RU

Azərbaycan Rusiya-Ukrayna münaqişəsində kimə tərəfdir?

Rusiya Ukrayna münaqişəsi ilə bağlı Azərbaycanla fikir ayrılıqlarının iki ölkə arasındakı münasibətlərə təsir etməməsini istəyir. Kremlin nümayəndəsi Dmitri Peskov bildirib ki, Bakı və Moskva bu mövzuda eyni düşünməsə də, bu fikir ayrılığı əməkdaşlığa mane olmamalıdır. Politoloq Turan Rzayev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan məsələyə tamamilə beynəlxalq hüquq çərçivəsində yanaşır və beynəlxalq hüququn hazırkı mərhələdə tələb etdiyi mövqeyi müdafiə edir. “Azərbaycanın bu məsələdəki mövqeyi hesab edirəm ki, elə də təəccüblü deyil. Xüsusilə də cənab Prezidentin Şuşada keçirilən forumda qeyd etdiyi ifadə: "Ukrayna xalqı işğalla barışmayacaqdı" və ardından səsləndirdiyi fikirlər. Əslində, bunu cənab Prezident bir-iki il əvvəl də bildirmişdi. Burada əsas məsələ Azərbaycanın yanaşmasıdır. Azərbaycanın mövqeyi budur ki, Rusiya tərəfi Ukraynanın ərazilərinin təxminən 20 faizini işğal edib və apardığı əməliyyatlar faktiki olaraq işğal xarakterlidir. Azərbaycan da vaxtilə işğala məruz qalmış bir ölkə kimi heç vaxt bu cür fəaliyyətləri siyasi baxımdan dəstəkləməyəcək. Açıq şəkildə bildirir ki, Ukraynanın əraziləri işğal olunub və işğalçı Rusiyadır”. T.Rzayevin fikrincə, bu yanaşma, Rusiya–Azərbaycan münasibətlərindəki gərginliklə birbaşa əlaqəli deyil: “Məncə, burada əsas məqam Azərbaycanın əvvəldən müdafiə etdiyi mövqenin indiki siyasi kontekstdə yenidən səsləndirilməsidir. Bu, bəzən Rusiyanın narazılığına səbəb olur. Əvvəllər də oxşar fikirlər səsləndirilib. Digər tərəfdən, Azərbaycan bu günə qədər Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalara qoşulmayıb, siyasi təzyiqlərə də ortaq olmayıb. Bu da Azərbaycanın balans siyasəti ilə əlaqəlidir. İndiki mərhələdə gərginlik müəyyən qədər artıb. Bu baxımdan da Azərbaycan Ukraynaya daha yaxın görünür. Amma əslində, dəyişən xüsusi bir şey yoxdur. Əvvəllər də Azərbaycan Ukraynanın mövqeyini dəstəkləyib. Mən xatırlayıram ki, Azərbaycan tərəfi Ukraynaya pulsuz yanacaq göndərmiş, eyni zamanda dərman və tibbi ləvazimatlar şəklində humanitar yardımlar etmişdi. Bu baxımdan, proseslər yeni deyil, sadəcə olaraq indiki siyasi şəraitdə daha qabarıq görünür. Bu da Azərbaycanın maraqları çərçivəsində baş verir”. Politoloq qeyd edib ki, Azərbaycan heç bir halda işğalçını və işğala məruz qalan tərəfi eyni tutmur: “Ola bilər, siyasi maraqlar naminə müəyyən dövrlərdə balans siyasəti yürüdülüb. Amma bu, işğalçını müdafiə etmək anlamına gəlmir. Azərbaycanın Rusiyanın yanında olmaması, eyni zamanda Ukraynada baş verənlərlə bağlı mövqesiz olması demək deyil. Cənab Prezidentin bir neçə il əvvəl səsləndirdiyi fikirlər yenə təkrarlandı və bir daha Azərbaycanın mövqeyi təsdiqləndi. Təəssüf ki, daxili auditoriyada, bəzi müxalif qruplar və bəzi xarici faktorlar Azərbaycanın Rusiyanın tərəfində olduğu təəssüratını yaratmağa çalışırlar. Amma vəziyyətin necə olduğunu yaxşı bilirlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
32
1
metbuat.az

2Источники