RU

Maksimum bal toplayan olmasa da ümumi nəticə qənaətbəxşdir

"Dünən nəticələr açıqlanandan sonra məlum oldu ki, II və III ixtisas qrupları üzrə maksimal nəticə göstərən abituriyent yoxdur. Amma bu, maksimal nəticə göstərən abituriyentin olmaması da, əminəm ki, təhsil göstəricilərinin aşağı olması anlamına gəlmir".

Bu fikri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyev qeyd edib:"Çünki biz baxırıq ki, həm II, həm də III ixtisas qrupları üzrə 600 baldan yüksək nəticə göstərən abituriyentlərin sayı ötən illərlə müqayisədə artıb. Və bu da onu deməyə əsas verir ki, təhsil göstəriciləri qaydasındadır. Sadəcə, “Niyə maksimal nəticə göstərən abituriyent yoxdur?” sualına cavab axtarsaq, əlbəttə bunun bir neçə səbəbi var. 

Birinci növbədə, 2019-cu ildən etibarən kurikulum əsasında imtahan modellərinin keçirilməsindən sonra artıq orada açıq yazılı yəni abituriyentlərdən cavablandırılması, izah formasında tələb olunan suallar təyin olundu və həmin sualların olması artıq çox abituriyentin cavablandırmada tərəddüd etməsinə səbəb oldu.Digər amil isə buraxılış imtahanlarından fərqli olaraq blok imtahanlarında 66 qapalı tipli sual var( hər fənn üzrə 22 sual). Ümumiyyətlə, dörd səhvin bir doğru cavabın balını apardığı sistemdir. Yəni həm dörd səhv bal aparır, eyni zamanda bir doğru cavabı atsalar, nəzərdə tutulan bal aparılır. 

Təbii ki, belə olan halda hər hansı bir ehtiyatlı abituriyent qapalı tipli suallarda bir səhvə yol verərsə, əlbəttə, o, həmin sual üçün nəzərdə tutulan müvafiq balı, o cümlədən də doğru cavabdan 0.25 balını itirir. Bütün bunlar maksimal nəticə göstərən abituriyentlərin olmamasına təsir göstərən amillərdir".

700 bal maksimum nəticədirsə, median göstərici 350-dir

"Əlbəttə, bizim üçün vacib olan "bir nəfər və ya iki nəfər maksimum nəticə göstərsin, qalanlar aşağı nəticə göstərsin" olmamalıdır. Bizim üçün ən vacib olan odur ki, ümumi iştirakçıların sayı ən azı median göstəricidən yuxarı olsun. 700 bal maksimum nəticədirsə, median göstərici 350-dir. Ən azı abituriyentlərin böyük əksəriyyətinin 350 baldan yuxarı nəticə qazanmağıdır ki, bu, təhsil göstəricilərinin yüksək olması anlamına gəlir.Ötən illərdə maksimum nəticə göstərən abituriyentlər var idi – iki nəfər 700 bal toplamışdı. Və əlbəttə, bu il artıq II və III qruplarda bu nəticəni görmədik. Düşünürəm ki, qarşıdakı illərdə ola bilsin ki, sistemə daha tam psixoloji adaptasiya olduqdan sonra 700 bal toplayanların sayını da müşahidə edə biləcəyik.

Əlavə olaraq, texnologiyanın inkişafı da abituriyentlərin real şəraitdə hazırlığına bir növ maneə yaradır. Məsələn, görürük ki, artıq yeni dövrün uşaqları informasiya texnologiyaları, kompüter sistemləri və s. bunlara daha çox maraq göstərir, hazırlıq prosesində diqqəti yayındırır və bu da onların yekunda maksimum nəticəyə çatmalarına əngəl olur. 

Qalır qarşıda I və IV ixtisas qruplarının imtahan nəticələrinin elan olunması.Yenə də onların elan olunması gözlənilir. Halbuki orada da istisna etmirəm  bəlkə bir nəfər maksimum nəticə göstərə bilər. Amma ümumiyyətlə yenə də ehtiyatlı və şübhə ilə yanaşıram ki, maksimum nəticə göstərən abituriyent olacaq".

Избранный
22
azedu.az

1Источники