Yunus Oğuzu 1993-cü ildən tanıyıram. Bu tanışlığa ümumi dostumuz, Yunuz Oğuzun tələbə yoldaşı, onunla birlikdə Rostov Dövlət Universitetində təhsil almış, mənim də 30 illik dostum Zahir Abdullayev vəsilə olmuşdu. O vaxtlar Yunus Oğuz gənc olmasına baxmayaraq, dövlət qulluğunda yüksək vəzifə sahibi idi- dövlət müşaviri. Bir az sonra biz Yunus Oğuzla ailəvi görüşdük. Bu görüş mənim Yunus Oğuzla ən yaxın təmasım idi... Sonralar müxtəlif dost məclislərində, ədəbi, ictimai-siyasi tədbirlərdə vaxtaşırı görüşür, ünsiyyətimiz daha da intensivləşirdi...Əlaqələrimiz sıxlaşdıqca bir-birimizi daha yaxşı başa düşür, fikirlərimizin üst-üstə düşməsi bizi daha da yaxınlaşdırırdı. İndi əvvəlki dövrlərdən daha çox ünsiyyətdəyik və mən bu ünsiyyətdən bir yaxınlıq, doğmalıq, səmimiyyət duyuram....
... Ümumiyyətlə götürdükdə ömrünə-gününə bir dövlət adamı, siyasətçi, publisist və yazıçı qisməti yazılmış, keşməkeşlər və mübarizələrlə dolu bir ömür yaşayan Yunus Oğuz bir vücudda üç əsas fəaliyyəti birləşdirmişdir. Bu xüsusiyyətlərin hər üçü də paralel olaraq yaşanır və ideal formada bir- birini tamamlayır. Sözsüz ki, onun bütün fəaliyyətini bu kiçik yazıya sığışdırmaq mümkün deyil. Yunus Oğuzun həyat və fəaliyyətinin hər bir istiqaməti böyük bir mövzudur və onların hər biri haqqında ayrıca tədqiqatlar, monoqrafiyalar yazmaq lazımdır və bu monoqrafiyalar yazılır.
Yunus Oğuz siyasi fəaliyyətə gənc yaşlarından başlamışdır. 1988-ci ildə Rostov Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirərək mükəmməl fəlsəfə ixtisasına yiyələnən Yunus Oğuz təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq İnstitutuna göndərilir və burada kiçik elmi işçi vəzifəsində çalışır. Bu həmin dövr idi ki, Azərbaycanın da tərkibində olduğu SSR İttifaqının mənəvi və siyasi, həm də sosial səbəblərdən aşınmış divarları yavaş-yavaş sökülür və çökürdü...Bu çökmələr fonunda müttəfiq respublikalarda xalqların milli oyanışı özünü qabarıq şəkildə göstərir, SSRİ hökuməti və hakimiyyətdə olan Kommunist Partiyası bu oyanışların qarşısını zorla almağa çalışsa da buna müvəffəq ola bilmirdi. Qatar tərpənmişdi və tarixin təkərini geri döndərmək mümkün deyildi.
SSRi-nin o zamankı rəhbəri satqın Mixail Qorbaçovun dəstəyi, Moskvada yaşayan və Qorbaçovun ətrafında yuva salmış erməni ideoloqlarının birbaşa çağırışı ilə keçmiş Dağlıq Qarabağda separatçıların törətdiyi ixtişaşlar nəticəsində Bakıda və bölgələrdə Milli Azadlıq Hərəkatı daha aktiv fazaya keçirdi və bu hərəkata qoşulanların böyük əksəriyyəti gənclər idi. Həmin gənclərin önündə gedən, onlara ideoloji istiqamət verən, yol göstərən gənclərdən biri də Yunus Oğuz idi...
Dövlət müstəqilliyimizin bərpası, müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın azadlığının və firavan yaşamasının, ərazi bütövlüyümüzün təmin edilməsi, Azərbaycan dövlətinin beynəlxalq səviyyədə nüfuz sahibinə çevrilməsi, türkçülük, turançılıq Yunus Oğuzun həyat amalı və mübarizəsinin əsas qayəsi idi və o, həyatının sonrakı dövrlərində bütün fəaliyyətini bu müqəddəs işə həsr etdi. Bu mübarizədə o iki taktiki yol seçdi. Publisistika və yaradıcılıq.
Yunus Oğuz hələ Fəlsəfə və Hüquq İnstitutunda işləyərkən 1989- 1991-ci illərdə "Azad söz" qəzetinin, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib və 1991-1992-ci illərdə "Ordu"qəzetinin baş redaktoru vəzifəsində çalışırıb. 1995-ci ildən isə "Olaylar" İnformasiya Agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru vəzifəsində çalışır.
