RU

Avtomobillər niyə yanır?

Yay aylarında havaların həddindən artıq isti keçməsi təkcə insanlar üçün deyil, nəqliyyat vasitələri üçün də risk yaradır. Son günlər avtomobillərin yanması ilə bağlı xəbərlərə daha çox rast gəlinir. Bəs bu təhlükədən necə qorunmaq olar? Avtomobil ustası Sahil Ağabəyli Metbuat.az-a açıqlamasında bildirib ki, bu yanmaların əksəriyyəti, təxminən 80-90 faizi, ön nahiyədən, yəni kapotun altından başlayır. Kapotun altında isə əsasən yanacaq və elektrik sistemləri yerləşir: “Yanacağa və elektrik naqillərinə müdaxilə halları, xüsusilə avtomobilin ön nahiyəsində baş verən istiliklərlə birlikdə, əsasən də ili köhnə avtomobillərdə yanma riskini artırır. Çünki bu avtomobillərə müxtəlif müdaxilələr olunur. Avtomobilin naqil sistemində dəyişikliklər edilir, yüksək gücə malik maqnitofonlar və ya ksenon işıqlar quraşdırılır. Bu cihazlar naqillərə normadan artıq cərəyan yüklənməsinə səbəb olur. Nəticədə naqillər alışma həddinə çatır və yanğın baş verir”. S.Ağabəylinin sözlərinə görə, bəzi ustalar qoruyucu vasitələr belə quraşdırmır və nəticədə avtomobilin özünün yanmasına qədər gedib çıxan hallar olur: “İnsanlar da çox vaxt keyfiyyətsiz və ucuz işə üstünlük verirlər, bir elektrik işini kimsə 20 manata görürsə, digəri 10 manata keyfiyyətsiz formada edir və vətəndaş da ona razı olur. Yanğınların digər bir səbəbi mühərrik ətrafında baş verən yağ axıntılarıdır. Havanın çox isti olduğu vaxtlarda yağın buxarlanması yüksək temperaturda yanğına gətirib çıxarır. Bundan başqa, yanacaq sistemində olan boruların köhnəlməsi, onların vaxtında dəyişdirilməməsi, həmçinin ustaların farsunkaları söküb yuduqdan sonra düzgün yığmaması, ştekerlərin boş bağlanması nəticəsində benzin sızmaları və alışmalar baş verə bilir”. Mütəxəssis qeyd edib ki, avtomobilin içərisində saxlanılan spreylər, qazlı içkilər, qoltuqaltı dezodorantlar və ətirlər də təhlükə yaradır: “Bunlar birbaşa günəş şüaları altında qalarsa, partlayış və yanğın riski yarada bilər. Bu cür məhsullar yalnız günəş şüası vurmayan yerlərdə saxlanılmalıdır. Ümumiyyətlə, avtomobili uzun müddət günəş altında saxlamaq tövsiyə olunmur. Çünki yanacaq çənindəki benzin qazlanaraq alışma riski yarada bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
11
metbuat.az

1Источники