RU

Putin Rusiyasında Stalinin kölgəsi: intihara da icazə lazımdır?

Putin

Bu ayın əvvəlində, 19-cu Hesabat-Seçki Qurultayında Rusiya Federasiyası Kommunist Partiyası (RFKP) Nikita Xruşşovun 1956-cı ildə ən yüksək rütbəli sovet kommunistlərinə “gizli məruzə” kimi tanınan və İosif Stalinin şəxsiyyətinə pərəstişi pisləyən çıxışını etibarsız sayıb. Kommunistlərin fikrincə, “NATO militarizminin Rusiyaya qarşı təcavüzünü artırdığı” bir vaxtda, 1 milyona yaxın vətəndaşı edam edən və saysız-hesabsız represiya qurbanını QULAQ düşərgələrinə göndərən Stalinə heyran olmaq, hətta onu təqlid etmək lazımdır, nəinki pisləmək.

Reyting.az
xəbər verir ki, bu barədə “Project Syndicate” yazıb.

Sovet lideri Nikita Xruşşovun nəvəsi olan Nina Xruşşova (ABŞ-nın Beynılxalq Siyasət üzrə Yeni Məktəbinin professoru) təhlilində qeyd edir:

RFKP qətnaməsi Xruşşovu “ucuz populyarlıq” naminə “Stalinin 30 illik rəhbərliyinin nəticələrini” “total qaralamaya” məruz qoymaqda ittiham edir. Əslində, RFKP iddia edir ki, guya Xruşşov “Stalinin adını və işini ləkələyən materialların obyektiv çatışmazlığı” ilə üzləşib və dövlət arxivlərində orijinal sənədlərin “saxtalarla” dəyişdirilməsi üçün “məqsədli səy” göstərib.

Bunlar ağlasığmaz iddialardır! QULAQ sisteminin qəddarlığı və qanunsuzluğu tarixi müzakirə mövzusu deyil! Məsələn, Stalinin “böyük təmizləmə” prosesinin ilk 2 ilində 1,5 milyondan çox insanın həbs edildiyini və onlardan 680.000-dən çoxunun öldürüldüyünü bilirik. Üstəlik, 1980-ci illərin sonlarında, Mixail Qorbaçovun “qlasnost” (aşkarlıq) dövründə arxivlər açılanda, Xruşşovun ifşa etməyi çəkindiyi daha dəhşətli cinayətlərə dair orijinal sənədlərin mövcudluğu etibarlı şəkildə təsdiqlənib. Lakin RFKP deyir ki, Stalin “tələbkar və ədalətli lider” və “xalqımızı əsarətdən və ölümdən xilas edən” “dürüstlük” modeli idi.

1993-cü ildə yaradılmış bu partiya 1991-ci ildə buraxılmış Sovet İttifaqı Kommunist Partiyasının varisi deyil, bu da RFKP qətnaməsinin absurdluğunu daha da artırır. Müasir kommunistlərin nə Xruşşov, nə digər sovet liderinin qərarını ləğv etmək səlahiyyəti yoxdur!

Parlamentin bir üzvü deyib ki, bu, Xruşşovu ləkələmək deyil.

Stalinin imicinin təmizlənməsi prosesi Vladimir Putinin 25 il əvvəl hakimiyyətə gəlişindən az sonra başlayıb. “Rusiyanın müasir tarixi: 1945-2006-cı illər” adlı orta məktəb dərsliyində Stalinin “güclü əlinə” haqq qazandırılır, bu, “mühasirəyə alınmış” ölkənin sağ qalması və inkişafını təmin etmək üçün imiş, demə...

“Sərt hərbiləşdirilmiş siyasi sistemin formalaşması” “fövqəladə şəraitdə fövqəladə problemlərin həlli” vasitəsi idi - bu, dərslikdə deyilir.

2023-cü ildə, Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzündən 1 il sonra nəşr olunan dərsliklər Stalini möhtərəm və qalib bir şəxsiyyət kimi təsvir edir (Kitabların həmmüəllifi Vladimir Medinski, yəni Putinin Ukrayna üzrə sülh danışıqlarında aparıcı müzakirəçisidir.)

