Bakı, 17 iyul, AZƏRTAC
Medianın da vurğuladığı kimi, Orta Dəhliz “dostluq kəməri”nə çevrilir. Marşrut boyu ölkələr arasında möhkəmlənən dostluq əlaqələri qarşılıqlı anlaşmaya əsaslanır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) inkişaf etdikcə, bu dostluq daha da güclənəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “China News Service” nəşrinə müsahibəsində TITR Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov ifadə edib.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu ənənəvi marşrutlarla müqayisədə üstünlükləri və xüsusiyyətlərindən danışan Q.Abdikerimov qeyd edib ki, Orta Dəhliz kimi də tanınan bu dəhliz Çindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçərək Türkiyə ərazisindən quru yolu ilə, yaxud Qara dəniz vasitəsilə yükləri Avropaya çatdırır. O, Avrasiyanın mərkəzi hissəsindən keçir və ona görə də “Orta Dəhliz” adlanır. O əlavə edib: “Avrasiyanın şərqini və qərbini birləşdirən, dəmir yolu, avtomobil və dəniz nəqliyyatını ehtiva edən bu multimodal marşrut Süveyş kanalı və ya Ümid burnu ətrafındakı ənənəvi marşrutlarla müqayisədə xeyli qısadır. Geosiyasət və logistika zəncirlərində baş verən dəyişikliklər fonunda Orta Dəhlizin əhəmiyyəti durmadan artır. Əldə etdiyimiz məlumata görə, bu ilin yanvar-sentyabr aylarında Çindən bu marşrut üzrə Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrinə 229 konteyner qatarı göndərilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 dəfə çoxdur”.
Baş katib diqqətə çatdırıb ki, onun rəhbərlik etdiyi Beynəlxalq Assosiasiya 2016-cı ilin dekabrında Qazaxıstanda marşrutun bütün iştirakçılarını əlaqələndirmək və lazımi informasiya dəstəyini təmin etmək üçün yaradılıb. O vurğulayıb: “Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu şirkətlərinin, eləcə də Aktau (Qazaxıstan) və Bakı (Azərbaycan) limanlarının administrasiyalarının səyləri nəticəsində 2022–2023-cü illərdə yüklərin çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmaq mümkün olub. Məsələn, Siandan Burqas (Bolqarıstan) və Konstansa (Rumıniya) limanlarına çatdırılma təxminən 20 gün, Budapeşt (Macarıstan) və Duysburqa (Almaniya) isə 25-27 gün çəkir ki, bu da Süveyş kanalından 15-20 gün tez müddətdir”.
Dəhlizin tikintisinin region ölkələrində investisiya mühitinə və biznesin inkişafına təsiri, habelə onların qlobal iqtisadiyyata inteqrasiyasına töhfə verməsi ilə bağlı sualı cavablandıran Q.Abdikerimov bildirib ki, Orta Dəhliz infrastrukturunun inkişafına sərmayənin artması ilə onun tutumu 2027-ci ilə qədər əhəmiyyətli dərəcədə yüksələcək. O əlavə edib: “Hazırda dəhlizlə daşınan yüklərin təqribən 80 faizi marşrut üzrə ölkələrə - Qazaxıstan, Azərbaycan və Gürcüstana göndərilir. Aydındır ki, bu, investisiya mühitini yaxşılaşdırır və Qazaxıstan və Azərbaycan kimi dünya dənizlərinə çıxışı olmayan ölkələr üçün xüsusilə vacibdir. Bu, onların ixrac imkanlarını genişləndirir və biznesin inkişafına təkan verir”.
O qeyd edib ki, dəhlizin inkişafı qlobal ticarət zəncirlərinə inteqrasiyaya töhfə verir. İxrac edilən və idxal olunan malların çeşidi genişlənir, tədarük həcmi artır və yeni bazarlar açılır. “Buna misal olaraq, 2017-ci ildə istifadəyə verilən və Azərbaycan, Gürcüstan və Türkiyənin xarici ticarət dövriyyəsini xeyli artıran Bakı-Tbilisi-Qars dəmir yolu xəttini göstərmək olar. Bu xəttin Türkiyə dəmir yolu şəbəkəsinə qoşulması Qazaxıstandan taxıl və metal ixracatçılarının Türkiyə və Şimali Afrika bazarlarına çıxmasına şərait yaradıb.
Bundan əlavə, Azərbaycan və Gürcüstan idxalçıları Çin avtomobillərini, avtomobil hissələrini, tikinti materiallarını, elektronika və digər malları aktiv şəkildə satın almağa başlayıblar ki, bu da yerli bazarlarda məhsulların çeşidini genişləndirib”, -deyə o bildirib.
Q.Abdikerimov vurğulayıb ki, Çinin “Kəmər və Yol” təşəbbüsü ilə Orta Dəhliz arasında sıx əlaqə qlobal ticarətin inkişafına güclü təkan verir və dənizə çıxışı olmayan ölkələrin beynəlxalq bazarlara çıxmasına kömək edir. “Bu ilin fevralında Qazaxıstana məxsus Sian şəhərindəki terminal rəsmi olaraq fəaliyyətə başlayıb. Gələcəkdə Aktau limanı konteyner qovşağına çevriləcək. Çin şirkətlərinin iştirakı ilə regionda Aktau (Qazaxıstan) və Ələt (Azərbaycan) limanlarının səmərəliliyini artıracaq qabaqcıl texnologiyalar və avadanlıqlar tətbiq olunacaq. Davam edən və planlaşdırılan layihələr dəhlizin nəqliyyat imkanlarını daha da gücləndirəcək”, -deyə baş katib qeyd edib.
Orta Dəhlizin inkişafının ölkələr arasında mədəni mübadilələrə təsirindən bəhs edən baş katib bildirib ki, Avrasiyanın şərqi ilə qərbini birləşdirən ticarət yoluna çevrilən bu marşrut Qazaxıstan, Azərbaycan, Gürcüstan və Çin kimi ölkələri əhatə edir. Bu ölkələr artıq viza rejimini ləğv ediblər ki, bu da qarşılıqlı səfərlərin artmasına və xalqlar arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir. “Müşahidə etdim ki, son illərdə marşrut boyu ölkələrdən işgüzar və akademik nümayəndə heyətlərinin səfərlərinin sayı xeyli artıb. Bu, əməkdaşlığın dərinləşməsinə, elmi və mədəni mübadilənin inkişafına şərait yaradıb. Şübhəsiz ki, Orta Dəhlizin inkişafı bundan sonra da region xalqlarının iqtisadi rifahına sanballı töhfə verəcək”, -deyə Q.Abdikerimov sözlərini yekunlaşdırıb.