RU

III Şuşa Qlobal Media Forumu beynəlxalq medianın diqqət mərkəzindədir

19–21 iyul 2025-ci il tarixlərində Şuşada keçirilən III Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzindədir. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş Forum rəqəmsallaşmanın media dünyasına təsirini və süni intellektin yaratdığı yeni reallıqları müzakirə etmək məqsədi daşıyır.

Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçıları ilə görüşüb. Prezident çıxışında sürətlə inkişaf edən texnologiyalar fonunda ölkələrin bu prosesə adekvat yanaşma nümayiş etdirməsinin vacibliyini qeyd edib. O, xüsusilə süni intellektin müxtəlif sahələrdə, o cümlədən media sektorunda oynadığı artan rola diqqət çəkərək, bu tendensiyanın informasiya istehsalı və yayımı proseslərini köklü şəkildə dəyişdirdiyini bildirib.

Şuşa informasiya diplomatiyasının mərkəzinə çevrilir

Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış edir. Forumun əsas məqsədlərindən biri – rəqəmsal transformasiyanın media sektoruna təsirini dəyərləndirmək, yeni texnologiyaların məzmunun yaradılması və yayımındakı rolunu təhlil etmək, həmçinin saxta xəbərlərin artdığı bir dövrdə media savadlılığının əhəmiyyətini ön plana çəkməkdir.

Tədbirə 52 ölkədən 140-a yaxın media nümayəndəsi qatılıb. Onların sırasında 30-dan çox nüfuzlu xəbər agentliyinin, yeddi beynəlxalq təşkilatın, 80 media qurumunun və müvafiq dövlət strukturlarının təmsilçiləri yer alıb. Bu, Forumun geniş coğrafi və institusional əhatə dairəsinin göstəricisidir və Şuşanın informasiya diplomatiyasının mərkəzinə çevrildiyini bir daha sübut edir.

Şuşa Forumunun mesajı

Forum müasir çağırışlar fonunda media dayanıqlığının təmin olunması, etibarlı və şəffaf informasiya mühitinin formalaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə keçirilən bu mötəbər tədbir, ölkənin informasiya siyasətində qlobal trendlərə nə dərəcədə adekvat cavab verdiyini, həmçinin süni intellekt dövründə media sahəsində liderliyə iddialı olduğunu bir daha nümayiş etdirir. Şuşa Qlobal Media Forumu, yalnız regionun deyil, bütün dünyanın diqqət mərkəzindədir.

Forumun aktual mövzusu – rəqəmsallaşma, süni intellektin media məkanında yaratdığı çağırışlar və informasiya təhlükəsizliyi ilə bağlı müzakirələr dünyanın müxtəlif ölkələrindən olan media peşəkarlarının böyük marağına səbəb olub. Forum çərçivəsində qlobal media mühitində etibarlı informasiya axınının təmin olunması, dezinformasiya ilə mübarizə, redaksiya məsuliyyəti, media savadlılığının təşviqi və texnoloji transformasiyanın etik çərçivədə tənzimlənməsi kimi məsələlər geniş şəkildə gündəmə gətirilib.

Bütün bunlar Forumun beynəlxalq mediada geniş əks-səda doğurmasına səbəb olub. Dünyanın aparıcı xəbər agentlikləri və media Forum barədə yazılar dərc edərək, tədbirin həm mövzu aktuallığını, həm də Şuşanın simvolik və strateji əhəmiyyətini ön plana çıxarıblar.

“Anadolu” agentliyi

Türkiyənin “Anadolu” agentliyi III Şuşa Qlobal Media Forumu ilə bağlı yazı dərc edərək forumda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına xüsusi diqqət yetirib. Bildirilir ki, tədbirdə süni intellektin xəbər istehsalında yaratdığı imkanlar və ehtimal olunan risklər ətrafında geniş müzakirələr aparılıb. Eyni zamanda, sosial media ilə ənənəvi medianın qarşılıqlı təsirinə dair fikir mübadiləsi baş tutub. “Anadolu” agentliyi forumun əsas mövzularından birinin media savadlığı olduğunu vurğulayaraq qeyd edib ki, bu sahədə maarifləndirmə və beynəlxalq əməkdaşlıq üçün platforma kimi forum böyük əhəmiyyət daşıyır. Forumun media gündəmində mühüm yer tutduğu bildirilir.

