RU

Rusiya Hindistanı itirə bilərmi?: Yeni enerji siyasəti və Qərbin təzyiq strategiyası

Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Rusiya enerji bazarında ciddi itkilərlə üz-üzədir. Hindistanın Rusiya neftindən imtina ehtimalı və ABŞ-nin yeni sanksiya təhdidləri fonunda, Moskvanın enerji siyasətindəki çətinliklər daha da dərinləşir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Hindistan uzun müddətdir neft tədarükünü şaxələndirməyə çalışır. Onun sözlərinə görə, əvvəllər əsas təchizatçıları arasında Yaxın Şərq ölkələri olsa da, Rusiya müharibədən sonra Hindistan üçün endirimli qiymətlərlə cəlbedici təkliflər irəli sürdü:

“Amma hazırda ABŞ-ın sanksiya hədələri, xüsusilə ikinci dərəcəli sanksiyaların tətbiq olunacağı ilə bağlı açıq siqnallar Dehlini geri çəkilməyə məcbur edir. Hindistan artıq Braziliya, Kanada və Qayana kimi ölkələrlə alternativ təchizat imkanlarını müzakirə edir”.

Müsahibimiz qeyd edib ki, bu, Rusiya üçün həm iqtisadi, həm də siyasi baxımdan ciddi zərbədir. Hindistan son illərdə Rusiyanın ən böyük enerji alıcılarından birinə çevrilmişdi. Əgər bu bazarı itirərsə, Rusiya Qərbin sanksiyalarına görə itirdiyi Avropa bazarının əvəzini də tapa bilməyəcək. Alternativ alıcıların tapılması isə həm texniki, həm diplomatik, həm də logistik baxımdan çox çətindir.

ABŞ-nin tətbiq edə biləcəyi sanksiyaların miqyası və təsirinə gəlincə, həmsöhbətimizə görə, Amerika artıq bir neçə dəfə bu taktikanı tətbiq edib: əvvəlcə birbaşa sanksiyalar, daha sonra isə həmin dövlətdən mal alan və ya o bazarda iştirak edən tərəflərə qarşı sanksiya. Hazırda gündəmdə olan 500 faizədək tariflər və əlavə vergi rıçaqları potensial alıcı ölkələr üçün ciddi iqtisadi risk yaradır. Bu da Rusiya ilə ticarətdə olmaq istəyən ölkələrin sayını əhəmiyyətli dərəcədə azalda bilər.

Z.Qarayeva bildirib ki, Çin məsələsində ehtiyatlı olmaq lazımdır:

“Pekin Rusiyadan enerji alışı baxımından hələlik strateji əməkdaşlığı qoruyur. Amma ABŞ-Çin münasibətləri istənilən anda bu balansı poza bilər. Əgər Vaşinqton Pekinə qarşı əlavə sanksiya rıçaqlarını işə salsa, Çin də alış həcmini azalda bilər. Üstəlik, Çinin də enerji tədarükündə müxtəliflik yaratmağa çalışdığı məlumdur”.

Züriya Qarayeva: Rusiya üçün ən real nəticə istehsalı azaltmaq və daxili bazara yönəlmək ola bilər

Bəs bütün bu proseslər fonunda Rusiya nefti hara yönəldə bilər? Bu suala cavab verən politoloq deyib ki, alternativ tapmaq çox çətindir:

“Cənubi Amerika, Afrika və bəzi Asiya ölkələri nəzərdən keçirilə bilər. Lakin bu ölkələrin bazar tutumu məhduddur. Digər tərəfdən, nəqliyyat xərcləri, siyasi risklər və sanksiya təhlükəsi bu prosesi mürəkkəbləşdirir. Rusiya üçün ən real nəticə istehsalı azaltmaq və daxili bazara yönəlmək ola bilər. Bu isə ümumi iqtisadi durumu daha da pisləşdirəcək”.

Z.Qarayeva hesab edir ki, bu proseslər Moskvanın Ukrayna müharibəsinə təsir edə bilər:

“Rusiya üçün enerji ixracı əsas maliyyə qaynağıdır. Əgər bu gəlir mənbəyi azalarsa, Moskvada hərbi kampaniyanın maliyyələşdirilməsi də sual altına düşəcək. Bu səbəbdən enerji bazarındakı bu dinamika, əslində, dolayısıyla müharibənin gələcəyi üçün də kritikdir. Qərbin strategiyası da məhz bu zəif nöqtəyə yönəlib”.

Zülfü Məmmədov

Избранный
19
50
bakivaxti.az

10Источники