"OpenAI" insan müdaxiləsi olmadan kompüterdə və brauzerdə tapşırıqları yerinə yetirə bilən universal süni intellekt agentini ChatGPT platformasında təqdim edib. Yeni funksiya saytlarda sifarişlərin verilməsi, proqramların işə salınması və hətta səyahətlərin planlaşdırılması kimi tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilir.
Valyuta.az xəbər verir ki, "ChatGPT Agent" əvvəlki iki agentin – brauzer əsaslı "Operator" və tədqiqat yönümlü "Deep Research" – imkanlarını birləşdirir. İndi ChatGPT, API-lərlə, brauzerlə və terminal vasitəsilə tam funksional agent kimi işləyə bilir. Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.
Əsas əməliyyatları yerinə yetirməzdən əvvəl süni intellekt istifadəçidən icazə alır və prosesin gedişini real vaxtda göstərir. Lazım gəldikdə, istifadəçi istənilən anda tapşırığı dayandıra və ya dəyişə bilər.
"OpenAI"ın açıqlamasına görə, "Agent" 100-dən çox fənni əhatə edən minlərlə sualdan ibarət mürəkkəb testdə 41,6% nəticə göstərib ki, bu da "o3" və "o4-mini" modellərinin göstəricilərini təxminən iki dəfə üstələyir.
Yenilik artıq "Plus", "Pro" və "Team" abunəçiləri üçün əlçatandır. Onu aktivləşdirmək üçün ChatGPT alətlər menyusunda "agent rejimi" seçilməlidir.
Paşa Məmmədli