RU

Britaniya şirkəti "Dəmirli"də mis hasilatına başlayıb

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkəti Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən “Dəmirli” mis-molibden yatağında ilk filiz hasilatına başlayıb.

Bu barədə Şirkət məlumat yayıb. 

"Anglo Asian Mining plc” “Dəmirli” mis-molibden yatağının istismara verilməsinin başlanması və ilk hasilat barədə məlumat verir. Yatağın istismara verilməsi davam edir və ilin sonunadək istehsalın artacağı gözlənilir", - məlumatda qeyd olunub.

Şirkət 2025-ci ildə “Dəmirli” yatağında təxminən 4 min ton mis konsentratının istehsal olunacağını proqnozlaşdırır.

"2026-cı ildən etibarən istehsalın ildə təxminən 15 min ton misə qədər artacağı gözlənilir. Yatağın istismar müddəti geoloji model və mineral ehtiyatlar modelinin daha da işlənməsindən sonra müəyyən ediləcək", - məlumatda bildirilib.

Şirkət qeyd edib ki, filiz böyük açıq karxanada çıxarılır və zənginləşdirmə fabrikinə avtomobil nəqliyyatı ilə çatdırılır. Azərbaycanın milli enerji sistemi vasitəsilə fabriki elektrik enerjisi ilə təmin edilir, su isə yerli və regional mənbələrdən daxil olur.

"Hazırda su və flotasiya (emal) qalıqları müvəqqəti olaraq mövcud tullantı anbarına atılır. Tullantı anbarının yeni yerləşməsi üçün tam geotexniki tədqiqat proqramı tamamlanıb, həmçinin bənd və boru kəmərinin layihələndirilməsi işləri başa çatıb", - məlumatda bildirilib.

Mədən və zavodun istismarı üçün şirkət təxminən 150 yeni işçi cəlb edib, həmçinin istehsalın rahat şəkildə artırılmasını təmin etmək üçün şirkətin digər müəssisələrindən təxminən 50 təcrübəli işçi köçürülüb.

“Dəmirli” yatağı əlavə mineral ehtiyatlar baxımından əhəmiyyətli potensiala malikdir, artıq mövcud karxana sahəsinin genişləndirilməsi imkanları məlumdur, həmçinin daha sonrakı qiymətləndirmə üçün digər yaxın mis-molibden yataqları müəyyən edilib. Yaxın zamanda regional geoloji kəşfiyyat işləri proqramı həyata keçiriləcək", - məlumatda qeyd edilib.

“Dəmirli” yatağında təxminən 275 min ton mis və 3,2 min ton molibden ehtiyatının olduğu bildirilir.

Qeyd edək ki, hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.

Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi nəzərdə tutulurdu. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir.

© Report

Избранный
10
11
marja.az

10Источники