İstanbulun Küçükçekmece rayonunda yerləşən avtosalona silahlı hücum edilib. Hadisə nəticəsində işçilərdən biri ayağından yaralanıb, salon və avtomobillərə çoxsaylı güllə dəyib. Hücum edən şəxslərin tutulması üçün polis araşdırmalara başlayıb.
News365.az xəbər verir ki, hadisə, Küçükçekmece rayonunda yerləşən avtosalonda baş verib. Piyada olaraq salona yaxınlaşan iki nəfər, üzərlərindəki silahlarla iş yerinə ardıcıl atəş açıblar. Atəş zamanı içəridə olan əməkdaşlardan biri güllə ilə ayağından yaralanıb.
Hadisədən dərhal sonra silahlılar ərazidən uzaqlaşıblar. Ətrafdakı sakinlərin məlumat verməsi ilə hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya aparılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilib.
Polis əməkdaşları hadisə yerini mühafizəyə alaraq, ətraflı araşdırma aparıblar. Məlum olub ki, həm avtosalona, həm də orada olan avtomobillərə çox sayda güllə dəyib.
Hazırda polis hadisə ilə bağlı təhlükəsizlik kameralarının görüntülərini incələyir və şübhəlilərin kimliyini müəyyənləşdirərək onların saxlanılması üçün genişmiqyaslı əməliyyat həyata keçirir.