Mətbuat, publisistika həm də Yunus Oğuzun tale yazısı imiş. Bu il ölkəmiz Azərbaycan mətbuatının yaranmasının 150 illiyini qeyd edir. Həm də ölkəmizin mətbu ictimaiyyəti "Olaylar"ın 30 illik yubileyini qeyd edir. 22 iyul Azərbaycan mətbuatının yaranma günüdür, eyni zamanda Yunus Oğuz 22 iyulda dünyaya gəlib. Üstəlik həmin gün Yunus Oğuz həm də 65 illik yubileyini qeyd edəcək. Sadaladığım bu qədər əlamətdar tarixi günlərin Yunus Oğuzun tale göstəricisi olduğu təsadüfdür, yoxsa zərurət? Bunu hər halda bir filosof kim Yunus Oğuz daha aydın izah edə bilər. Ancaq görünür bu tarixi rəqəmlərdə də bir mistika var.
Bu yaxınlarda Azərbaycan Mətbuat Şurasında "Olaylar"n 30 illik tədbirinə mən də dəvət almışdım. Tədbirdə ölkəmizin görkəmli elm, mətbuat və ədəbiyyat adamları iştirak edirdi. Tədbir boyu iştirakçılar çıxış etdikcə məni sevinc qarışıq təəccüb bürüyürdü. Çağdaş mətbuatımızın öncül nümayəndələri, media kapitanları, mətbuatımızın aparıcı simalarının, görkəmli jurnalistlərin böyük bir dəstəsi sən demə öz fəaliyyətlərini Yunus Oğuzun yaratdığı və 30 il rəhbərlik etdiyi "Olaylar"dan başlamışlar. Deməli Yunus Oğuz təkcə qəzet yaratmayıb, həm də məktəb yaradıb və ölkəmizin jurnalistlər ordusunun xeyli hissəsi "Olaylar" məktəbini keçib. Yunus Oğuzun nüfuzlu bir informasiya agentliyinin rəhbəri olaraq haqqında çox dəyərli sözlər deyilib, lakin mənim ən xoşuma gələn fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini hörmətli Natiq Məmmədlinin ifadəsindən eşitdim : "Olaylar"ın ənənə yaratmış başqa qəzetlərdən fərqli xüsusiyyəti ondan ibarətdir ki, "Olaylar" bir fikir məktəbidir. "Olaylar" həm də bir ədəbi məktəbdir. Onun başında dayanan, rəhbərlik edən şəxsiyyətin öz keyfiyyəti, xarakteri, yaradıcılıq tərzi yaratdığı qəzetdə özünü ifadə edib. Bir yazıçı kimi Yunus Oğuzun məqsədi Azərbaycan türk kimlik yaddaşını diri saxlamaqdan ibarətdir. "Olaylar" da bizim mətbu yaddaşımızdır". Məncə şərhə ehtiyac yoxdur.
Yunus Oğuzun fəaliyyətinin 3-cü hissəsini, vaxtının və düşüncəsinin əhəmiyyətli hissəsini bədii yaradıcılıq təşkil edir. Ümumiyyətlə, yaradıcılıq Yunus Oğuzun stixiyasıdır. O, publisistikasında da, nəsrində də, dramaturgiyasında da yaradıcı bir şəxs olaraq çıxış edir. Nə qədər mübahisəli də olsa mən jurnalistikanı da yaradıcılıq hesab edirəm. Və bu mənada Yunus Oğuzu həm jurnalist, həm də yazıçı və nasir kimi hərtərəfli yaradıcı bir şəxs hesab edirəm. Belə düşünürəm ki, onun publisistikasında bir bədiilik, nəsr əsərlərində və pyeslərində publisistika var. Bəlkə də dediyim bu fikir mübahisə doğurar. Ancaq mənim qənaətim belədir.
