RU

Bölgə komandasının məşqində sürpriz qonaq - “Sportinfo“ hadisə yerində: FOTOLAR

İstirahət məqsədilə üz tutduğum Qəbələdə stadiona baş çəkməsəydim, səfərin dadı-quzu olmazdı.

Onsuz da futbol adamları getdiyi hər məkanda top və yaşıl sahə axtarır.

Necə deyərlər, “həm ziyarət, həm ticarət” devizi ilə üz tutdum Qəbələ şəhər stadionuna.

Futbol sahələri, maşallah, o qədərdir ki, sağa-sola baxdıqca adamın başı gicəllənir. Futboldan çox kurort şəhəri kimi tanınan şəhərdəki inanılmaz dərəcədə möhtəşəm şərait adamı Avropaya “aparır”.

Sağdakı meydanda “Qəbələ”nin, digərində “Şamaxı”nın məşqinin canlı şahidi olduğumdan, bu yazıda birincilərdən bəhs edəcəyəm.

Hər kəsi maraqlandıran sual təbii ki, I Liqanın çempion adını qazanan komandanın hazırkı durumudur. Ötən mövsümkü heyət böyük ölçüdə qorunub-saxlanıb, əlavə olaraq üç legioner cəlb olunub, daha bir afrikalı U-19 komandasından gəlib.

Saatyarımlıq müşahidələrimə əsasən onu deyə bilərəm ki, gördüyüm “Qəbələ” çempionata bu heyətlə başlasa, azarkeşlərin qələbə arzusu ən yaxşı halda 1-2 aydan sonra gerçəkləşəcək.

Xətlərarası əlaqə istənilən səviyyədə deyil, hücumların qurulmasında ciddi problemlər yaşanır. Ustalıq səviyyəsinin azlığı isə başlıca problemdir.

Ortabab rəqiblərlə başa-baş mübarizə aparıb, sonuncu olmamaq üçün komandanın ciddi mənada güclənməsinə ehtiyac var. Azı 3-4 təcrübəli legionerlər gətirilməlidir ki, Kaxaber Tsxadadze iş görə bilsin. Afrikalı “uşaqlarla” uzağa getmək mümkün olmayacaq.

Tsxadadze demişkən, adam sakitləşmək bilmir. 10-15 il əvvəl “İnter”də gördüyüm Kaxanın eynisinə tamaşa etməklə illər öncəyə qayıtdım. Yenə son dərəcə istəkli, hədsiz dərəcədə çılğındır.

Məşqin gedişində dəfələrlə fitini səsləndirib, futbolçulara lazım olan tapşırıqları verirdi. Fikirlərini daha çox ingilis dilində çatdırmasına baxmayaraq, bəzən rusca, bəzən azərbaycancadanışmaqla bir növ hirsini soyudurdu. Hiss olunur ki, Premyer Liqa üçün darıxıb, nəticə vermək niyyətindədir.

Baş məşqçinin özü də hazırkı durumun qənaətbəxş olmadığının fərqindədir. Lakin qarşıda təxminən bir ay zamanın olduğunu düşünüb, yaxşıya ümid edir.

Yeni transferlərin bacarığına gəlincə, zəngin təcrübəyə malik Adriel Ba Louanın ustalıq səviyyəsi topla hərəkətlərindən və zərbə texnikasından aşkar görünür. Düzdü, hələ ki, ideal formada deyil. Fiziki durumunu tam yaxşılaşdırandan sonra “sarı-qaralar”a fayda verəcək.

Mərkəz müdafiəçisi İsaak Amoahın arxa xətdə etibarlı olacağını gözləməyə dəyər. Ucaboy olmasına baxmayaraq, cəldliyi və topla davranışı kənardan xoş təsir bağışlayırdı. “3-lü stopper” sisteminin mərkəzində yer alacaq.

19 yaşlı Paulo ilə Prins barədə qəti fikir bildirmək çətindir. Sürət və əzmkarlıq cəhətdən xoş gələcək vəd etsələr də, texniki bacarıq və təcrübə baxımından “axsayırlar”.

HƏBİB, Qəbələ

SPORTİNFO.AZ

Избранный
16
sportinfo.az

1Источники