RU

Azərbaycan-Kamboca Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Kamboca Krallığında səfərdə olub.

AZƏRTAC xəbər verir ki, səfər zamanı Azərbaycan-Kamboca Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü iclası keçirilib. İclas Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov və Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi (nazir müavini) Khuon Phon Rattanakın həmsədrliyi ilə baş tutub.

İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.

E.Məmmədov bölgədə mövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərimizdə minaların təmizlənməsi prosesi, habelə bərpa və quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatı (NAM), Kambocanın üzvü olduğu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

İyulun 22-də Kambocanın turizm naziri Huot Hak ilə keçirilmiş görüşdə hər iki ölkənin geniş turizm potensialına malik olduğu, turizm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Kamboca Krallığı Milli Assambleyasının vitse-prezidenti Vong Soth, Kamboca Diplomatik Akademiyasının (NIDIR) rəhbəri, XİN-in dövlət katibi Khy Sovanratana, ASEAN-ın minalardan təmizləmə üzrə Regional Mərkəzinin (ARMAC) icraçı direktoru xanım But Rotna ilə görüşlər keçirib.

Kambocaya səfər çərçivəsində ötən əsrin 80-90-cı illərində Bakıda təhsil almış kambocalılarla görüş keçirilib, onların iştirakı ilə Azərbaycan-Kamboca dostluq assosiasiyasının yaradılması təklifinin Kamboca tərəfindən dəstəkləndiyi qeyd olunub.

Səfərin sonunda xarici işlər nazirinin müavini Elnur Məmmədov Kambocanın nüfuzlu media qurumları ilə görüş keçirərək, Azərbaycan-Kamboca əlaqələrinin cari vəziyyətinə və inkişaf perspektivlərinə dair sualları cavablandırıb.

Избранный
115
10
azerbaijan-news.az

10Источники