Azərbaycanda qiymətlərin azalması qeydə alınıb.
Rəsmi statistikaya görə, 2025-ci ilin iyun ayında qiymətlər may ayı ilə müqayisədə 0.4 faiz, o cümlədən qida məhsulları 1.3 faiz ucuzlaşıb.
Elə bundan irəli gələrək 2025-ci ilin yanvar-may aylarında artan illik inflyasiya dinamikasında iyunda azalma müşahidə olunub.
Belə ki, yanvar ayında 5.4 faiz olan illik inflyasiya mayda 6.3 faizə qədər yüksəlsə də, iyunda 6 faizə enib. İqtisadçı Rəşad Həsənov qiymət enməsini qida məhsullarının ucuzlaşması ilə əlaqələndirib:
"Burada əsasən meyvə və tərəvəzin ucuzlaşmasından söhbət gedir. Digər məhsulların qiymətlərində isə hətta artımlar müşahidə olunur".
Ekspert hesab edir ki, ucuzlaşma islahatların nəticəsi deyil və müvəqqəti xarakter daşıyır.