"Son illər türk dövlətləri və topluluqları arasında inteqrasiya dərinləşib. 90-cı illərin əvvəllərində bir sıra ölkələr arasında olan soyuq münasibətlər aradan qalxıb. Xatırlayırsınızsa, Özbəkistanla Türkiyə, Türkmənistanla Azərbaycan arasında münasibətlər soyuq idi. Lakin zaman-zaman soyuq münasibətlər istiləşməyə başladı. Bunun əsas səbəbi Rusiyanın keçmiş Sovet respublikalarına qarşı tutduğu mürtəce mövqe idi. Aparılan imperiya siyasəti keçmiş Sovet respublikaları, özəlliklə də türk cümhuriyyətləri arasında münasibətləri sıxlaşdırdı. Azərbaycan Türkmənistanla Xəzər dənizinin bölünməsi məsələsində razılığa gəldi, rəsmi Aşqabadla Ankara arasında münasibətlər istiləşdi"-deyə, o, bildirib. Elman Cəfərli deyib ki, türk dövlətləri arasında birlik zaman keçdikcə daha da möhkənlənir:
"2009-cu ildə Naxçıvan Muxtar Respublikasında türkdilli dövlətlərin başçıları bir araya gəlib Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını yaratdılar. Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının (TDT) daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur. Türkiyə, Azərbaycan Türkmənistanın Türk Dövlətləri Təşkilatına və Türk Dövlətləri Parlament Assambleyasına tamhüquqlu üzv kimi daxil olmasını arzulayır. Lakin görünür bunun üçün hələ zaman ehtiyac var. Qeyd edim ki, Türkmənistan Türk Dövlətləri Təşkilatına müşahidəçi statusuna təşkilatın 2021-ci ilin noyabrında İstanbulda keçirilən VIII Zirvə görüşündə qəbul edilib".
Siyasi şərhçinin fikrincə, Türk Dövlətləri Təşkilatı yaranandan bu günə qədər böyük bir inkişaf yolu keçib və ümid var ki, müşahidəçi dövlətlər də daimi üzv olacalqar: " Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan əvvəldən təşkilata üzvdürlər. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Macarıstan dövləti müşahidəçi kimi birliyə qoşulub və təşkilatın Budapeştdə ofisi fəaliyyət göstərir. Macarıstanın bu qurumda olması türk birliyinin siyasi çəkisini artırır. Türkmənistan da türk birliyi üçün önəmli dövlətdir. Azərbaycan 160 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyanı əhatə edən nüfuzlu təşkilatın güclənməsinə çalışır. Prezident İlham Əliyev türk dünyasına böyük önəm verir. Dövlət başçısı türk dövlətləri ilə əməkdaşlığı Azərbaycanın xarici siyasətinin əsas cizgisi elan edib. Ümid edirik ki, Azərbaycan diplomatiyası bu müstəvidə də uğurlu olacaq və çox yaxın perspektivdə Türkmənistan da Türk Dövlətləri Təşkilatının daimi üzvü olacaq".
İBRAHİM MƏMMƏDLİ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31