Bakı, 23 iyul, AZƏRTAC
Çinin hökumət nümayəndələri çərşənbə günü rekord istilər fonunda elektrik enerjisinin kəsilməsi riski barədə xəbərdarlıq ediblər.
AZƏRTAC xəbər verir ki, enerji sənayesi rəsmilərinin məlumatlarına əsasən, elektrik enerjisinə tələbat artaraq ötən həftə ilk dəfə olaraq 1,5 milyard kilovatı ötüb. Bu ay qeydə alınan yüksək temperatur Çində həddindən artıq istilərlə bağlı üçüncü rekord dövrdür və sağlamlıq riskləri ilə əlaqədar ilk ümummilli xəbərdarlığa səbəb olub.
Çin Meteorologiya İdarəsinin sözçüsü Çen Huey əlavə edib ki, elektrik şəbəkələrində pik yükün azaldılması və regionlararası enerji paylanması kimi tədbirlərə ehtiyac olarsa, səlahiyyətlilər enerji təchizatçılarına xəbərdarlıq mesajı göndərəcəklər.
Milli İqlim Mərkəzinin direktor müavini Tzya Syaolunun sözlərinə görə, martın ortalarından bəri temperaturun 35 dərəcə Selsi və ya daha yüksək olduğu günlərin sayı rekord həddə çatıb.
Səlahiyyətlilər yaşlı insanlardan evdə qalmağı xahiş edib və açıq hava işçilərini isti günlərdə fəallığı azaltmağa çağırıblar. Bildirilib ki, son iki həftə ərzində 152 milli meteoroloji rəsədxana 40 dərəcə Selsidən yuxarı temperatur qeydə alıb, Sincanda isə havanın hərarəti 48,7 dərəcəyə çatıb.