RU

Publisistikadan gələn notlar və ya ədəbi-tənqidi düşüncədə publisistik kəsər

Ədəbi təcrübə insan, həyat və zaman, cəmiyyətdə gedən proseslər  haqqında o vaxt mötəbər və səlahiyyətli fikir  formalaşdırmaq qüdrətində olur ki, o, həyat həqiqətlərinə söykənsin, ondan güc alsın, real gerçəklikləri bədii sözün imkanları ilə inandırıcı və yaddaqalan lövhələrlə canlandıra bilsin, oxucu qəlbini və düşüncəsini sənətin ecazkar qüdrəti ilə fəth etmək iqtidarında olsun. Bu mənada ədəbiyyatın fəlsəfəsini açan, onun təhlil və ümumiləşdirilməsinə cəhd göstərən ədəbi tənqidin də  üzərinə daha məsul və ciddi vəzifələr düşür. Həyati gerçəkliklə bədii həqiqət arasında tənasübü üzə çıxarmaq, onu təhlilin əsas hədəfinə çevirmək, ən yaxşı tənqid nümunələrində  dəyişməz dəyər və sənət meyarı kimi müəyyənləşməsi estetik tələbat və qanunauyğunluqdan irəli gəlir.

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qulu Xəlilov  bu mərhələdə tənqidçilik fəaliyyətinə başlayan, elmi-nəzəri fikrin ən müxtəlif yaradıcılıq  problemlərini ümumiləşdirən, ədəbi prosesin ayrı-ayrı fakt və hadisələri, ümumi mənzərəsi barədə cəsarətli, prinsipial mövqedən fikir söyləyən, polemik xarakteri və erudisiyası ilə seçilən tənqidçi kimi tanınır.

Ədəbi tənqid Qulu Xəlilovun  elmi fəaliyyətinin əsas və aparıcı istiqamətlərindən biri idi. Müasir ədəbi prosesin  yaradıcılıq problemlərinə münasibət bildirməklə yanaşı, cəmiyyətdə gedən mənəvi-əxlaqi aşınmaların, ətraf mühitdə, təbiətdə ekoloji tarazlığın pozulma hallarının, sosial-iqtisadi problemlərin kəskin və barışmaz  mövqedən münasibət hədəfi seçilməsində Qulu Xəlilovun  tənqidçi təfəkkürü  fəal surətdə iştirak edirdi. Bu baxımdan onun  publisistikasında tənqid, ədəbi-tənqidi düşüncə və mülahizələrində  publisistika, publisistik çalar vəhdət halında özünü bütün güc və enerjisi ilə təzahür etdirirdi. 

Sözsüz ki, burada sırf ixtisasdan irəli gələn məqamlardan da yan keçmək olmaz. Qulu Xəlilov ixtisasca jurnalist idi. O, universitetin Filologiya fakültəsinin jurnalistika bölməsini bitirmişdi. Bu sahəyə aid cəsarətli problem yazıları, aktual mövzulara toxunan publisist düşüncələri ilə geniş oxucu kütlələrinin rəğbətini qazanan və etiraf olunan qələm sahibi kimi də tanınırdı. Bir əlamətdar cəhəti  də xüsusi olaraq qeyd etmək lazımdır ki, Qulu Xəlilovun publisist qələmindəki ictimai kəsər və mündəricənin ədəbi-tənqidi yazılarına  sızması da müşahidə olunurdu ki, belə bir xüsusiyyət  eyni zamanda özünün ikili xüsusiyyəti ilə yadda qalırdı: 

- publisistika sahəsində fəaliyyətdən irəli gələn ünsür və elementlər şəklində; 

- ədəbi tənqidin  estetik təbiətində, elmi-nəzəri strukturunda yer alan publisistik çalar və kəsər səviyyəsində. 

Onu da unutmaq olmaz ki, ən yaxşı ədəbi-tənqidi mühakimədə publisistikanın iştirakını heç cür danmaq olmaz. Bir şərtlə ki, burada proporsiya gözlənilsin. Buna  Qulu Xəlilovun ədəbi-tənqidi irsindən nümunə də gətirmək olar: "Həyat və ədəbiyyat". Həmin məqalənin janr təsnifatını müəllif özü düzgün müəyyənləşdirib: tənqidi-publisistik oçerk! Həcm etibarilə böyük olan bu oçerkin ilk cümlələrindən boy göstərən publisistikanın əlamətlərini də açıq-aydın görmək mümkündür. Əlbəttə, belə bir bütövlük və monolit vəhdət Qulu Xəlilovun mühakimələrinə canlılıq, emosionallıq kimi keyfiyyətlər aşılayır, nəticə etibarilə xalqla, geniş kütlələrlə  birbaşa təmas və  ünsiyyətə əlverişli zəmin yaradırdı.   

