RU

Baba Vəziroğlu: “Televiziyalar güzgümüzdür, səviyyəsizdirsə, deməli, biz də səviyyəsizik...”

“Hardadır televiziyaların Bədii Şuraları? Olmayan şeydən necə danışmaq olar? AzTVnin Bədii Şurasında bir neçə il, hətta pandemiya dövründə də fəaliyyət göstərdik. Mübariz Tağıyev, Faiq Sücəddinov, Təranə Muradova, Mənsum İbrahimov, Ramiz Quliyev, Fəxriyyə Xələfova... Hər sahədən görkəmli mütəxəssis Şurada üzv idi. Xeyli təkliflər, gözəl rəylər var idi. Təkliflərimiz əsasında AzTV-də xeyli dəyişiklik oldu. Sədr də yeni idi, hələ rəylərə, fikirlərə qulaq asan vaxtları idi. Rövşən Məmmədov dostumuzdur. Səmərəli iş aparırdıq. AzTV-yə toy-çadır müğənniləri az çıxırdı, amma onların da qarşısını kəsdik. Efirə buraxılmayan yaxşı sənətkarlar var idi, onlar efirə qayıtdı. Hətta texniki məsələlərə qarışdıq. Sənət dostlarımız AzTV-də çox yaxşı yaradıcılıq ab-havası yaratmışdılar. Digər kanallar da AzTV-yə baxıb Bədii Şura yaratdılar. Onlarınkı üç günlük oldu, kəpənək ömrü kimi... İndi efirdən on dəqiqə əvvəl pulunu ver, nə istəyirsənsə, oxu, dombalaq aş... Ən dəhşətlisi budur ki, səs rejissoruna fonoqram verirlər. Birdən fonoqramdan faşist mahnısı çıxsa, canlı efirə o gedəcək. Axı görmüşük ki, əvvəlcədən mahnıya qulaq asırlar. Bəlkə, sözlərində müharibəyə, dövlət çevrilişinə çağırış, qeyri-etik sözlər, söyüş var? Müğənni deyir ki, “əvvəlcə üçü, sonra beş, çaşdırma ha, axırda birə qoy...””

 

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

 

“Sosial şəbəkədə belə bir şərh oxumuşdum ki, heç aparıcılar özlərini apara bilmirlər. Aparıcılar əvvəlcə özlərini aparmağı bacarsınlar, sonra aparıcılıq etsinlər. Ədalət naminə həmişə deyirəm ki, televiziyaları çox qınamaq olmaz. Televiziyalar bizim güzgümüzdür, bizi göstərir. Səviyyəsizdirsə, deməli, biz də səviyyəsizik, savadsızdırsa, onda biz də savadsızıq. Bu bizik də. Televiziya Marsdan gələnləri çəkib göstərir? Səni göstərir, deməli, busan... Niyə Almaniya telekanallarında bu cür mahnılar səslənmir, belə savadsızlıq, səviyyəsizlik yoxdur? Çünki Almaniyada cəmiyyət özü yüksək mədəniyyət, savad nümayiş etdirir, hər kəs öz işinin ustasıdır. Heç kim heç kimin işinə qarışmır. Bizdə isə həkim efirə çıxıb kosmosdan, şair isə hərbi potensialımızdan danışır. Dəhşətdir... Hər kəs öz işindən danışsa, nə var ki? Buna görə də vəziyyət bu gündədir. Günahkar hamımızıq. Əziz dostum Ramiz Rövşənin belə bir şeiri var: “Hamı günahkardır bu yer üzündə, amma heç birimizin günahı yoxdur...” Absurd vəziyyətdir. Televiziya da absurd ünvandır. Sosial şəbəkələrdə kütləvi savadsızlıq baş alıb gedir. “Dost” sözünü “dosd” yazırlar. Sosial şəbəkə də bizim güzgümüzdür. Biz Azərbaycandayıq, müsəlman ölkəsiyik. Müsəlmana isə iki təsir qüvvəsi var - biri hakimiyyət, digəri din. Bu cəmiyyəti idarə etmək üçün bir əlində qılınc, bir əlində “Quran” olmalıdır. Əvvəlcə deyirsən ki, ay insan, belə etmə, “Quran”da bu cür yazılıb. Görürsən ki, dirəşib, onda gərək qılıncı başından vurasan. Bunu edən isə dövlətdir. İki cür cəza üsulu var - dövlət deyir ki, özünü bu dünyada yaxşı aparmasan, səni tutub həbsə basacağam, din isə deyir ki, dövlət qoy bu dünyada öz işini görsün, özünü yaxşı aparmasan, o dünyada səni “qır qazanı”nda yandıracağam. Din və dövlət bir az bu məsələlərə biganə qalanda belə vəziyyət yaranır. Təklif edirəm ki, mütləq direktiv rıçaqlarla bu məsələ yoluna qoyulmalıdır. Sözü daşdan keçən Bədii Şuralar yaradılmalıdır. Bədii Şura senzura demək deyil. Çox adam bilməzlikdən elə zənn edir ki, Bədii Şura senzuradır. Ağzdında “bədii” deyirsən. Sovet dövründə də bu var idi. Məgər Şövkət Ələkbərova KQB polkovniki idi? Ya Cahangir Cahangirov, Nəbi Xəzri, Fikrət Qoca... Hamısı Bədii Şura üzvü idi. Buna görə də “qızıl fond” deyirdik. İndi yazılan mahnılar hara gedir? Bəlkə “qızıl zibilliyə”? İndi “Retro 93 FM” var. Deyirəm ki, o vaxt bu cür fond yaradılmasaydı, bu gün bu FM nə səsləndirərdi? İndi normal adamların hamısı öz maşınında “Baku Retro FM – 93.3 FM”ə qulaq asır. Çünki insanlar artıq hər şeydən beziblər. Bu gündən sonra heç bir mahnı yazılmasa, yüz il yazılan mahnıları oxumaq bizə bəs edir. Yeni mahnılar indiki kimi yazılırsa, lazım deyil”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 18 İyul 2025, 12:04   
Избранный
51
50
pravda.az

10Источники