RU

“Ukrayna Qərb-Rusiya qarşıdurmasının qurbanına çevrilib” - Politoloqdan şərh

“Ukrayna Qərb-Rusiya qarşıdurmasının qurbanına çevrilib”.

Politoloq Taleh Əliyev News365.az-a açıqlamasında bildirib ki, hazırda Ukrayna ətrafında baş verən hadisələr təkcə Rusiya ilə bu ölkə arasında deyil, əslində Qərblə Rusiya arasında gedən böyük geosiyasi qarşıdurmanın tərkib hissəsidir.

Onun sözlərinə görə, kollektiv Qərbin Ukraynaya birbaşa dəstək verməsi bu ölkənin hərbi baxımdan mövqeyini gücləndirə və cəbhədə vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər. Lakin bu, Rusiya tərəfindən nüvə silahı ilə təhdidlərin artması riskini də gündəmə gətirir:

“Qərb ölkələri anlayır ki, əgər Ukraynanın hərbi uğurları artarsa, bu, Moskvanın nüvə silahı kartını masaya çıxarma ehtimalını yüksəldə bilər. Rusiya rəsmiləri də bunu zaman-zaman açıq şəkildə bəyan edirlər.”

Taleh Əliyev qeyd edib ki, Qərbin hazırkı strategiyası Rusiyanı iqtisadi və hərbi baxımdan tükəndirmək, yəni strateji zəiflətmə siyasətidir:

“Qərb istəyir ki, Rusiya yeni dünya düzənində ciddi oyunçu olmasın. Ukrayna bu kontekstdə bir vasitəyə çevrilib. Təəssüf ki, həm Ukrayna dövləti, həm də onun xalqı bu böyük qarşıdurmanın qurbanına çevrilib.”

Politoloq əlavə edib ki, bu proseslər yalnız Rusiya-Ukrayna müharibəsi ilə məhdudlaşmır. O, hesab edir ki, 12 günlük İsrail–İran münaqişəsi və gələcəkdə baş verə biləcək Çin–ABŞ qarşıdurması da bu yeni dünya düzəninin formalaşmasına təsir edən əsas amillərdəndir:

“Hazırda baş verənlər sadəcə regional münaqişələr deyil. Bunlar yeni beynəlxalq güc bölgüsünün müəyyənləşməsi üçün aparılan böyük mübarizənin hissələridir."

Избранный
41
news365.az

1Источники