"Suriyanın cənubda toqquşmalar və İsrailin hava zərbələri fonunda ağır humanitar mənzərə..."
BMT Təhlükəsizlik Şurası Suriyanın cənubunda artan zorakılıq və İsrailin hava hücumlarının yaratdığı təhlükəli eskalasiyanı müzakirə etmək üçün təcili iclas keçirib.
Moderator.az xəbər verir ki, bu barədə "news.un.org" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Xalid Hiari, eləcə də Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya vəziyyətə dair ciddi xəbərdarlıqlar səsləndirib.
Druz-Bədəvi qarşıdurması: yüzlərlə qurban, pozulmuş hüquqlar
İyulun ortalarında əsasən druzların yaşadığı ərazidə- Əs-Süveyda vilayətində qarşılıqlı adam oğurluqları silahlı qarşıdurmaya çevrilib. Druz silahlı qrupları ilə bədəvi tayfaları arasında baş verən döyüşlər nəticəsində həm təhlükəsizlik qüvvələri, həm də dinc sakinlər arasında, qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla, yüzlərlə insan həlak olub.
Hiari qeyd edib ki, döyüşlər zamanı edamlar, alçaldıcı rəftar və təhqiramiz görüntülər sosial şəbəkələrdə yayılıb. Yerli təhlükəsizlik qüvvələrinin mülki əhaliyə qarşı qanun pozuntularına yol verdiyi də vurğulanıb. BMT-nin Humanitar Əlaqələndirmə İdarəsinə görə, infrastruktur dağıdılıb, yardım göstərmək isə hazırda çətinləşib.
İsrailin zərbələri və Colanda gərginlik
İsrail aviasiyası iyulun 12-dən 16-dək Əs-Süveyda, Dəraa və Dəməşqdə yerləşən Suriya obyektlərini bombalayıb. İsrail bunu druz icmasını müdafiə etməklə əsaslandırsa da, zərbələr nəticəsində mülki və təhlükəsizlik işçiləri arasında itkilər baş verib.
Hiari bildirib ki, bu hücumlar nəinki Suriyanın suverenliyini pozur, həm də ölkənin daxili sabitliyinə və gələcək siyasi islahatlarına ciddi zərbə vurur. Colandakı atəşkəs xəttinin hər iki tərəfində yaşayan druzlar da prosesə cəlb olunub, bəziləri xətti keçərək Hədər şəhərində həmrəylik nümayiş etdirib.
"Etno-dini təmizləmələrə bəraət ola bilməz"
İclasda çıxış edən Vasili Nebenzya isə qeyd edib ki, Suriyada zorakılığın yenidən alovlanması dövlətin bütövlüyünü sarsıdır və radikal qrupların güclənməsinə yol açır. O, druzlar da daxil olmaqla dini və milli azlıqlara qarşı aparılan təqibləri kəskin qınayıb: "Heç bir siyasi bəhanə etnik və dini təmizləmələrə bəraət qazandıra bilməz".
Nebenzya həmçinin İsrailin hava əməliyyatlarını "BMT Nizamnaməsinin və 1974-cü il razılaşmasının kobud şəkildə pozulması" kimi qiymətləndirib. O, Suriya hakimiyyətini Rusiya vətəndaşlarının və obyektlərinin təhlükəsizliyini təmin etməyə çağırıb.
Dünya ictimaiyyəti Suriyanın ərazi bütövlüyünü dəstəkləyir
BMT nümayəndəsi Hiari eyni zamanda qeyd edib ki, ABŞ, Türkiyə və ərəb ölkələrinin vasitəçiliyi ilə atəşkəs səyləri göstərilsə də, real nəticə yoxdur. Suriya prezidenti Əhməd əl-Şəra isə bildirib ki, vilayətdə təhlükəsizliyi yerli icmalar və dini liderlər təmin edəcək. O, druz icmasının Suriyanın ayrılmaz tərkib hissəsi olduğunu da vurğulayıb.
Hiari yekun olaraq bildirib: "Əs-Süveydada və bütün Suriyada sülh yalnız hərtərəfli barış və müxtəlif etnik-dini qrupların iştirakı ilə mümkündür". O, BMT-nin inklüziv siyasi keçid prosesini dəstəkləməyə hazır olduğunu bir daha bəyan edib.
İclasın sonunda Təhlükəsizlik Şurası ölkələrinin əksəriyyəti Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib. Eyni zamanda, İsrailin hücumlarının davam etməsi ilə bağlı narahatlıq ifadə olunub və zorakılığın dərhal dayandırılması çağırışı səsləndirilib.