RU

Azərbaycan-Türkmənistan münasibətləri tarixi bağlar üzərində qurulub - Mehriban Vəliyeva

“Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin başçısı İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında keçirilən görüş, müzakirə edilən mövzular münasibətlərimizdə yeni səhifənin açıldığını deməyə imkan verir. Azərbaycanla Türkmənistan arasındakı tarixi bağlar üzərində qurulan münasibətlərin gələcəkdə daha da güclənməsi üçün bu gün atılan addımlar öz bəhrəsini verəcək”. 


Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. 

 

Onun sözlərinə görə, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ikitərəfli münasibətlərin daha da dərinləşdirməsinə səbəb olacaq:

 

“İki ölkə arasında mövcud əlaqələri daha da inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul vermək üçün güclü  potensial mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Ermənistanın işğalından azad edilmiş Qarabağa səfəri, erməni vandalizminin izlərini şəxsən görməsi, “Böyük Qayıdış” konsepsiyası ilə tanışlıq əhəmiyyət kəsb edir. Azərbaycanla Türkmənistan dövlətlərarası əlaqələri heç vaxt indiki səviyyədə olmayıb. Münasibətlərimizdə qardaşlıq, mehriban qonşuluq və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq prinsipləri hər zaman gözlənilib. Əlaqələrimiz möhkəm tarixi bünövrə üzərində qurulub. İki xalqın bir çox ortaq dəyərləri bölüşməsi, din, dil və qohumluq bağları bizi daha da doğmalaşdırır, güclü edir. Beynəlxalq təşkilatlarda hər zaman Azərbaycana dəstək verən, ərazi bütövlüyümüzü dəstəkləyın Türkmənistan Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti-quruculu işlərində yaxından iştirak etmək, ümumi prosesə töhfə vermək niyyətindədir”. 


Millət vəkili qeyd etdi ki, Azərbaycanla Türkmənistan siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə  geniş əməkdaşlıq edir,bir neçə birgə layihələr icra edirlər:

 

“Azərbaycan və Türkmənistan diplomatik əlaqələri 1992-ci ildə qurulub. Hər iki ölkə bir-birinin suverenliyini, ərazi bütövlüyünü və daxili işlərinə qarışmama prinsipini dəstəkləyir. Dövri olaraq Prezidentlər səviyyəsində qarşılıqlı səfərlərin təşkili isə münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Bu səfərlər siyasi dialoqun inkişafına və yeni sahələr üzrə əməkdaşlığın qurulmasına təkan verir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir. Həmçinin Azərbaycan ilə Türkmənistan arasında əlaqələr uzunmüddətli tarixi, mədəni və dil baxımından ortaq köklərə malik olması, bir-birimizi daha yaxşı anlamağa kömək edir. Müstəqil Dövlətlər Birliyi (MDB), Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı kimi beynəlxalq qurumlarda təmsil olunan Azərbaycanla Türkmənistan regionda sülh və sabitliyin əldə olunması üçün təşəbbüslə çıxış edir, hər cür səyləri dəstəkləyirlər”.

 

Mehriban Vəliyeva onu da bildirdi ki, Azərbaycanla Türkmənistan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sektorudur:

 

“Xəzər dənizində yerləşən bəzi enerji yataqlarının gələcəkdə birgə işlənməsi hazırda müzakirə mövzusudur. 2021-ci ildə ölkələrimiz arasında “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı əldə edilən razılıq da bu məqsədlərə xidmət edir. İki ölkə arasında ticarət dövriyyəsi illər üzrə artmaqdadır. Azərbaycandan Türkmənistana əsasən ərzaq məhsulları, tikinti materialları ixrac edilir. Eyni zamanda Türkmənistandan isə ölkəmizə daha çox neft məhsulları, tekstil və kimyəvi maddələr idxal olunur. Bu xüsusda Bakı-Türkmənbaşı limanları arasında bərə daşımaları vacib nəqliyyat xətti hesab edilir. Həmçinin Azərbaycanla Türkmənistan arasında nəqliyyat və logistika sahəsində də geniş əməkdaşlıq imkanları mövcuddur. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) – Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya çıxışı təmin edən vacib arteriyalardan biridir. Sözsüz ki, iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi qarşıya qoyulan vəzifələrin daha yüksək səviyyədə icrasına mühüm təkan olacaq. Bütün Mərkəzi Asiya dövlətləri kimi, Türkmənistan da Avopaya çıxış üçün sərfəli, təhlükəsiz və rahat dəhlizin yaradılmaında maraqlıdır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təşəbbüskarlarından biri, fəal iştirakçısıdır. Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmaqdadırlar. Tranzit nəqliyyat layihələri region üçün mühüm əhəmiyyət kəsb edir”.

Избранный
72
50
modern.az

10Источники