Publisistika və ədəbi tənqid Qulu Xəlilovun ümumi fəaliyyəti üçün  həyati əhəmiyyətli problemlərə münasibət bildirmək, onun həlli yolları haqqında düşüncələrini bölüşmək və ədəbi mübarizəyə qoşulmaq üçün bir vasitəyə çevrilmişdi.

Bu baxımdan onun tənqidçi, publisist və yazıçı obrazını şəxsiyyət və xarakterindən kənarda axtarmaq mütləq şəkildə yanlışlığa gətirib çıxaracaq.

Qulu Xəlilov həyatın dibindən çıxan, öz alın yazısına düzəlişlər edən, şəxsi taleyinə yeni səhifələr yazan, heç vaxt yenilməyən, mübariz xarakteri ilə seçilən, əqidəsi və məsləki yolunda bir ömür boyu çarpışan mücadiləçi idi.

Qulu Xəlilov güclü şəxsiyyət idi. Bu güc və qüdrəti o, mənsub olduğu xalqdan, onun dərin humanizmə və mənəviyyata söykənən dəyərlərindən əxz eləmişdi. Obrazlı şəkildə desək, xalq mənəviyyatından və müdrikliyindən gələn, əsrlərin sınağından çıxan yaşarı dəyərlər onun əxlaq kodeksinə çevrilmişdi.

Qulu Xəlilov həyatsevər, həyat və cəmiyyət məsələlərini özünün ədəbi-tənqidi, bədii-publisistik əsərlərində bütün mənzərəsi ilə canlandıran, bunu özünün yaradıcılıq amalına çevirməyi bacaran bir şəxsiyyət idi.

Qulu Xəlilov baş verən müxtəlif xarakterli proseslərin mahiyyətini öz yazılarında, kütləvi informasiya vasitələrində, radio dalğalarında, televiziya ekranlarında özünəməxsus çılğınlıqla, cəsarətlə şərh edən cəmiyyətşünas kimi geniş xalq kütlələri içərisində rəğbətlə, xüsusi ehtiramla qarşılanan vətəndaş ziyalı idi.

Qulu Xəlilov özünün dərin həyati müşahidə qabiliyyəti və onun nəticəsi kimi araya-ərsəyə gətirdiyi düşüncələrini bütün yaradıcılıq sahələrində realizə etmək qabiliyyətinə malik müqtədir qələm sahiblərindən biri kimi tanınır və sevilirdi ki, bu da hər bir qələm sahibinə müyəssər olmayan tənqidçi xoşbəxtliyi, aktual problemlərə toxunan publisistik məqalə və kitabları ilə gündəmdə qalan jurnalist peşəkarlığı, oxunaqlı, şirin təhkiyəsi ilə seçilən yazıçı özünütəsdiqi idi.

Tənqidçilik Qulu Xəlilovun elmi-nəzəri fəaliyyətinin aparıcı istiqamətlərindən biri idi. Onun ilk ədəbi-tənqidi məqaləsi hələ universitet tələbəsi olarkən dövri mətbuat səhifələrində işıq üzü görmüşdü. İlk qələm təcrübələrində Qulu Xəlilov ədəbi prosesi bütün mənzərəsi ilə olmasa da, onun yaradıcılıq axtarışları və meyilləri haqqında müəyyən qənaət hasil edən  fikir və mülahizələrin irəli sürülməsi bu illərin payına düşür. Şübhəsiz ki, Qulu Xəlilovun tənqidçilik fəaliyyətinin yetkin bir səviyyəyə gəlib çatması 50-ci illərin sonlarından və 60-cı illərin əvvəllərindən etibarən daha fəal xarakter almağa başlayır. Poeziya, nəsr, dramaturgiya, publisistika kimi sahələrə həsr olunan məqalə və rəylərində, tədqiq xarakterli araşdırmalarında o, özünəməxsus tənqidçi ədası ilə seçilən qələm və təfəkkür sahibi kimi çıxış edir, geniş oxucu auditoriyasının maraq və ehtiyaclarını  həssaslıqla duyan sadə, oxunaqlı dil və üslub onun tənqidinə fərdi, özünəməxsus keyfiyyətlər  gətirən əsas amillərdən birinə çevrilir.

Qulu Xəlilov ədəbi-tənqidi məqalələrini ədəbi tənqidin  müxtəlif janrlarında qələmə almış və belə bir müxtəliflik münasibət müstəvisinə çıxarılan yaradıcılıq problemlərinin mahiyyətindən irəli gəlirdi. Resenziya (rəy), problem məqalə, elmi oçerk, tənqidi-publisistik oçerk, açıq məktub, ədəbi portret, icmal, monoqrafiya Qulu Xəlilovun müraciət etdiyi əsas janrlardan idi. Bunlar tənqidçinin poeziyanın mövzu və sənətkarlıq məsələlərinə həsr olunan  məqalələrinə də şamil oluna bilər.

Məlumdur ki, ədəbi tənqidin bilavasitə təhlil və ümumiləşdirmə predmeti seçdiyi sahə, müasir ədəbi prosesdir. Bu, heç də o demək deyil ki, klassik irs, onun zaman-zaman formalaşan yaradıcılıq ənənələri ədəbi-tənqidi mülahizələrdə kənarda qalmalıdır. Qulu Xəlilovun poeziyaya həsr olunan yazılarında bu mənada tarixiliklə müasirlik qoşa addımlayan, bir-birinə dayaq və dəstək olan nəzəri-estetik kateqoriyalar kimi mühüm dəyər daşıyır. Bu yöndən yanaşanda Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Hüseyn Cavid... kimi sənətkarların yaradıcılığında diqqəti çəkən elə xüsusiyyətlər yoxdur ki, Qulu Xəlilovun müasir poeziya ilə bağlı məqalə və tədqiqlərində elmi dövriyyəyə gətirilməsin.

Müasirlik Qulu Xəlilovun ədəbi-tənqidi fəaliyyətində özünü qabarıq nümayiş etdirən bir keyfiyyət göstəricisi idi. Belə bir əlamətdar cəhət bir tənqidçi kimi onun elmi-nəzəri axtarışlarının  mahiyyət və məğzini müəyyənləşdirən əsas estetik kateqoriya kimi üzə çıxır, müəllifin ədəbiyyat və sənət, həyat və cəmiyyət kimi mürəkkəb məsələlərin izah və təfsirində, idrak süzgəcindən keçirilməsində önə çəkilən problemlərə aydın və konseptual  münasibəti gerçəkləşdirən bir meyara çevrilirdi. Məsələn, o, keçən əsrin 60-cı illərinin və konkret olaraq bir ilin (1960-cı ilin) poetik təcrübəsində lirikanın aparıcı  yaradıcılıq məziyyətlərini ədəbi tənqidin icmal janrında  qələmə aldığı bir məqalədə heç təsadüfi deyil ki, "Lirikamızda müasirlik" (1960-cı il şeirimiz haqqında) adlandırırdı.

Tənqidçilik və tənqidçi statusu həm zaman, həm də nəzəri-estetik kateqoriya mənasında müasirlik anlayışından kənarda təsəvvürə gətirilə bilməz. Bu baxımdan Qulu Xəlilov sözün həqiqi mənasında öz sələflərinin yolunu, yaradıcılıq ənənələrini davam etdirən bir tənqidçi idi. Onun Azərbaycan poeziyasının  XX yüzillikdə yaşayıb-yaradan sənətkarlarından xalq şairləri Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza kimi klassik nümayəndələrin, Böyük Vətən müharibəsi və ondan sonrakı mərhələnin təmsilçiləri olan Qasım Qasımzadə, Hüseyn Hüseynzadə (Hüseyn Arif), Nəbi Xəzri, Teymur Elçin, Bəxtiyar Vahabzadə, Qabil, Əliağa Kürçaylı, Əli Kərim, Fikrət Sadıq, Nəriman Həsənzadə, Xəlil Rza, Məmməd Araz, Famil Mehdi... kimi şairlərin yaradıcılığına həsr olunan məqalələrində, icmallarında ənənə və varislik prinsipial, davamlı xarakter daşıyan yaradıcılıq stixiyası kimi bir məna və mahiyyət daşıyır.   

İyirminci yüzilliyin klassiki kimi ədəbiyyat tarixində özünə şərəfli yer tutan Xalq şairi Səməd Vurğunun yaradıcılığı Qulu Xəlilovun tədqiq xarakterli araşdırmalarında, ədəbi-tənqidi məqalələrində özünün əhatəli elmi təfsir və şərhini tapırdı. Onun bir tədqiqatçı kimi şairin yaradıcılığına elmi marağı keçən əsrin 50-ci illərinin ikinci yarısından başlayır. Bu vaxtdan etibarən (1956-1959) Qulu Xəlilov  aspirant kimi "Vaqif" pyesi və tarixi dram janrı" mövzusunda namizədlik dissertasiyası üzərində çalışır, şairin yaradıcılıq irsini və bu istiqamətdə yazılan elmi-nəzəri fikir və mülahizələri diqqətlə nəzərdən keçirməyə nail olurdu. Elmi tədqiqat işinin qarşısına qoyulan tələblərdən asılı olaraq ilk baxışda  elə düşünülə bilərdi ki, burada ədəbi tənqidin fəal iştirakından  söhbət belə gedə bilməz. Ancaq bu, ilk baxışda belə təəssürat yaradır. Daha sonralar monoqrafiya kimi nəşr olunan tədqiqatla tanışlıq  tamam fərqli  bir həqiqəti ortaya çıxarır: aparılan təhlil və şərhlərdə  tənqidi analiz və yanaşmalar kifayət qədər  görüntüyə gətirilir, aparılan müqayisələrdə tarixiliklə müasirliyin bir-birini məntiqi ardıcıllıqla tamamlayaraq önə çəkilməsi aydın nəzərə çarpırdı. Səməd Vurğunun yaradıcılığı təhlil olunan məqalələrdə Qulu Xəlilov şairin lirikasını, şeirin bu növündə nail olunan sənətkarlıq məsələlərini, epik səpkili əsərlərin mövzu, ideya-məzmun xüsusiyyətlərini, ədəbiyyatın nəzəri problemləri ilə bağlı məqalə və çıxışlarını obyektiv tənqidçi mövqeyindən dəyərləndirməyə nail olur. 

"Zəngin xəzinə", "Torpağımızın ulu tərənnümçüsü" adlı məqalələrdə   Səməd Vurğundan postsovet məkanında və dünyanın müxtəlif meridianlarında Azərbaycan poeziyasını ləyaqətlə təmsil edən bir sənətkar kimi bəhs olunur, onun milli məhdudiyyət və sərhəd tanımayan şöhrəti barədə səmimi və inandırıcı faktlar əsasında  mülahizələr irəli sürülür.

Qulu Xəlilovun "Rəsul Rza" monoqrafiyası (Məsud Vəliyevlə - Məsud Əlioğlu ilə birlikdə) Rəsul Rzanın keçən əsrin 60-cı illərinin tamamilə yenilikçi və novator mahiyyəti ilə seçilən poeziyasına həsr olunan ilk nümunə kimi diqqəti cəlb edir. Müəlliflər Rəsul Rza poeziyasına məxsus yaradıcılıq məziyyətlərini, şairin sənətkar fərdiyyətinə məxsus səciyyəvi keyfiyyətləri hazır qəlib və yanaşmalar çərçivəsindən tamamilə fərqli bir tərzdə,  üsul və meyarlar əsasında üzə çıxarmağa çalışırlar ki, burada da tənqid və tənqidçi münasibəti üst qatda görünən bir səviyyədə özünü göstərir. Sonralar Qulu Xəlilov həmin monoqrafiyanın müəllifi  olduğu hissələri "Yeni söz və yeni fikir uğrunda" adı altında  ədəbi-tənqidi məqalələrdən ibarət kitablarından birinə daxil etmiş və həmin bölmələrdə şairin sənət kredosuna verilən qiymət bugünkü dəyərlər prizmasından da obyektiv təsir bağışlayır: "Rəsul Rza tapdanmış, şablon yolla gedən şairlərdən deyildir. O, hər şeydən əvvəl, klassik Azərbaycan şeirinin, eləcə də  rus və dünya poeziyasının mütərəqqi ənənələrinə sadiq bir şair kimi həmişə özü yeni ifadə formaları, bədii vasitələr axtarıb tapır, özünəməxsus orijinal xüsusiyyətlərlə çıxış edir" ("Həyat və idrak", Bakı: "Yazıçı" nəşriyyatı, 1980, s.32). Bu, altmış il bundan əvvəl irəli sürülən  mülahizələrdir. Və bu fikirlər bu gün də dəqiq müşahidənin məhsulu kimi öz  aktuallığını qoruyub saxlamaq gücündədir.

Gənc ədəbi qüvvələrin poetik axtarışları da Qulu Xəlilovun poeziyaya həsr olunan məqalə və icmallarında əhəmiyyətli yerlərdən birini tuturdu. Keçən əsrin 70-ci illərinin gənc qələm sahiblərindən olan Sabir Rüstəmxanlı, Eldar Baxış, Musa Ələkbərli, Zəlimxan Yaqub kimi eyni ədəbi nəslin nümayəndələri olan, ancaq yaradıcılıq fərdiyyətləri ilə seçilən şairlərin yeni işıq üzü görən şeir toplularını təhlil edən resenziyalarla  və ya açıq məktub kimi janrlarla mətbuat səhifələrində çıxış etməsi, cari ədəbi prosesdə  yeni görünən imzaların və ədəbi qüvvələrin yaradıcılıq axtarışları barədə yetərincə təsəvvür yaradan "Gənclik və müasir həyat" icmalları buna əyani nümunə kimi göstərilə bilər.

Poeziya ilə yanaşı, nəsrin yaradıcılıq problemləri  Qulu Xəlilovun elmi-nəzəri irsində, ədəbi-tənqidi məqalələrində əsas mövzu və problem kimi aparıcı yerlərdən birini tuturdu. Bu həm də  tənqidçinin ədəbi-tənqidi fəaliyyətinin əhatə dairəsi, toxunulan yaradıcılıq məsələlərinin geniş miqyası barədə fikir yürütməyə kifayət qədər əsas verir.

Keçən əsrin 50-ci illərinin ikinci yarısının nəsr təsərrüfatını ümumiləşdirən "Böyük sənət uğrunda" (1962) kitabındakı üç məqalədən ikisi - "Böyük sənət uğrunda"  və "Nəsr əsərlərimizə aid qeydlər" adlı icmallar fakt zənginliyi, yeni yaranan nümunələrin mövzusu, ideya-sənətkarlıq xüsusiyyətlərinin obyektiv və prinsipiallıqla təhlilə yönəldilməsi ilə diqqəti cəlb edirdi. Nəsrə belə tədqiq və təhlil marağı müəllifin sonralar nəşr olunan kitablarına toplanan məqalə və resenziyalarında daha səriştəli və professional səviyyədən araşdırılır, epik növdə yaranan bu nümunələrdə yeni meyillər, yaradıcılıq axtarışları, o cümlədən nəzərəçarpan qüsurlar barədə mülahizələr irəli sürülürdü. Bu baxımdan tənqidçinin "Sənət və sənətkar" (1966) adlı məqalələrdən ibarət kitabında altı məqalədən dördü bilavasitə nəsrin yaradıcılıq problemlərinə həsr olunması bu yaradıcılıq sahəsinin inkişaf meyillərinə, formalaşma mərhələlərinə, ayrı-ayrı tanınmış nümayəndələrinin yaradıcılıq yoluna və yeni yaranan nümunələrinə həsr olunması iki istiqamətdən diqqəti cəlb edirdi: birinci: burada Azərbaycan ədəbiyyatında son dərəcə əhəmiyyət kəsb edən bir yaradıcılıq cərəyanının və inikas üsulunun mövcudluğunu çoxsaylı faktlar əsasında müəyyənləşdirən, özünün elmi-nəzəri siqləti ilə seçilən "Azərbaycan romanında realizm" adlı  məqalədə  roman janrının həyati gerçəkliklərə, insan xarakterlərinə fəal, yeni bir baxış və rakursdan münasibət bildirməsi yetərincə əsaslandırılır. 

 Mövzu baxımından siyasi inqilablar dövrünə təsadüf edən, kəndli düşüncəsində yaranan yeni təbəddülatların təsvirə gətirilməsi baxımından diqqəti çəkən nəsr nümunəsi kimi tənqidçinin Xalq yazıçısı Süleyman Rəhimovun "Şamo" romanını seçməsi və bu xüsusda tamamilə fərqli bir baxış bucağından roman-epopeyanı dəyərləndirməsi diqqəti çəkən məqamlardan biri kimi yadda qalır. Məqalədən gətirilən kiçik bir qeydlə fikrimizi əsaslandırmağa çalışaq: "Azərbaycan kəndinin oyanması, təşəkkülü, yeni həyat uğrunda mübarizəsi, xalq həyatının rəngarəng sahələri, məişəti, adət-ənənəsi, etnoqrafiya xüsusiyyətləri, müxtəlif təbəqələrin psixologiyası heç bir romanımızda  "Şamo"dakı qədər geniş, canlı və koloritli təsvir olunmamışdır" ("Dağ vüqarlı sənətkar" məqaləsi, "Tənqidçilik çətin peşədir", Bakı: "Yazıçı" nəşriyyatı, 1986, s.92, Qeyd:  Kitabın adındakı tənqidçiliyin çətinliyi ilə bağlı fikir tamamilə doğrudur, ancaq onun peşə kimi təqdim olunması mübahisə doğurur - Q. M.).  İndi bu mövzuya və adıçəkilən romana tamamilə fərqli yanaşmanın olmasını başa düşmək olar. Tənqidçinin Azərbaycan kəndlisinə "böyük xoşbəxtlik gətirən inqilaba" münasibətdən danışmağını birmənalı şəkildə qəbul etmək çətindir. Ancaq bir tənqidçi kimi Qulu Xəlilovun yazıçıya və bədii fakta xeyirxah münasibətini burada görməmək mümkün deyil. Eyni yanaşmanı tənqidçinin açıq məktub janrlarında qələmə aldığı "Yazıçı Əli Vəliyevə açıq məktub", "Teleqram" müəllifinə açıq məktub" məqalələrində də yaxından müşahidə etmək mümkündür.

Qulu Xəlilovun "Azərbaycan romanının inkişaf tarixindən" mövzusunda tamamladığı doktorluq dissertasiyası epik janrın keçmiş olduğu  tarixi təkamül yolunu və mərhələlərini faktik materiallar əsasında araşdırması baxımından əhəmiyyət daşıyır. Şübhəsiz ki, müəllifi bu monoqrafik tədqiqata gətirib çıxaran və bu problemin elmi-nəzəri aspektdən araşdırılmasına  istiqamətləndirən məqamları bu sahəyə aid proses yazılarından kənarda təsəvvür etmək doğru olmaz. Müəllif bu tədqiqat əsərində Azərbaycan romanının əsas mənbələri və yarandığı tarixi şərait, yaradıcılıq ənənələri, mövzusu və ideya məzmunu kimi məsələləri tarixi-müqayisəli şəkildə ( bu metodun verdiyi imkanlardan yararlanmaqla) nəzərdən keçirərək ümumiləşdirir, konkret elmi qənaətlərə gəlir. Mərhələ kimi götürülməsi baxımından Azərbaycan romanının sovet dönəmində qazanmış olduğu  yaradıcılıq xüsusiyyətləri, bu mərhələdə araya-ərsəyə gələn epik nümunələrdə inqilab mövzusunun inikası kimi məsələlərə yer verilməsi də diqqətdən qaçmır. Keçən əsrin 60-cı illərində yazılan bir tədqiqatda belə halların olmasını başa düşmək çətin deyil. Bunun dövrün siyasi konyunkturasından irəli gələn bir yanaşma olduğunu da mütləq nəzərə almaq lazımdır.    

Azərbaycan romanının bədii strukturunda aparıcı komponentlərdən olan süjet, konflikt və xarakter, tipiklik  kimi nəzəri məsələlərin qoyuluşu tədqiqata nəzəri  sanbal gətirən mühüm keyfiyyətlər sırasında xüsusi olaraq qeyd olunmalıdır. Tədqiqatda dil və üslub məsələlərinə  ayrıca yer ayrılması istər inqilabaqədərki, istərsə də sovet quruluşunun mövcud olduğu dönəmlərin yaradıcılıq təcrübəsində romanın sənətkarlıq baxımından qazanmış olduğu nailiyyətlər və nəzərəçarpan nöqsanlar barədə müfəssəl qənaət hasil edilir.

Roman janrının nəzəri baxımdan araşdırılması Qulu Xəlilovun sonrakı onilliklərdə nəşr olunan ədəbi-tənqidi məqalələrindən ibarət kitablarında bu sahə ilə bağlı axtarışlara ardıcıl elmi maraq və münasibətini əyani şəkildə göstərirdi. "Həyat yaradıcılıq çeşməsidir"(1974) adlı kitabda "Roman nəzəriyyəsi haqqında", "Müsbət qəhrəman haqqında" adlı məqalələr belə bir ardıcıl elmi maraqdan soraq verir. 

Qulu Xəlilovun bu silsilədən olan məqalələrinin  elmi-nəzəri əhəmiyyəti,  xüsusi olaraq "Müsbət qəhrəman haqqında" məqaləsi ilə bağlı vaxtilə mətbuat səhifələrində münasibət bildirilən mülahizələr bu baxımdan diqqəti çəkir. Vaxtilə tənqidçi Rəhim Əliyev həmin məqalənin elmi sanbalı, ədəbi prosesi  təhlil predmetinə çevirməsi ilə bağlı irəli sürdüyü mülahizələr bu baxımdan maraq doğurur: "Müsbət qəhrəman haqqında" məqalə müəllifin tənqidçi fərdiyyətini daha yaxşı təqdim və təmsil edir. Burada bütünlükdə ədəbi proses  təhlil predmetinə çevrilir. Ədəbiyyatımızın bütöv bir mərhələsi üçün səciyyəvi olan  qüsurlu meyillər təhlil edilir, dəqiq, ümumiləşdirici estetik qiymət alır. Məqalənin əsas məziyyəti ondadır ki,  burada ədəbiyyatımızın  müəyyən dövrünə aid, bədiilik baxımından  səciyyəvi  qüsurlar aydın  məfkurəvi  və estetik  mövqedən araşdırılır. Bu mövqe  aydın olmaqdan başqa, həm də fəaldır, istiqamətvericidir. Müəllif öz estetik idealına  və meyarına  uyğun gəlməyən hər şeyi məntiqlə, cəsarətlə tənqid edir" ("Tənqidçinin mövqeyi", "Ədəbiyyat və incəsənət" qəzeti, 11 dekabr, 1976).

Yaradıcılığının böyük bir hissəsi XX yüzilliyin payına düşən  Məmməd Səid Ordubadi, Yusif  Vəzir Çəmənzəminli kimi sənətkarların nəsr yaradıcılığı Qulu Xəlilovun məqalələrində tarixilik müstəvisində nəzərdən keçirilərək təhlilə cəlb olunan, nəticə etibarilə bu istiqamətdə yekdil təsəvvür yaradılan  mülahizələr kimi dəyərləndirilə bilər. 

Qulu Xəlilovun dramaturgiya, tamaşaya qoyulan dram əsərlərinin səhnə təcəssümü ilə bağlı məqalə və resenziyaları poeziya və nəsrə həsr olunan yazılarla müqayisədə azdır. Əlbəttə, söhbət burada kəmiyyətdən getmir, məsələnin vacib tərəfi  sənət faktının  sanbal  və səviyyəsi ilə, günün tələbləri ilə səsləşməsi əsas məqsəd və niyyətdir. Bu məqalə və rəylərdə  Qulu Xəlilovun tənqidinə xas olan  belə xarakterik xüsusiyyətləri də görmək olurdu.

Müxtəlif yaradıcılıq sahələrinə fəal tənqidçi mövqeyindən yanaşma  Qulu Xəlilovun "...hərəkət edən estetika" sahəsində fəaliyyətinə vüsət gətirir və professionallıq keyfiyyətləri aşılayırdı. Müasir elmi-nəzəri dövriyyədə onun publisistik kəsəri ilə seçilən ədəbi-tənqidi mülahizələrinə yaşamaq haqqı verən məziyyətlər belə məqamlarda özünü daha parlaq şəkildə göstərir. Bu həm də Qulu Xəlilovun tənqidçi-publisist kimi yaşamaq haqqının təntənəsidir. 

Qürbət MİRZƏZADƏ,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

Избранный
42
azerbaijan-news.az

1Источники