RU

Paşinyanın etirafları: Ermənistan illüziyadan reallığa doğru

Baş nazirin son mətbuat konfransı bir çox baxımdan işğalçı dövlətin ideoloji və geosiyasi dönüş nöqtəsi kimi qiymətləndirilə bilər

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransında verdiyi bəyanatlar postmüharibə dövrünün təkcə nəticələrinin deyil, həm də yeni mərhələsinin başlanğıcını ortaya qoydu. Tarix boyu xarici güclərin təsiri altında formalaşmış, imperiya siyasətinin oyuncusu və aləti olmuş Ermənistan indi real müstəqil mövqe axtarışına çıxıb. Bu yol isə yalnız region dövlətləri ilə ilk növbədə, Azərbaycan və Türkiyə ilə sağlam münasibətlər qurmaqdan keçir.

Ermənistan tarix boyu milli kimliyini başqalarına düşmənçilik üzərində formalaşdırıb. Etno-milli təmizləmələr, süni ərazi iddiaları və “böyük Ermənistan” illüziyası bu ideologiyanın əsas dayaqlarına çevrilib. Bu vassal ölkənin dövlətçilik təcrübəsi və siyasi təfəkkürü uzun illər boyu başqalarının torpaqları hesabına qurulmaq düşüncəsi üzərində inkişaf etdirilib. Lakin 2020-ci ilin 44 günlük Vətən müharibəsi bu mifləri darmadağın etdi. Azərbaycan bu müharibədə yalnız ərazilərini işğaldan azad etmədi, həm də bölgədə yeni reallıq yaratdı. Məhz bu reallığın fonunda son mətbuat konfransında  Paşinyanın etirafları səsləndi. O bildirdi ki, Ermənistan qonşularının ərazi bütövlüyünü tanımadan öz ərazi bütövlüyünü tanıya bilməz, çünki onlar bir-biri ilə əlaqəlidir. Bu cümlə indiyədək heç bir Ermənistan liderinin dilindən bu qədər açıq və konkret formada səslənməmişdi. Bu, Azərbaycanın Qələbəsinin, diplomatik gücünün və regionda yaratdığı yeni tarazlığın birbaşa nəticəsidir.

Baş nazir Nikol Paşinyan mətbuat konfransında ölkə ərazisində “ikinci dövlətin” mövcudluğuna icazə verməyəcəyini bildirib. O, separatçıların binasının müsadirəsi barədə deyib: “Mən açıq şəkildə dedim ki, Ermənistanda ikinci dövlətin mövcudluğuna icazə verə bilmərəm. Bunu əvvəllər də demişdim və ümid edirdim ki, bu mesaj başa düşüləcək". Bu sözlər onun artıq konkret qərarlar verməyə məcbur qaldığını göstərir. Uzun illər boyu Ermənistanda formalaşdırılmış “Dağlıq Qarabağ klanı” və separatçı ünsürlərin bu ölkənin siyasi və sosial həyatında tutduğu qeyri-rəsmi mövqe artıq hökumətin özünü də narahat edən faktora çevrilib. Artıq İrəvanın rəsmi dairələri də anlayır ki,  uydurma qurumların, qeyri-qanuni simvolların və separatçı ideyaların Ermənistan üçün təhlükə törətməyə başladığı bir mərhələyə gəlinib. Gec də olsa bu reallığı qəbul etmək məcburiyyətində qalan Ermənistan rəhbərliyi, görünür, ilk dəfədir ki, daxili sabitliyi təmin etmək naminə separatçılığın öz içlərindəki köklərini kəsməyə hazırlaşır.

Dəhliz mövqeyində dönüş

Məhz bu daxili təhdidlərin və qeyri-qanuni mərkəzlərin neytrallaşdırılması fonunda Ermənistan rəhbərliyi tədricən regiondakı reallıqlarla barışmağa və praktiki məsələlərə daha praqmatik yanaşmağa başlayır. Məlum olduğu kimi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əksini tapan regiondaxili kommunikasiyaların açılması məsələsi hələ də tam reallaşmayıb. Ermənistan bu müddət ərzində xüsusilə Zəngəzur dəhlizinə qarşı çıxmaqla bu prosesə açıq şəkildə dirəniş göstərib. Lakin son dövrlərdə onun bu mövqeyində nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Artıq İrəvan rəhbərliyi də anlayır ki, bu dəhlizin açılması təkcə Azərbaycan və Türkiyənin maraqlarına xidmət etmir – elə Ermənistanın özü üçün də strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır.

Baş nazirin son bəyanatları bu reallığın qəbul edildiyini göstərir. O, bildirib: “Bəzi qüvvələrin və insanların Ermənistan ərazisindən dəmir yolu hərəkətinin bərpasını faciə kimi təqdim etməyə çalışmaları təəccüblüdür. Halbuki, əsl faciə Ermənistanın tranzit dəmir yolu əlaqələrinin illərlə olmamasıdır.” Bu açıqlama Ermənistanın özünü uzun illər tənha, qapalı və iqtisadi blokada vəziyyətində saxladığını, bu siyasətin isə nəticə vermədiyini etiraf etmək deməkdir. Sözsüz ki, bu yanaşma dəyişməsəydi, Ermənistan həm regionun geosiyasi reallıqlarından, həm də iqtisadi əməkdaşlıq imkanlarından tamamilə kənarda qalacaqdı. İndi baş verənlər göstərir ki, dəhliz ideyasına qarşı uzunmüddətli dirəniş artıq tədricən yerini əməkdaşlıq gündəminə verir.

