RU

İndi biz onlardan 100 il qabaqdayıq

(Üzeyir Hacıbəylinin 140 illiyinə ikinci yazı)

Salam olsun, çox dəyərli oxucum! Silsilə yazımızın bu bölümündə dahi bəstəkar, görkəmli ədib, həmişə müasir publisist Üzeyir Hacıbəylinin məqalələri haqqında söhbət açacaq, onu daha da yaxından tanıyacağıq.

Məlumdur ki, publisistika bədii ədəbiyyatın hadisələri ən tez əks edən, həyatla ayaqlaşmağa can atan janrıdır. Zamanın, əsrin, xalq həyatının bu günkü, bu saatkı vəziyyətini əks etmək  və irəli sürdüyü vacib suallara cavab vermək publisistikanın əsas vəzifəsidir.

Bəli, o publisistik əsərlər daha əhəmiyyətli, daha qiymətli sayılır ki, onlar gündəlik mübarizələrdən, həyatın canlı qaynaqlarından doğan böyük problemləri əks edir, çox vacib suallara cavab verir. Özü də doğru cavab verir...

Publisistika yazıçı ilə oxucu arasında bir mükalimədir, dialoqdur. Buna görə də publisistik əsərlərdə əsas ideoloji mövqe daha tez və qabarıq gözə dəyir, yazıçının nəyi müdafiə və ya rədd etdiyi, hansı ictimai meylin nümayəndəsi olduğu tez bilinir. Eyni zamanda publisistika oxucunu müəyyən fikirlərə inandırmaq, ya müəyyən fikirlərdən döndərmək üçün yazıçının əlində daha çevik, daha tez istifadə olunan silahdır. Üzeyir Hacıbəylini  publisistikaya gətirən də bu xüsusiyyətlər idi, onun cəmiyyətlə üz-üzə, göz-gözə danışmaq, mütərəqqi fikirlərini mümkün qədər tez xalqa çatdırmaq və aşılamaq arzuları idi." - Akademik Mirzə İbrahimov 1985-ci ildə Bakıda nəşr olunmuş "Üzeyir Hacıbəyov" (seçilmiş əsərləri) kitabına yazdığı ön sözdə  Üzeyir Hacıbəylinin publisistik yazıları üzərindən demək olar ki, publisistikanın geniş tərifini verir və akademik səviyyədə bütün dövrlər üçün qüvvədə olan mahiyyətini açıqlayır. Həmin dövrdə Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edən akademik Mirzə İbrahimov  ümumşərq musiqi tarixində bir çox ilklərə imza atmış dahi bəstəkar Üzeyir Hacıbəylini heç bir tərəddüd etmədən əsl ziyalı, öz xalqına əzmlə, mətanətlə xidmət edən yazıçı kimi təqdim edir. Bu məqamda digər bir böyük  Azərbaycan aliminin fikirləri ilə qısa bir haşiyə  çıxmaq istəyirəm.

HAŞİYƏ. Çoxəsrlik elm və sənət tarixində böyük alimlərin elmi işi ilə yanaşı, müxtəlif sənət sahələrinin biri və ya bir neçəsi ilə məşğul olmaları və ya əksinə, böyük yazıçı, rəssam, bəstəkar və başqa sənətkarların elmlə məşğul olmaları, hətta kəşf və ixtira etmələri heç də nadir hallar deyil. Alimlərin sənət sahələrinə  və sənətkarların elm sahəsinə müdaxiləsi tamamilə qanunauyğun haldır.

Bu vəziyyət idrakın, təfəkkür prosesinin özünün xüsusiyyətləri ilə üzvi surətdə bağlıdır. Belə hallarda alim və ya sənətkar heç də bəzilərinin iddia etdikləri kimi öz sahəsindən "soymur", öz sahəsində yaradıcılıq potensialının tükəndiyini etiraf etmir, əksinə, bununla o məhz öz sahəsində yaradıcılıq üçün yeni qüvvələr toplayır. "Başqa" sahələrə belə "müdaxilə" yaradıcılıq üfüqlərini genişləndirir, fikri cilalandırır, daha vüsətli miqyasa, daha dərinliklərə nüfuz etməyə, aləmə daha iti nəzər salmağa imkan verir...

