"Müharibənin əsl günahkarları təkcə silah sıxanlar deyil, həm də mahnı oxuyub insanları aldadanlardır..."
Tanınmış ukraynalı jurnalist və "GORDON" nəşrinin təsisçisi Dmitri Qordon Rusiyanın məşhur simalarından bəzilərini, xüsusilə də müğənni Valeriya və onun həyat yoldaşı, prodüser İosif Priqojini açıq şəkildə Putini dəstəklədiklərinə görə sərt tənqid edib və beynəlxalq ictimaiyyəti bu şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə o, jurnalist Alesya Batsmanla canlı yayımdakı söhbəti zamanı bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.
Qordon Priqojinin son müsahibəsinə baxarkən keçirdiyi emosiyaları gizlətməyib: "Mən bu adamın necə yaltaqlandığını, necə qıvrıldığını izləyəndə dəhşətə gəldim. Elə bil tavada yanıb qıvrılan ilan idi. Amma yox, daha çox daraqda sürtünən bitə bənzəyirdi, bu qədər iyrənc təsir bağışlayırdı".
"Sənətkar" olmağın arxasında gizlənənlər
Qordonun dediyinə görə, Priqojin və onun kimilər bir tərəfdən Rusiyanın qanunsuz prezidentinə - Vladimir Putinə sadiqlik göstərmək, digər tərəfdən isə sanksiyalardan yayınmaq üçün ikiüzlü davranırlar. Priqojinin iddiaları, guya "biz sadəcə öz ölkəmizin vətəndaşlarıyıq, heç bir pis söz demirik, bizi dövlət tədbirlərinə çağırırlar, çünki həyat yoldaşım Valeriya xalq artistidir" - Qordon üçün bəhanədən başqa bir şey deyil.
Qordon acı bir haşiyə ilə deyir: "Valeriya xalq artistidir, bəs yaxşı Alla Puqaçova kimdir? O da xalq artistidir. Makareviç necə? Onlar bu rüsvayçılıqda iştirak etmir, onlar ölkəni tərk edib. Sən isə başdan ayağa bu rüsvayçılığın içindəsən".
"Sonda hamı cavab verəcək"
Qordon xatırladır ki, hələ 2014-cü ildə Krımın ilhaqını dəstəkləyən sənətçilər bu gün də Putinin təbliğat maşınında iştirak edərək dolanışıqlarını təmin etmək üçün müharibəni dəstəkləyir. Onun fikrincə, Rusiya kimi rejimlər hər zaman cəmiyyətə təsir edə bilən tanınmış insanlardan alət kimi istifadə edir - onların populyarlığı cinayətləri leqallaşdırmaq üçündür.
"Buradan hamıya səslənirəm: heç kim qaça bilməyəcək. Kim bu müharibəni dəstəkləyibsə, kim Putinə görə qışqırıb bağırıb, kim onun təbliğatını aparıbsa, hamı cavab verəcək. Uşaqları, qocaları, qadınları öldürməkdə susaraq iştirak edənlər, şəhərlərimizi dağıdanlar, qaçqınlara çevrilmiş milyonlarla insanın faciəsində payı olanlar - hər biri bir gün sorğu-suala çəkiləcək. Onların qapısını döyəcəklər. Deyəcəklər: borcunu qaytar. Qorxunc məhkəmə hər kəsə çatacaq".
Sanksiyalar üçün çağırış
Jurnalist açıq şəkildə beynəlxalq ictimaiyyəti konkret adlar çəkərək çağırır: "Priqojin, Valeriya və bu cür ikiüzlü, hiyləgər, Putinə sədaqətli yaltaqlara qarşı sanksiyalar tətbiq edilməlidir. Onlar sadəcə ikrah doğuran insanlardır, bunun başqa adı yoxdur." Qordonun bu sözləri təkcə jurnalis mövqeyinin ifadəsi deyil, həm də bəşəri vicdanın səsinə çevrilir: müharibənin əsl günahkarları təkcə silah sıxanlar deyil, həm də mahnı oxuyub insanları aldadanlardır.