RU

Səssiz siyasət

Leyla xanım Əliyeva sübut edir ki,  siyasət ucadan danışmaq yox, xalqın və ölkənin xeyrinə sakitcə iş görməkdir

Müasir siyasət yalnız yüksək tribunalarda, parlament kürsülərində, küçə və meydanlarda, kütləvi informasiya vasitələrində aparılmır. O, bəzən  insanların qəlbinə toxunan, ruhunu silkələyən səssiz təsirlərdən də doğur və güc olaraq onun fonunda formalaşır. Buna yumşaq güc deyilir, yəni bir ölkənin mədəniyyət, humanitar fəaliyyət və sosial layihələr vasitəsilə nüfuz qazanması. 

Yumşaq güc bu gün Azərbaycanda konkret bir simada təcəssüm tapıb. Bu,  Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniy-yətlərarası dialoqunun baş koordinatoru, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyevadır.

O, bəzən səssiz qalır, bəzən isə mədəniyyətin, təbiətin, insanlığın dilində danışır. Leyla Əliyeva  siyasi arenadan uzaqda yumşaq və incə yollarla minlərlə insanın həyatına toxunur, çoxlarının taleyini dəyişir, Azərbaycanı dünyaya tanıdır. Nə parlament üzvüdür, nə də hökumət nümayəndəsi. Ancaq imzasını daşıyan layihələr, sözün əsl mənasında, sərhədləri aşır. Onun fəaliyyəti qəzəbli ritorikalardan uzaq, daha çox təbəssüm, mərhəmət, şəfqət, xeyirxahlıqla əhatə olunub. 

2004-cü ildə Heydər Əliyev Fondu təsis olunanda çoxlarına sadəcə bir xeyriyyə təşkilatı kimi görünürdü. Amma  zaman keçdikcə baxış dəyişdi və bu gün fond Azərbaycanın sosial və humanitar diplomatiyasının əsas dayaq nöqtəsi hesab olunur. Leyla xanım Əliyeva fondun vitse-prezidenti kimi təkcə məktəblərə, uşaq evləri və xəstəxanalara baş çəkmir, eyni zamanda dövlətimizin sosial mesajlarını əyani olaraq cəmiyyətə və dünyaya çatdırır. Onun rəhbərliyi ilə fondun həyata keçirdiyi layihələr - Qarabağ müharibəsində zərər görmüşlərə, şəhid ailələrinə, qazilərə  göstərilən yardımlardır, beynəlxalq sərgilərdə Azərbaycanın təqdimatıdır, xalqla dövlət arasında körpü yaratmaqdır, Azərbaycana, xalqımıza dünyada rəğbət qazandırmaqdır.

Leyla xanımın təşəbbüsləri ilə həyata keçirilən hər bir layihə – istər hansısa kənd məktəbinin yenidən qurulması olsun, istərsə də bir uşaq evinə gətirilən istilik – bu, dövlətin tolerantlıq, mərhəmət və inkişafyönlü mesajlarıdır. O mesajlar ki, Leyla Əliyeva onları sözlə deyil, konkret əməlləri ilə çatdırır. 

Leyla Əliyeva 2011-ci ildə təsis etdiyi IDEA-nın  təşəbbüsü ilə tamam başqa bir sahəyə – ekologiyaya da keçid etdi. İlk baxışda bu, ağac əkmək, tullantıları təkrar emala göndərmək, su hövzələrini qorumaq kimi bir ekoloji təşəbbüs təsiri bağışlayır. Amma həmin layihələr vasitəsilə həm də siyasi mesajlar verilir: Azərbaycan müasir, təmiz, məsuliyyətli bir dövlətdir.  Əslində, ağacəkmə aksiyasında iştirak edən minlərlə gənc təkcə yaşıllığa yox, həm də ictimai proseslərə inteqrasiya olur. Onlar tədricən cəmiyyətin fəal üzvlərinə çevrilirlər. Bu, Leyla xanımın yumşaq gücdən istifadə edərək  ekologiyanın dili ilə yürütdüyü siyasətdir. 