Yuxarıda qısa haşiyə  çıxaraq tədim etdiyim dəyərli fikirlər (sözün əsl mənasında bəzi ağzıgöyçəklərə tutarlı cavab) dünya şöhrətli Azərbaycan alimi Xudu Məmmədovun "Ölməz sənətkar və böyük alim H.Üzeyir bəyin əziz xatirəsinə" epiqrafı ilə Üzeyir Hacıbəyliyə ithaf etdiyi "Qoşa qanad" adlı mövzuya uyğun möhtəşəm kitabdan kiçik bir alıntıdır. Təkcə epiqrafın tərtibinə ötəri nəzər salmaq kifayətdir ki, əsl ziyalılığın, alimliyin, yurdsevərliyin, təəssübkeşliyin nə demək olduğunu anlayasan.

Yuxarıda təqdim etdiyim dahilərin dəyərli fikirlərindən sonra əminliklə böyük ədib, istedadlı yazıçı, öz dövrü ilə bərabər xalqının keçmişi və gələcəyinə də ustalıqla ayna tutmağı bacaran əbədiyaşar publisist adlandıra biləcəyimiz Üzeyir Hacıbəylinin mövzu ilə bağlı seçilmiş mətnlərinə (məqalələrə) müraciət edə bilərik.

Öz xalqının nümayəndələrini savadlı, zirək, cəsur (diribaş) görmək istəyən böyük ədib bu yolda əsas əngəlləri də yaxşı görür, digər müasirləri olan qələmdaşlarından fərqli olaraq, özündən olanlara, özününkülərə rişxəndlə gülmür, əksinə yana-yana bəlaların səbəblərini, köklərini göstərməyə çalışır, çıxış yollarını açıqlayırdı. Bu baxımdan zəmanəmizlə səsləşən "Mərəzlərimizdən biri" adlı məqaləsi çox ibrətamizdir. Məqalə belə başlayır:

"Dünyada ən alçaq sifətlərdən birisi, zənnimcə, cürətsizlikdir. Bu sifət çox vaxt insanın bədbəxtliyinə belə səbəb olur. Cürətsiz adamdan yaxşı iş baş verməz, sairlərin müsibətinə dəxi bais olar. Cürətsiz yoldaşdan uzaq olmaq yaxşıdır. Cürətsiz adam heç bir təşəbbüsə müvəffəq olmaz. İşini xarab edər, heç bir səmərə görməyib, əldən buraxar. Halbuki hər bir işdə cürət lazımdır.Cürət insana qanad verər və müvəffəqiyyətini təmin etmiş kimi olar..."

Xalqının gündəlik həyatından, gün-güzəranından yaxşı xəbərdar olan Üzeyir bəy şübhəsiz ki, onun gəncliyindən, gələcəyindən daha  çox narahat idi. Onun bu narahatlığı "Gələcəyi unutmayalım" adlı məqaləsində öz əksini belə tapıb:

"Bu gün miləli-mütəməddinənin bu qədər əlləşib çalışması gələcəyə əhəmiyyət nəzəri ilə baxmaqlarından naşidir. Gələcəklərini əhəmiyyətli və əziz tutan millətlər heç bir vaxt qeydsiz və qayğısız olmayıb, hər an və hər dəqiqə çalışırlar. Bunların hər bir firqə sinif və silki özü üçün parlaq bir gələcək hazırlamaqdadırlar. Cahil və qafil millət isə ətalət və kəsalət ilə dolanıb gələcəyin qeydinə qalmır, gələcək fikrində olmur, özünə azuqə axtarmayıb, azuqəsiz qalan adam kimi, bu millət də axırda axırda gələcəkdən məhrum olur, yəni yox olub gedir. Tarixin vərəqlərini seyr edərsək, ..."

Azərbaycanın gəlib-keçmiş böyük fikir adamlarından biri olan Üzeyir Hacıbəylinin əndişələri bu gün də aktualdır. Düşünürlərimiz düşünməlidirlər. Ziyalılığın, ziyalı sözünün haqqı verilməlidir.

Mövzu görkəmli ədibin "Xəbərdarlıq" adlı məqaləsində uğurla davam etdirilir. Günümüzlə səsləşən məqamları olduğu kimi diqqətinizə çatdırmağı özümə hər şeydən əvvəl vətəndaşlıq borcu bilirəm:

