladığımız məqamdır. Ümid edirik ki, növbəti görüşdə qələbə qazanacağıq.

“Zirə”ni keçə bilməsək, bunu faciə sayacağıqmı? Xeyr. Bu, futboldur. Davam edəcəyik. Biz komandaya yeni gəlmişik. Ona görə əgər növbəti mərhələyə vəsiqə qazana bilməsək, bunu faciə kimi dəyərləndirməyəcəyik”.

Избранный
91
50
arena.az

10Источники