RU

Qaz şəbəkəsində ağıllı idarəetmə

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi və Birləşmiş Ərəb Əmirliklərinin “Esyasoft Holding” LTD şirkəti arasında ağıllı qaz şəbəkəsinin layihələndirilməsi, qurulması və istifadəyə verilməsi haqqında müqavilə imzalanıb.

Layihənin əsas məqsədi qabaqcıl ağıllı qaz idarəetmə sistemi texnologiyalarının tətbiqi sayəsində Azərbaycanın ərazisində qazın paylanması sahəsində əməliyyat səmərəliliyini artırmaq, xərcləri optimallaşdırmaq, mövcud qaz itkilərini azaltmaq, habelə “Azəriqaz” İB-nin göstərdiyi xidmətlər üzrə müştəri və vətəndaş məmnunluğunu yüksəltməkdir. Bu barədə Dövlət Neft Şirkətindən məlumatı verilib.

Bildirilib ki, layihə 2,5 milyon ağıllı sayğacın quraşdırılması və sistemə dəstək mərhələləri nəzərə alınmaqla, təxminən, 14 illik dövrü əhatə edəcək. Bu dövr ərzində 480 milyon ABŞ dolları sərmayənin yatırılması nəzərdə tutulur. Həmin vəsait yaxın gələcəkdə şəbəkənin rəqəmsallaşdırılmasının, ağıllı təzyiq və temperatur sensorlarının quraşdırılmasının, “Rəqəmsal həllər laboratoriyası”nın yaradılmasının, əməkdaşların qabaqcıl texnologiyalar üzrə təliminin və beynəlxalq təcrübə mübadiləsinin təşkilinin, süni intellektin tətbiqi, məlumatların Hökumət buludunda yerləşdirilməsi ilə informasiya təhlükəsizliyinin təmin olunmasının, eləcə də müasir texnologiyalarla təchiz edilmiş idarəetmə mərkəzinin qurulmasının mümkünlüyünə imkan verəcək. Bununla yanaşı, istehlakçılar daha dəqiq hesablama, real vaxt rejimində istifadə monitorinqi, problemlərin sürətli həlli, uzaqdan xidmət və rəqəmsal platformalar vasitəsilə istehlak məlumatlarına asan çıxış kimi üstünlüklər əldə edəcəklər.

Xatırladaq ki, ötən il Bakıda keçirilən COP29 çərçivəsində SOCAR ilə “Esyasoft Holding” LTD arasında imzalanmış əməkdaşlıq sazişinin davamı olan bu müqaviləni SOCAR prezidenti Rövşən Nəcəf, “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov və “Esyasoft Holding” LTD-nin baş icraçı direktoru Bipin Çandra imzalayıblar.

 

Избранный
29
20
xalqqazeti.az

10Источники