
ABŞ Dövlət Departamenti Suriya üçün ən yüksək səviyyəli 4-cü səyahət xəbərdarlığının qüvvədə olduğunu açıqlayıb və ABŞ vətəndaşlarını bölgəni tərk etməyə çağırıb.
Reyting.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “X” hesabında bildirilib.
Bəyanatda bölgəni tərk edə bilməyənlərə təhlükəsiz yerlərə sığınmaq tövsiyə edilib.
Xatırladaq ki, iyulun 13-də Suriyanın cənubundakı Sveyda əyalətində bədəvi ərəb qəbilələri ilə druz silahlı qrupları arasında toqquşmalar baş verib. Nəticədə onlarla əsgər həlak olub.
Təhlükəsizlik qüvvələri ilə yerli druz silahlı qrupları arasında şiddətlənən qarşıdurmalardan sonra tərəflər arasında atəşkəs əldə edilib. Atəşkəs tezliklə pozulub və İsrail ordusu Suriya təhlükəsizlik qüvvələrini hədəfə alıb.
İyulun 16-da İsrail hava qüvvələri Suriya prezidentinin iqamətgahına, Baş Qərargaha və Müdafiə Nazirliyinə zərbələr endirib.
Elə həmin gün Sveydada hökumətlə yerli qruplar arasında atəşkəs bərpa olunarkən, İsrail döyüş təyyarələri Dəməşq və Dəraya hücumlar edib.
Təhlükəsizlik qüvvələrinin geri çəkildiyi Sveydada toqquşmalarda və İsrailin hücumlarında yüzlərlə adamın öldüyü təxmin edilir.
ELÇİN