Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində növbəti canlıdan-canlıya böyrək transplantasiyası əməliyyatı həyata keçirilib.
4 ildir xroniki böyrək çatışmazlığından əziyyət çəkən və mütəmadi hemodializ müalicəsi alan 20 yaşlı qadın pasiyentə 31 yaşlı bacısından böyrək köçürülüb.
Əməliyyat tibb müəssisəsinin direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun rəhbərliyi, ümumi cərrahlar Lalə İsmayılova, Günay Allahverdiyeva və anestezioloq Mayıl Sədiyevin iştirakı ilə icra olunub.
Laparoskopik (qapalı) üsulla baş tutan donorun əməliyyatından və böyrək transplantasiyasından sonra hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Hazırda evə buraxılan resipiyent və donorun ambulator müalicələri həkim nefroloqlar Cəbrayıl Cəbrayılov, Nərmin Ömərli eləcə də transplantasiya üzrə koordinator İntizar Məmmədovanın təqibi ilə davam etdirilir.
Qeyd edək ki, funksiyasını itirmiş böyrəyin sağlam donor orqanı ilə əvəz edilməsi ölkəmizdə artıq icbari tibbi sığorta çərçivəsində tam şəkildə qarşılanır. Bu da vətəndaşlar üçün həyati əhəmiyyətli olan transplantasiya əməliyyatlarının əlçatanlığını artırır.