RU

"US Legend Cars" avtomobil yarışının qızıl medalçısı:Qalib olduğum üçün sevincliyəm FOTOLAR

BAKI, 20 iyul. TELEQRAF

Bakıda üçüncü dəfə “US Legend Cars” avtomobil yarışları baş tutub.

Teleqraf xəbər verir ki, iyulun 19-da Dövlət Bayrağı Meydanında keçirilən tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunub.

Xüsusi hazırlanmış trasda 12 peşəkar pilot, klassik dizaynla müasir texnologiyanı birləşdirən kompakt avtomobillərlə mübarizə aparıb. 25 dövrəlik gərgin mübarizənin yekununda birinci yerin sahibi Adil Axundov olub.

O, qələbə sevincini Teleqraf-a bölüşüb: “Yarışa hazırlığımız iyunun 9-dan başlayıb. Həmin gün buna oxşar yarış olmuşdu ki, orada da qalib olmuşdum. Üç mərhələdən ibarət yarış izlədiniz. Birinci mərhələdə 28 pilot arasında fərqləndim. Startdan yarışa yaxşı başladım. Özümdən arxada olan rəqibləri keçdim. Yarışın birincisi olduğum üçün sevincliyəm”.

İkinci yerin sahibi Fərid Quliyev isə təəsüratlarını belə ifadə edib: “Yarış yükaək səviyyədə təşkil olunmuşdu. Rəqiblərim güclü idi. Startda zəif başladım. Qəza nəticəsində öz yerimi itirdim. Sonra 25 dövrədə rəqiblərimi ötərək yarışın ikincisi olmağı bacardım”.

Elvin Xudaverdiyev də yarışın üçüncüsü olaraq fikirlərini bölüşüb: “Bu yerə çıxdığım üçün təəccüblənmirəm. İllərdir bu işlə məşğulam. Avtomobillə yarışlarda yeniyəm. Bəzi təcrübəsiz pilotlar qaydaları pozdular. Dönmə zamanı bizə yol vermədilər, buna görə gecikdim və birinciliyi qaçırdım”.

Axşam proqramı çərçivəsində baş tutan drift-şou, avtomobil və motosikletlərlə ekstremal tryuklardan ibarət Stunt Show, eləcə də motosiklet şousu qonaqlara unudulmaz emosiyalar və adrenalin yaşatdı. Şounun əsas ulduzları isə dünya üzrə 20-dən çox rekordun sahibi olan britaniyalı avtokaskadyor Terri Qrant, Böyük Britaniyanın çoxqat freestyle çempionu, motokaskadyor Li Bauers və İrlandiyadan olan peşəkar drift pilotu Neyl Qan olub.

Избранный
55
teleqraf.com

1Источники