Paşinyan “Qarabağ Ermənistandır” dediyinə görə peşmandır

2019-cu ildə “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi ilə regional gərginliyi daha da alovlandıran Ermənistanın baş naziri Nikol Paşinyan bu gün həmin sözlərə görə peşmanlıq ifadə edir. Onun bu etirafı təkcə şəxsi mövqeyinin dəyişməsi deyil, həm də Ermənistanın uzun illər boyu yürüdülən yanlış siyasətindən geri çəkilməsi baxımından ciddi siyasi və psixoloji dönüş kimi qiymətləndirilə bilər.

Paşinyan açıq şəkildə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması qərarı əslində daha erkən verilməli idi. Bu sözlər Ermənistanın 44 günlük Vətən müharibəsinə gətirib çıxaran sərsəm iddialarının və avantürist yanaşmalarının indi öz siyasi rəhbərliyi tərəfindən də yanlış hesab olunduğunu göstərir. Faktiki olaraq Paşinyan bu bəyanatı ilə həm beynəlxalq hüququn aliliyini qəbul etdiyini, həm də keçmişdəki maksimalist yanaşmaların Ermənistanı nə qədər ağır nəticələrlə üz-üzə qoyduğunu etiraf edir. Üstəlik, o, Ermənistanın ərazi ölçüsünü də dəqiq rəqəmlə ifadə edərək  29 743 kvadratkilometr  bu sərhədlər daxilində dövlət olaraq fəaliyyət göstərməli olduqlarını vurğulayıb. Bu bəyanatla Paşinyan təkcə “Qarabağ Ermənistandır” iddiasına deyil, həm də on illərdir işğalçı dövlətinin daxili və xarici siyasətini zəhərləyən “miatsum” ideyasına (yəni Qarabağın Ermənistana birləşdirilməsi arzusu) son nöqtəni qoymuş olur. Bu çıxış, eyni zamanda, Ermənistan cəmiyyətinə və diasporuna ünvanlanmış ciddi mesajdır: Paşinyan rəqiblərinə mesaj verir ki, Qarabağla bağlı yalan və illüziyalara əsaslanan siyasət dönəmi başa çatıb. Real geosiyasi və hüquqi çərçivədə yaşamaq, regionda sülh və əməkdaşlıq perspektivinə açıq olmaq Ermənistanın yeganə çıxış yoludur. Paşinyanın bu mesajı həm də onun siyasi iradəsinin dəyişdiyini və illüziyalardan ayılmaq məcburiyyətində qaldığını göstərir.

Türkiyə ilə münasibətlər: Alternativ yoxdur!

Paşinyan açıq şəkildə bildirib ki, Ermənistanın Türkiyə ilə müharibə yolu seçmək imkanı yoxdur və bu münasibətlərin normallaşdırılması alternativsizdir. O, bəzi vətəndaşların bu məsələ ilə bağlı narazılıqlarını anlamadığını bildirib. Əslində, bu da yeni düşüncə tərzinin əlamətidir. Ermənistanın baş naziri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün onda müsbət təəssürat yaratdığını da qeyd edib. Bu, Ermənistan rəhbərliyinin regionda güc balansını düzgün qiymətləndirməsinin göstəricisidir. Ermənistan artıq anlayır ki, normal gələcək yalnız Türkiyə kimi nəhəng beynəlxalq güclə əməkdaşlıqdan keçir.

Paşinyanın bu kimi açıqlamaları təkcə siyasi reallıqların etirafı deyil, həm də daxili siyasətdə yeni mərhələnin – 2026-cı il parlament seçkilərinə hazırlığın başlanğıcıdır. Bu mətbuat konfransı onun seçkiqabağı platformasının ilk anonsu sayıla bilər. O, Ermənistanın gələcəyini qonşularla,  xüsusilə Azərbaycan və Türkiyə ilə  sülh münasibətlərində görür. Bu isə yüzillik düşmənçilik siyasətinə son qoymaq niyyəti kimi dəyərləndirilə bilər. Paşinyan erməni cəmiyyətinə çatdırmaq istəyir ki, Hayastanın müstəqilliyi, azadlığı və inkişafı məhz türklərlə normal qonşuluq siyasətindən keçir. Bu, həm daxili sabitlik, həm də regional inteqrasiya baxımından əhəmiyyətlidir.

Nəticə etibarilə  Nikol Paşinyanın son mətbuat konfransı bir reallığı göstərdi: Ermənistan artıq fərqli dəyərlər əsasında gələcəyini qurmaq istəyir. Əlbəttə, bu, hələlik bir istək, bəyanat, cəhd səviyyəsindədir. Həyata keçməsi üçün ardıcıl, səmimi və praktiki addımlar atılmalıdır. Amma bir fakt dəyişməzdir: Ermənistan bu gün Azərbaycanın yaratdığı yeni regional reallığı qəbul edir. Bu, Azərbaycanın siyasi, hərbi və diplomatik zəfərinin təsdiqidir. Paşinyan gec də olsa başa düşdü ki, regionda sülhə, sabitliyə, inkişaf və təhlükəsizliyə aparan yol yalnız bir istiqamətə aparır – Bakı və Ankara ilə əməkdaşlıq!

Nigar Orucova, "İki sahil"

Избранный
47
ikisahil.az

1Источники