Gürcüstandan cinsiyyətin dəyişdirilməsini qadağan edən qanunun ləğvini tələb edən Avropa bürokratiyası orta əsr inkvizisiya səviyyəsinə enib.
Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
"Görün, Venesiya Komissiyası bizdən nə tələb edir, Avropa nə qədər aşağı düşüb. Avropa bürokratiyasının təfəkkürü inkvizisiyadan aşağı düşüb", - Kobaxidze bildirib.
Onun sözlərinə görə, Avropa Gürcüstandan ailə dəyərlərinin qorunması haqqında keçən il qəbul edilmiş, xüsusən də cinsiyyətin dəyişdirilməsini qadağan edən qanunu ləğv etməyi tələb edir.
Kobaxidze qeyd edir ki, onlar gülünc tələblər irəli sürərək, Aİ ilə vizasız rejimi ləğv etməklə Gürcüstanı cəzalandırmaq istəyirlər. Baş nazir bunu Giordano Brunonun tamamilə məntiqli sözlər dediyi üçün yandırılması ilə müqayisə etdi.