Şimali Koreya, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun səfərindən bir neçə gün sonra yeni istifadəyə verilən “Wonsan-Kalma” turizm kompleksinə xarici turistlərin girişini müvəqqəti olaraq qadağan edib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin rəsmi turizm platforması olan “DPR Korea Tour” internet saytında məlumat yayılıb.
Qeyd olunur ki, ölkənin şərq sahilində yerləşən kompleks müvəqqəti olaraq xarici turistləri qəbul etmir, lakin qadağanın səbəbi və nə vaxta qədər qüvvədə qalacağı barədə heç bir açıqlama verilməyib.
Xatırladaq ki, kompleks iyulun 1-də açılıb və 20 min nəfərlik qonaq tutumuna malikdir. İlk mərhələdə rus turistlərin burada istirahət edəcəyi gözlənilirdi. Şimali Koreya daha əvvəl obyektin Çinli turistlər üçün də əlçatan olacağını bildirmişdi. Lakin Lavrovun səfərindən dərhal sonra belə qərarın verilməsi diqqət çəkib.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov ötən həftə “Wonsan-Kalma” kompleksinə baş çəkib və burada Şimali Koreya lideri Kim Çen In və həmkarı Çoe Son Hui ilə görüşüb. Görüş zamanı Lavrov rus turistlərin bu bölgəyə maraq göstərəcəklərinə inandığını bildirib.
Bəsti Rəfizadə
Sfera.az