Bakı, 18 iyul, AZƏRTAC
“Yüksəliş” müsabiqəsi bu 5 il ərzində Azərbaycanın həm biznes, həm də dövlət sektorunda orta vəzifəli rəhbərlər arasında böyük dinamizm yaradıb. Minlərlə əməkdaşlarımız, həmkarlarımız bu müsabiqəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Sahil Babayev müsabiqənin final mərhələsinə həsr olunmuş açılış mərasimində bildirib.
“Bu gün burada iştirak edən finalçılara qalib demək olar. Çünki rəqəmlərdən gördük: 16 min 500-dən çox iştirakçının arasından 124 nəfər finala çıxıb. İnanıram ki, final mərhələsi də yekunlaşdıqda, qaliblər müəyyən edildikdə, sizin hər biriniz buranı unudulmaz təəssüratla tərk edəcəksiniz. “Yüksəliş” müsabiqəsi sizin həyatınıza yeni meyar, düşüncə tərzi gətirəcək. Bu dövr ərzində mentorluq etdiyim, görüşdüyüm qaliblər, finalçılar, yarımfinalçılar, - ümumi sayı bir neçə yüz olar, - onların əksəriyyətindən müsbət təəssüratla ayrılmışam, gənc və orta yaşlı potensialın yetişdiyini görmüşəm, - deyə nazir qeyd edib.