RU

“Gülşənin vəfatı Azərin ölümünü tezləşdirdi, yasında ən çox o ağladı”-FOTO+ÖZƏL

“Azər əvəzsiz insan, sədaqətli dost idi. Yumor hissi çox güclü idi. Həyatsevər idi. Gözəlliyi çox sevirdi. AZTV-də uzun illər aparıcılıq etdi. Verilişlərinin ssenarisin də özü yazırdı. Yadımdadır ki, o hərbi xidmətə getdi, gələndən sonra əsgər geyimində efirə çıxdı. Onu bütün tamaşaçılar sevirdi. Həm də Azər nəcabətli bir nəslin nümayəndəsi idi. Onun anası bəy nəslindən idi. Həsən bəy Zərdabinin də qohumu idi. Bəlkə də yazmaq qabiliyyəti ondan Azərə keçmişdi”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Yasin Qarayev deyib. O əziz dostunu anım günündə xatirələrlə yad edib:

“Azərin yumor qabiliyyəti çox güclü idi. Bir dəfə Opera və Balet teatrında Azər, Gülşən, mən və Elnur Hüseynov səhnəcik oynayırdıq. Gülşən gəlib bizə dedi ki, mən öləndə ağlayacaqsız? Dedim ki, Gülşən, mən səndən yaşda böyüyəm, sən niyə ölürsən ki? Gəlib Azərə dedi. Azər də dedi ki, “xeyr, ağlamayacam”. Gülşən dedi ki, “4 il bir partada oturmuşuq, 30 il bir teatrda işləyirik”. Azər dedi ki, “ay balam, mənim əlimdə iş çox olacaq. Molla çağıracam, mağarı quracam, qoy Yasin ağlasın da”. Aradan heç 15 gün keçmədi Gülşəni itirdik. Gülşənin yasında Azərdən çox ağlayan olmadı. Azər dəyanətli dost idi. Bəlkə də Azərin dünyadan tez köçməsinə səbəb Gülşənin tez ölməsi oldu” deyə sənətkar bildirib.

Xalq artisti dostu ilə son görüşünü belə xatırlayıb:

“2014-cü il, iyulun 18-i idi. Teatrdan bir qrup aktyorla yığışıb onun görüşünə getdik. Vəziyyəti çox ağır idi. Nitqi də tutulmuşdu. Hissiyatı da qalmamışdı. Anası sağ idi. İçəri girən kimi qışqırdı ki, Azər, dostların gəlib! Mən gəlib Azərin qabağında diz çökdüm. Anası dedi ki, “Azər, Yasindir, dostun”. Gördüm ki, gözü atır. Əlimi qaldırırdı ki, öpsün. Teatrımızdan da dindar bir qadın gəlmişdi. Dedi ki, Azər, kəlmeyi-şəhadəti deyək? Azər başı ilə “hə” deyə işarə etdi. Nadir insanlardandır ki, danışa bilməsə də kəlmeyi-şəhadətini özü dedi. Bir gün sonra Azəri itirdik” deyə sənətkar bildirib.

Избранный
16
moderator.az

1Источники