Bu gün Rusiyada Stalinə qoyulmuş 120 abidədən ən azı 105-i Putinin rəhbərliyi altında ucaldılıb. Moskvanın “Taqanskaya” metro stansiyasının içərisində yerləşən ən yeni əlavə 1966-cı ildə destalinizasiya prosesinin bir hissəsi kimi götürülən mərmər barelyefinin ağ gips surətidir.

Putin rejimi Stalinin imicini xalq yaddaşında oyandırmaq üçün məktəb kitablarından və heykəllərdən istifadə etdikcə, yenidən stalinləşmənin məkrli təsirləri getdikcə daha aydın görünür. Ukrayna müharibəsi ilə bağlı fikir ayrılığının yatırılması, üstəlik, Rusiya elitası arasında ölüm dalğası düşündürücüdür. Sonuncu belə bir hadisə Rusiya nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoytun intiharıdır.



Starovoyt ötən il Ukrayna qoşunlarının Rusiya ərazisinə müdaxiləsinin qarşısını ala bilmədiyinə görə yenicə işdən çıxarılmışdı. Rəhbərlik müəyyən etmişdi ki, onun nəzarəti altında sərhəd kifayət qədər möhkəmləndirilməyib. O, özünü müdafiə edə, hətta sakitcə istefa verə bilmədi. Putinin dövründə, Stalinin dövründə olduğu kimi, əgər ali hakimiyyət sizi günahkar hesab edərsə, siz günahkarsınız və sizə verilən hər cür cəzanı sakitcə çəkəcəksiniz!

Belə bir şəraitdə intihar itaətsizlik aktına çevrilir. Elə Stalin dövrünün bəzi məmurları bu yolu seçiblər. Vaxtilə Gürcüstan Respublikası Kommunist Partiyasının rəhbəri olmuş Vissarion Lominadze partiya xəttindən kənara çıxdığına görə həbs olunmamaq üçün 1935-ci ildə özünü güllələyib. Yaxud köhnə bolşevik Mixail Tomski 1936-cı ildə öz bağçasında antisovet sui-qəsdində iştirakını inkar edən bir məktub qoyub intihar etmişdi, lakin ölümündən sonra belə mühakimə olundu (və sonunda “təmizləndi”).

Serqo Orconikidzenin intiharı fərqli bir etiraz növü idi. 1937-ci ildə, “böyük təmizləmə”nin qızğın çağında Zaqafqaziya Dəmiryolunun rəisi işləyərkən qeyri-müəyyən ittihamlarla həbs edilən qardaşı Papuliyanın amansız təqiblərindən sonra qoca bolşevik və sovet dövlət xadimi ömrünü ümidsizliklə başa vurdu.

Bu cür yüksək səviyyəli intiharlar Stalini qəzəbləndirdi, o, bunu vicdansızlıq və manipulyasiya kimi qiymətləndirdi. Söhbət hamının hörmət etdiyi Orconikidzedən gedirsə, Stalin hətta onun ölümü ilə bağlı da həqiqəti etiraf etmək istəmirdi. Xruşşovun “gizli məruzə”sində təkzib etdiyi Orconikidzenin ürək çatışmazlığından ölməsi idi.

Görünür, Putin də Starovoytun son itaətsizlik hərəkətindən qəzəblənib: o, Kremldəki köməkçilərinə protokola uyğun olaraq dəfn mərasiminə göndərdikləri çələngləri geri götürməyi əmr edib. Buna baxmayaraq, mərasimdə bir çox dövlət rəsmiləri iştirak edib.

Maraqlıdır ki, bu, korrupsiyanın, səriştəsizliyin və ya çaşqınlığın ən kiçik qoxusunun vətənə xəyanət kimi qiymətləndirilə bildiyi bir vaxtda Putinin fərmanlarını yerinə yetirmək vəzifəsi daşıyanlara qarşı qoyulan qeyri-mümkün tələblərə və özbaşına cəzalara qarşı sakit bürokratik etiraz idimi?

Stalin dövründə bir “şəhər əfsanəsi” var idi: rels dağıdıldığı üçün qatar dayanmaq məcburiyyətində qalanda Stalin ətrafındakıların güllələnməsini, onların bədənlərinin rels kimi istifadə edilməsini əmr edib. Starovoytun ölümü göstərdi ki, Putini əhatə edən məmurlar o qədər də təhlükəsiz deyillər.

Y. QACAR
Избранный
27
reyting.az

1Источники