Sinxua” xəbər agentliyi

Çinin rəsmi “Sinxua” xəbər agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışına geniş yer ayırıb. Agentlik qeyd edir ki, Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərini yüksək səviyyəli qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq modeli kimi dəyərləndirib. O, ölkələr arasında son illər ərzində imzalanmış mühüm sənədləri, siyasi dialoqun fəallığını, iqtisadi əməkdaşlığın dinamik inkişafını və qarşılıqlı etimada əsaslanan möhkəm əlaqələri xüsusi vurğulayıb. Prezidentin çıxışı Çin ictimaiyyətində də maraqla qarşılanıb.

"Islamabad Post” ingilis dilli nəşri

Pakistanın nüfuzlu "Islamabad Post” ingilis dilli nəşri III Şuşa Qlobal Media Forumu haqqında əhatəli məqalə dərc edib. Məqalə forumun əsas mövzularını və Prezident İlham Əliyevin çıxışını əhatə edir.

“Petra” xəbər agentliyi

İordaniyanın rəsmi “Petra” xəbər agentliyi III Şuşa Qlobal Media Forumuna geniş yer ayırıb. Forumun süni intellekt dövründə informasiya təhlükəsizliyi və media dayanıqlılığına həsr olunması qeyd olunub. “Petra” agentliyi forumda aparılan müzakirələri, faktların yoxlanılması və media etikası mövzularını önə çıxarıb. Həmçinin, iştirakçıların işğaldan azad olunmuş ərazilərə səfəri və mədəni irslə tanışlığı da işıqlandırılıb.

“Sharjah24” xəbər agentliyi

Birləşmiş Ərəb Əmirliklərinin “Sharjah24” xəbər agentliyi III Şuşa Qlobal Media Forumu barədə xəbər yayımlayıb. Bildirilib ki, Prezident İlham Əliyev forum iştirakçıları ilə görüşüb və süni intellektin media sahəsində artan təsirindən danışıb. Tədbirdə rəqəmsal inkişaf, informasiyanın etibarlılığı və media savadlılığı məsələləri müzakirə olunub. “Sharjah24” forumun beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətli platforma olduğunu qeyd edib.

“El Periodista” nəşri

Çilinin “El Periodista” nəşri III Şuşa Qlobal Media Forumunu geniş işıqlandırıb. Yazıda Prezident İlham Əliyevin Xankəndidə mətbuat nümayəndələri ilə görüşündə geosiyasi, enerji və iqlim mövzularına toxunduğu qeyd olunur. Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin bloklanmasına görə Ermənistanı tənqid edib, AZAL-ın təyyarə qəzası ilə bağlı Rusiyaya qarşı beynəlxalq iddia hazırladıqlarını açıqlayıb. Forumda 52 ölkədən nümayəndələr, o cümlədən Çilidən “El Periodista”nın direktoru Fransisko Martorell iştirak edir.

III Şuşa Qlobal Media Forumu təkcə süni intellekt dövründə medianın qarşılaşdığı çağırışların deyil, həm də beynəlxalq informasiya gündəminin formalaşmasında Azərbaycanın fəal rolunun bariz nümunəsidir. Dünyanın müxtəlif ölkələrindən gəlmiş media liderləri Şuşada bir araya gələrək rəqəmsal dövrdə informasiya təhlükəsizliyi, media savadlılığı və qlobal əməkdaşlıq məsələlərini müzakirə edirlər. Forum, həmçinin Azərbaycanın söz azadlığına və media inkişafına verdiyi önəmi nümayiş etdirir. Beləliklə, Şuşa bu dəfə də beynəlxalq dialoqun simvoluna çevrildi.

Избранный
65
50
apa.az

10Источники