Heç şübhəsiz ədəbiyyat tariximizdə Yunus Oğuz cox ciddi və maraqlı publisistikası, dramaturgiyası ilə yanaşı məşhur bir romançı- tarixi romanlar müəllifi kimi qalacaq. Azərbaycan ədəbiyyatı tarixində tarixi roman yazan müəlliflərimiz kifayət qədər olmuşdur və bu gün də bu ədəbi proses davam edir. Bununla belə Yunus Oğuz qədər məhsuldar tarixi roman yazan ikinci bir müəllif yadıma gəlmir. Hər kəs bilir ki, bu səpkili əsər yazmaq müəllifdən istedad qarışıq, həm də müraciət etdiyi tarixi dövr və hadisələr barədə zəngin bilik və informasiya tələb edir. Onun tariximizi dərindən bilməsi, ictimai özünüdərk, vətənpərvərlik, vətəndaşlıq mövqeyi, Azərbaycan dövlətçiliyinin müxtəlif mərhələlərində keçdiyimiz çətin və şərəfli yolu, həm də səhvlərimizi öz əsərlərində əks etdirən və tarixdən ibrət götürmək üçün bir çağırış edən Yunus Oğuzun tarixi mövzulara müraciət etməsinin əsas səbəbləridir, Bu istək həm də onun vətəndaşlıq, dövlətçilik, milliyyətçilik mövqeyindən irəli gəlr. Qeyd etdiyim kimi Yunus Oğuz çox məhsuldar bir yazıçıdır. Onun tarixi roman və pyeslərinin adları saymaqla bitmir və bu əsərlər oxunur, sevilir, təkrar-təkrar nəşr edilir, dərsliklərə salınır, dərsdənkənar oxu ədəbiyyatı kimi istifadə olunur, tərcümə edilir, xarici ölkələrdə təqdimatı keçirilir, haqqında araşdırmalar aparılır, tamaşaya qoyulur, həmin əsərlər əsasında ssenarilər yazılır, istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda müxtəlif çoxsaylı mükafatlar, ödüllər alır. Əsərləri Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatıda, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib. Bütövlükdə 30 -a yaxın ölkədə 50-dən çox kitabı nəşr edilib. Kitabları haqqında üç monoqrafiya yazılıb. Əsərlərinin xarici dillərə tərcümə olunaraq nəşr edilməsi dövlətimizin və xalqımızın tarixinin və dəyərlərinin dünyada tanıdılmasında, təbliğində mühüm rol oynayır və bütün bunlar Yunus Oğuzun xalqına vətəninə, dövlətinə xidmət nümunəsidir.
Yunus Oğuzun 44 günlük Vətən müharibəsi və qələbəmizə həsr olunmuş "Cığır" romanı bu mövzuda son illər yaradılmış ən dəyərli əsərlər sırasındadır. O, "Cığır"ı qibtə ediləcək bir sürətlə yazdı. Ümumiyyətlə, sürətli yazı Yunus Oğuz yaradıcılığı üçün xasdır ki, bu da onun yaradıcılıq stixiyasından irəli gəlir. Sanki, mövzu onun içində illərlə yuva salır və kiçicik bir qığılcım lazımdır ki, mövzu müəlifin içindən vulkan kimi püskürsün. Yunus Oğuz əsərlərində tarixi paralellər apramaqla, həm də bu prosesləri bir-biri ilə sıx bağlayır. Əsər boyu tarixi dərinliklərə vararaq oxucuya haşiyələrlə daha maraqlı məlumatlar verir. Onun tarixi romanlarının adlarına, əsərdə nəql olunan hadisələrə və bu əsərlərin baş qəhrəmanlarına diqqət yetirsək görərik ki, bu əsərlər tarixin müxtəlif dönəmlərində fəaliyyət göstərmiş türk dünyasının hökmdarlarına, sərkərdələrinə, dövlət xadimlərinə və onların iştirakı ilə cərəyan edən hadisələrə həsr olunmuşdur ki, burda da müəllifin əsas məqsədi "Azərbaycan türk kimlik yaddaşını diri saxlamaqdan"və tarixdən ibrət götürməkdən ibarətdir
Son vaxtlar "Olaylar" qəzetinin səhfələrində dərc olunan parçalardan aydın olur ki, Yunus Öğuz "Türk etnonimləri və törələri" adlanan daha bir qiymətli əsər üzərində işləyir və hiss olunur ki, bu əsər türklük və türkçülük elminə daha bir qiymətli və sanballı töhvə olmaqla onu daha da zənginləşirəcək.
Yunus Oğuzun şəxsiyyəti də yaradıcılığıl və fəaliyyəti kimi bütövdür.Tanrının verdiyi istedad, zəngin tarixi bilgi, fəlsəfi düşüncə, zəhmətsevərlik, sürətli və məhsuldar yaradıcılıq, təvazökarlıq və sadəlik, dövlətçilik, milliyətçilik, türklük və türkçülük, turançılıq onun yaradıcılığı üçün xarakterikdirsə, peşəkarlıq, operativlik, yenilik, qərəzsizlik, vətənpərvərlik, vətəndaşlıq onun publisistikası üçün xarakterikdir və o, şəxsi keyfiyyətləri ilə də yaradıcılığını tamamlayır. Bütün istedadı və möhtəşəm yaradıcılığı ilə həm də son dərəcə təvazökar, təkəbbürdən uzaq, sadə, səmimi, hay-küydən kənar, dövlətinə, xalqına, vətəninə, dostluğa sədaqət nümunəsi, mövqeyinə görə həm özünə, həm də qarşı tərəfə münasibətini dəyişməyən bir şəxsiyyətdir.
Yunus bəy bu günlər 65 illik yubileyini qeyd edərək yaşının müdriklik çağına qədəm qoyur. Onsuz da müdrik olan Yunus bəyi səmimiyyətlə təbrik edir, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırm.
Hörmət və ehtiramla
Ramiz Göyüş
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта