RU

Dövlət idarəçiliyində yeni mərhələ reallıqların yaratdığı zərurətdən doğurdu

Bayraq Muzeyi vətənpərvərlik hisslərinin aşılandığı müqəddəs məkandır

Bayraq müstəqilliyin, azadlığın, milli kimliyin, xalqın birlik və bərabərliyinin, şəhid qanının rəmzidir. Kimliyimizi əks etdirən rənglərə bürünmüş vüqarla dalğalanan hilal ən dərin duyğuların ifadəsidir. O, tarixdən gələn bir çağırış, gələcəyə uzanan ümiddir. Bayrağımız dalğalandıqca içimizdə vüqar, sinəmizdə qürur, gözlərimizdə sevinc yaşı doğulur. O, dalğalanırsa, torpaq, xalq, söz müstəqildir, azaddır. Bayraq həm də xalqın özünü tanıması, özünü sevməsi deməkdir.

Müqəddəs bayrağımızın şərəfinə yaradılmış Azərbaycan Dövlət Bayrağı Muzeyi də tariximizə, milli-mənəvi dəyərlərimizə, dünənimizə və bu günümüzə olan ehtiramın təcəssümüdür. O, yalnız bir sərgi məkanı deyil, həm də gənclərimizə vətənpərvərlik duyğuları aşılayan,  xalqımızın azadlıq və suverenlik uğrunda apardığı mübarizənin simvolu olan mühüm mədəniyyət ocağıdır.

Paytaxtın Dövlət Bayraq meydanı ərazisində yerləşən, müasir memarlıq üslubunda inşa edilmiş muzey dünyanın ən hündür bayraq dirəyinin pyedestalının altında yerləşir. Binanın girişi, çıxışı eynidir. 9 noyabr 2010-cu ildə Dövlət Bayrağı Günündə fəaliyyətə başlayan, açılış mərasimində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirak etdiyi unikal layihə səkkizguşəli ulduz formasında tikilib. Dairəvi formada inşa edilən muzeyin girişi və çıxışı eynidir.

Muzeylə bağlı məlumat verən Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın sözlərinə görə, tariximizin əsrləri aşan şanlı yolunu əks etdirən bu müqəddəs məkan fəaliyyətə başladığı ilk gündən Azərbaycanın üçrəngli bayrağını dünya miqyasında tanıtmaqla yanaşı, müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqlarını nümayiş etdirərək xalqımızın tarixi yaddaşını yaşatmaq missiyasını daşıyır. Muzeyin yaradılmasında əsas məqsəd dövlətçilik tariximizin təbliğindən, xüsusən gənc nəsildə dövlət rəmzlərinə sevgi və ehtiram hissinin daha da gücləndirilməsindən ibarətdir. Burada sərgilənən hər bir eksponat qədim sərkərdələrin sancdığı bayraqlardan tutmuş müasir dövlətçiliyimizin simvoluna qədər xalqımızın tarixindəki zəfərləri və mübarizə ruhunu əks etdirir.

Direktor bildirdi ki, 2017-ci ildə Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma işləri çərçivəsində Dövlət Bayrağı Muzeyi təmirə bağlanıb: “Təmir və bərpa işləri zamanı muzey əməkdaşları eksponatların qorunmasını, saxlanılmasını və yeni nümunələrlə zənginləşdirilməsini təmin ediblər. Təmir işlərindən sonra muzey yeni konsepsiya və tərtibatla fəaliyyətə başlayıb. 2024-cü il noyabrın 8-də Prezidentin sərəncamı ilə muzeyin yeni tərtibatda açılışı olub. Cənab Prezident və Mehriban xanım muzeyi ziyarət edib, ekspozisiya ilə tanış olublar. Burada Azərbaycanın üçrəngli dövlət bayrağı ilə yanaşı, ölkədə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqları, Bayraq meydanında dalğalanan bayrağımızın dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən “Ginnesin Rekordlar Kitabı” sertifikatı, kitablar və fotoşəkillər nümayiş olunur. Muzeydə 400-dən artıq tarixi nümunə sərgilənir, onların bəziləri yenidir. Azərbaycanın şanlı zəfər tarixini əks etdirən unikal ekspozisiyalar arasında xüsusi diqqət çəkən “Zəfər qalereyası”dır. Qalereya 44 günlük Vətən müharibəsinə həsr edilib. Burada Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə ucaldılan bayraqların təsvirləri, Xankəndi şəhərində keçirilən hərbi paradın unudulmaz fotoları nümayiş etdirilir. Ekspozisiya təkcə keçmişi xatırlatmır, eyni zamanda gələcək nəsillərin qürur mənbəyi kimi mühüm əhəmiyyət daşıyır”. 

Muzey hər biri özündə Azərbaycanın zəngin tarixinin müəyyən bir dövrünü əks etdirən altı sərgi salonundan ibarətdir. Könül İmamverdiyeva məlumat verib ki, “A” sərgi salonunda Azərbaycanın qədim və Orta əsrlər dövrünün dövlətlərinə aid 12 bayraq, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr, silahlar və XIX əsr Azərbaycan şəhərlərinin gerbləri nümayiş olunur. Bu salon Azərbaycan xalqının minilliklər boyu dövlətçilik ənənələrini, yaradıcılıq gücünü və mübarizə iradəsini işıqlandırır. Muzeydə 40-a yaxın bayraq nümayiş olunur. Dövlət Bayrağı Muzeyinə ziyarəti zamanı Prezident İlham Əliyevin diqqətini İrəvan xanlığının bayrağı cəlb edib. Bayrağın burada nümayiş etdirilməsi tarixi yaddaşımızı, kökümüzə bağlılığı nümayiş etdirir. Bu bayraq İrəvanın və ətraf bölgələrin Azərbaycan türklərinə məxsusluğunu, həmin ərazilərin tarixən bizim torpaqlarımız olduğunu göstərir. Hər bir sektordakı  monitorlarda videomateriallar nümayiş olunur. Müasir toxunuşlar gənclərdə tarixə olan marağı daha da artırır, keçmişimizlə, milli kimliyimizlə olan bağı daha da gücləndirir. 

Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünü əhatə edən “B” sərgi salonu tarixin bir-birinə zidd, lakin xüsusi əhəmiyyət daşıyan iki dövrünün rəmzlərini təqdim edir. Burada Azərbaycan Xalq Cümhuriyyətinin Parlament zalında 7 dekabr 1918-ci il tarixində asılmış, tarixi əhəmiyyətə malik 107 yaşlı Dövlət bayrağı xüsusi yer tutur. O, muzeydəki iki orijinal bayraqdan biridir. Həmçinin həmin dövrə aid fotoşəkillər, pul əsginasları və poçt markaları nümayiş olunur. Azərbaycan SSR dövründə isə gerblər, bayraqlar, müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları əks etdirən nəşrlər, sovet dövrünün pul əsginasları və poçt markaları maraqla qarşılanır. Bu salon hər iki dövrün Azərbaycanın siyasi və sosial tarixindəki rolunu, inkişafını və çətinliklərini diqqətə çatdırır.

“Müasir Azərbaycan tarixində misilsiz xidmətləri olan Ulu Öndərin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan “C” sektoru müstəqillik dövrünü əhatə edir. Burada Ümummilli Lider Heydər Əliyevə həsr edilən xatirə medalları və poçt markaları, Azərbaycan Respublikası Prezidentinin ştandartının dublikatı, orden və medallar, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası nümayiş olunur. Salon Vətən müharibəsinə aid xüsusi eksponatlarla zəngindir. Burada Azərbaycanın suverenliyinin bərpası uğrunda aparılan mübarizəni əks etdirən orden və medallar, dünyanın ən yüksək zirvələrində dalğalanan Dövlət bayrağı və həmin bayrağı sancan qəhrəmanların xatirəsi əbədiləşdirilmişdir. Bundan əlavə, müstəqillik tariximizdə mühüm rol oynayan sənədlər - “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli sərəncamı, “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli sərəncamı, eləcə də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli qərarından ibarət stend yerləşdirilib. Bu sektorda alpinist İsrafil Aşurlunun dünyanın 21 zirvəsində yüksəltdiyi, hətta Everesti belə fəth etmiş bayraq da nümayiş olunur”, - deyə direktor bildirib.

Dövlət Bayrağı Muzeyinin ən diqqətçəkən guşələrindən biri də Azərbaycan Ordusunun gücünü, tarixini və zəfər ruhunu əks etdirən “D” sərgi salonudur. Burada Azərbaycan Silahlı Qüvvələrinin zəngin tarixini əks etdirən bayraqlar, medallar, emblem və şevronlar sərgilənir. Azərbaycanın hərbi qüdrətini, azadlıq mübarizəsinin tarixi əhəmiyyətini vur-ğulayan salonda nümayiş olunan hər bir eksponat Vətənimizin müdafiəsi uğrunda göstərilən fədakarlığın və qəhrəmanlığın rəmzidir. “E” və “F” sektorlarında isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mərasim geyim formaları sərgilənir. Hər bir forma Azərbaycan hərbçisinin peşəkarlığını, vətənə bağlılığını əks etdirir. Bundan əlavə, muzeydəki monitorlarda Azərbaycanın qədim və Orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilmiş videolar nümayiş olunur.

Bayraq Muzeyi təkcə Azərbaycanın dövlət rəmzlərinin nümayiş olunduğu yer deyil, həm də xalqımızın tarixinin, müstəqillik uğrunda apardığı mübarizənin və milli qürurunun simvoludur. Muzeyi ziyarət edən hər bir şəxs bu müqəddəs rəmzin arxasında dayanan zəngin tarixi və mənəvi dəyərləri daha dərindən hiss edir. Bayrağımıza olan sevgi və ehtiram bu muzeydə bir daha öz təsdiqini tapır. Bu baxımdan Bayraq Muzeyi gələcək nəsillərə milli kimlik və vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır.

Ülkər XASPOLADOVA,

İlham BABAYEV (foto),

“Azərbaycan”

Избранный
14
azerbaijan-news.az

1Источники