Bu mənada iki gün öncə Şıx qəsəbəsindəki Dənizkənarı parkda Azərbaycanın təbiət mühafizəsinin 100 illiyinə həsr olunan  “12 Azərbaycan möcüzəsi” adlı sərgi bir mətn deyil, duyğu dili ilə yazılmış poetik manifest idi. Sərgidə Azərbaycanın milli parkları, təbii ehtiyatları, müxtəlif bitki və heyvan növlərini əks etdirən çəkilişlər təqdim edildi. Açılışda çıxış edən Leyla Əliyeva vurğuladı ki, 1925-ci ildə Göygöl Dövlət Qoruğunun yaradılması ilə başlayan mühafizə tarixində bu sərgi, ekologiyaya diqqət çəkmək və ictimaiyyətin təbiətə görə məsuliyyətini artırmaq üçün əhəmiyyətli bir platformadır. Əslində, sərginin açılışı faktiki olaraq nəfəs alan səyahətdir. Hər foto, hər görüntü Azərbaycanın ritmini, nəfəsini və ruhi zənginliyini daşıyır. Leyla Əliyeva yalnız bir sərgini ziyarət etmir, ədəbi dilə bənzər ekoloji  çağırış edir: “Təbiəti sevirsənsə, gəl onu qoru!”  

 Leyla Əliyeva xarici siyasət və diplomatiyada yumşaq güc strategiyası ilə də diqqət çəkir. Sırf siyasi formatdan kənara çıxaraq, sosial, mədəni və ekoloji təşəbbüslərlə ictimai və regional əlaqələrdə mühüm təsir forması yaradır. Məsələn, IDEA-nın təşəbbüsü ilə Azərbaycanı beynəlxalq səviyyədə müasir və məsuliyyətli bir dövlət imici ilə təqdim edir. Digər regional və beynəlxalq görüşlərdə, mədəni tədbirlərdə Leyla Əliyeva dövlətin yumşaq güc strategiyalarını həyata keçirir, sosial mesajları hiss olunan formatda dünyaya ötürür. Fərdi səviyyədə regional dialoqa göstərdiyi diqqət də məhz bu strategiyanın bir parçasıdır. O, regional liderlərin övladları ilə qurduğu münasibətlərdə də həmin yanaşmanı qoruyur. Təbii ki, bunlar siyasi deyil, mədəniy-yətlərarası dialoqu humanist  dil ilə ifadə edən mədəni addımlardır.

Belə bir humanist və diplomat yanaşmanın canlı göstəricisi kimi Türkmənistan Xalq Məclisinin Sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə bu günlər baş tutmuş görüş iki millətin gəncləri arasında  ürəkləri  birləşdirən mədəni bir gediş kimi dəyərləndirilə bilər. Dövlətlərarası münasibətlərdəki rəsmi protokoldan kənarda qurulmuş bu görüş – Oquldjaxan Atabayeva ilə salınan yeni körpü Leyla xanımın növbəti yumşaq güc siyasəti idi. Heydər Əliyev Mərkəzində, Milli Xalça Muzeyində və Bakı Kitab Mərkəzində Oquldjaxan xanımla keçirilən zaman da məhz yumşaq güc diplomatiyasının əyani təzahürü idi. İki xanım arasında paylaşılan düşüncələr kitabların dilində, xalçaların naxışlarında və ilmələrində ifadə olundu.

Sadalananlar Leyla Əliyevanın təcrübəli siyasətçilərin belə bəzən bacarmadığı fəaliyyət növüdür. Çünki o, heç vaxt klassik siyasi ritorika ilə çıxış etmir. Sözləri adətən qısa, amma konkret olur. Leyla xanım fəaliyyəti ilə göstərir ki, siyasət təkcə ucadan danışmaq deyil, həm də xalqın və ölkənin mənafeyi üçün sakitcə iş görməkdir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Избранный
25
azerbaijan-news.az

1Источники