“Aris”in baş məşqçisi Marinos Uzunidis Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Araz-Naxçıvan”la oyunundan gözləntisini paylaşıb.
Arena.az xəbər verir ki, Azərbaycan və Yunanıstan klubları arasındakı ilk qarşılaşma sabah Bakıda keçiriləcək.
Marinos Uzunidis bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu, mənim Azərbaycana ilk səfərim deyil. Daha əvvəl “Qəbələ” klubuna qarşı oyun üçün rəqib baş məşqçi kimi ölkənizə səfər etmişdim. “Araz-Naxçıvan”ı təhlil etmişik, bizi nə gözlədiyini bilirik. Bizi çətin qarşılaşma gözləyir. Sabahkı qarşılaşma üçün start heyəti bəllidir. Həmin futbolçularla fərdi söhbətlər aparılıb. Meydana çıxacaq bütün oyunçular tam gücünü ortaya qoymalıdırlar”.
“Aris”in finlandiyalı yarımmüdafiəçisi Fredrik Yensen də qarşıdakı matçla bağlı fikirlərini bölüşüb:
“Dünən bizim üçün çətin gün oldu. Bu gün son məşqimizi edəcəyik. Sabah bizi maraqlı oyun gözləyir. Səbirsizliklə həmin matçı gözləyirik. Əlbəttə, gözləntimiz qələbədir. Bu, ən vacib məqamdır. Çətin oyun olacağını bilirik. Komanda olaraq bu matça hazırıq. Sabah buradan pozitiv nəticə ilə ayrılmaq istəyirik. Hazırlıq prosesini yaxşı dəyərləndirirəm. Həm köhnə, həm də yeni oyunçularımız var. Sabahkı oyunda savaşmalıyıq, bir-birimizə kömək etməliyik”.
Xatırladaq ki, sabah “Dalğa Arena”da baş tutacaq “Araz-Naxçıvan” – “Aris” matçına saat 20:00-da start veriləcək. Tərəflər arasındakı cavab görüşü isə gələn həftə Yunanıstanda keçiriləcək.