RU

İyulun 20-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək

Bakı, 18 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 20-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini (mühasibat uçotu üzrә) keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün 1416 (KOSS - 271, MHBS - 622 , İSMUBS - 523) nəfər qeydiyyatdan keçib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.

Üç saat davam edəcək imtahanda 40 test tapşırığı təqdim olunur. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. DİM imtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmağı xahiş edir.

İmtahan verən şəxslər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- İmtahana buraxılış vərəqəsi.

Peşəkar mühasib sertifikatı imtahanı kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 6 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 6 ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 131 nəzarətçi, 22 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

Избранный
7
1
azertag.az

2Источники