"Hal-hazırda bizim maarif işimiz, ümumiyyətlə, fəna bir haldadır. Realnı, gimnaziya və universitetlərdə təhsil edən şagirdlərimizin ədədi (sayı -Z.U) başqalara nisbətən çox azdır. Halbuki biz müsəlmanlar Qafqaz əhalisinin əksəriyyətini təşkil edirik. Az olmalarına da səbəb əhalimizin cəhalət və qəfləti ilə bərabər yoxsulluğudur. Şəhərlərimizdə və bəzi kənd-kəsəklərimizdə mövcud olan rus-müsəlman məktəblərinə gəlincə, bunlarda da baxüsus kəndlərdəki məktəblərdə tədris və təlim işi ağlamalı bir haldadır. Kəndlərdəki rus-müsəlman məktəbləri, baxüsus üç şöbəli məktəblərin maarif işimizə heç bir köməyi yoxdur. Məktəblərdə ana dili oxunmur desək caizdir. Rus dili isə oxunursa da heç bir fayda vermir. O cürə məktəbləri ikmal etmiş uşaqlar əksər halda realnı, gimnaziya və hətta altıklaslı şəhər məktəblərinə də girməyə qadir olmurlar. Və bir də bu məktəblər heç bir yolla (əsas məsələ Z.U) əhalini rəğbətləndirə bilmirlər. Biləks, çox vaxt müxtəlif səbəblərə görə əhali o məktəblərdən ikrah olur."

Məncə bəzi xırda texniki məsələlər nəzərə alınmasa, vəziyyət elə olduğu kimidir. Mahiyyət dəyişməyib. Dəyişə bilmir... Dəyişmir.

"Xəbərdarlıq" qüvvədədir!

Zamanı öz ələyimizdən keçirdikcə və ya biz ələndikcə usta yazarın qələmindən çıxmış bir çox maraqlı yazılar diqqəti cəlb edir. Vacibliyini, faydalılığını hal-hazırda bizi narahat edən problemlərlə bağlılığını nəzərə alaraq, haqqında söhbət açacağım növbəti  məqalə "Hər işi öz əhlinə tapşırmalı" adlı yazı oldu. Məqalədə qaldırılan məsələ demək olar ki, hazırda müxtəlif adlar altında təqdim olunan  təşkilat, ittifaq, birlik, cəmiyyətlərin çoxluğu - bumu şəraitində yaşadığımıza görə olduqca aktualdır:

"Çox vaxt bizim cəmiyyətlərimizin, ittifaqlarımızın camaatımıza heç bir mənfəət verməməsinə və bir tez zamanda pozulub dağılmasına səbəb odur ki. O cəmiyyətin başında duran və işlərinə məşğul olan adamlarımız əhl adamlar olmayıblar. Yəni üzərlərinə götürdükləri məsuliyyəti və vəzifəni layiqincə ifa edə bilmirlər. Edə bilmədiklərinə səbəb müsamihə (başısoyuqluq Z.U), səhlənkarlıq və etinasızlıq deyil, bəlkə öz vəzifələrində əhl olmadıqlarıdır. Çox vaxt görürsən ki, bir iş başına qoyulmuş və ya öhdəsinə müəyyən bir vəzifə verilmiş adam haman işin üstündə o qədər çalışır ki. Lap qabıq qoyur, amma yenə də iş irəli getmir..."

İşiniz irəli, soydaşlar! Bütün xəyallarınız gerçək olsun! Xəyal etmək gözəl xüsusiyyətdir. Xəyal edin!

Xəyal edin və bu xəyallarınızı bəyan edin!

Bu barədə təfsilatı ilə "Müəllimlərimiz və mətbuat" adlı məqaləsində böyük pedaqoq, ictimai xadim və eyni zamnda sərrast qələm adamı olan Üzeyir Hacıbəyli belə buyurur:

"...Guya müəllimlərimiz ümumi işlərə daha müdaxilə etmək istəmirlər. Guya bunların mətbuat səhifələrində müzakirə olunacaq heç bir ehtiyacları, mühüm məsələləri yoxdur. ... halbuki həqiqətdə belə deyildir. ...  Bir çox məsələlər vardır ki, o barədə müəllimlərin fikri lazımdır."

Çox dəyərli oxucum (ələxsüsus tələbələr), bu nümunələri misal gətirməkdə iki əsas məqsədim var; birinci böyük Üzeyir Hacıbəylini anmaq, onun bu kimi yazılarını yurdsevər, təəssübkeş vətən övladlarına xatırlatmaq, ikinci isə mövcud problemlərin aktuallığına diqqət çəkməkdir (Onun məqalələrini tapıb oxuyun!).

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Növbəti sayımızda miniatürlər haqqında olacaq üçüncü yazını oxumağı unutmayın.

Zaur Ustac,

"Yazarlar" jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
olaylar.az

1Источники